Nazlı Ağayeva
Nazlı Ağayeva

Hərə bir az tolerant olsa....

Mən əyalət adamıyam. Doğulduğum yerin, ünsiyyətdə olduğum adamların ən sadə özəlliklərini daşıyıram. Böyük şəhərlərdən, tünlük ortamlardan başım çıxmaz. Bunların iddiasında olmamışam da. Yalnız ötən payızda sadəcə dəyişiklik olsun deyə özümə bir az diqqət ayırıb müvəqqəti paytaxta yerləşmək istədim. Və həmin uğursuz cəhddən sonra qarşıma daim sanballı maneələrlə çıxan həyata xırdaca sürpriz etmək iqtidarında olmadığımı anladım. Üç ayını tamam edə bilmədiyim paytaxt gündəliyim necə qapandısa, ondan bəri ciddi səbəblə də Bakıya gedə bilmirəm. Getsəm, sanki məchul bir əl tutub məni hansısa ucqar küçənin qərib bir dalanında əsir edəcək. Bir zamanlar doğma və isti olan soyuq, yad şəhərin qaranlıq, nəm divarlı kirayə daxmasında səssizlikdən canım çıxacaq. Bunlardan daha betəri, mən gəncliyimin bir parçasını qoyub gəldiyim mülayim şəhərin bu qədər qəddarlaşıb buza döndüyünə və sevdiklərimin də buna alışdıqlarına alışa bilmədim. Günlərin beləcə bir günü Bakı adlı küləklər və kələklər şəhərindən zədələnmiş incik parçalarımı yığıb kəndimə qayıtdım.

Qayıdandan indiyə qədər həmin “sadəcə dəyişikliyin” mürəkkəb fəsadlarını yaşasam da, əvəzində lovğalıq olmasın, ibrətli bir kəşfə imza atdığımı düşünürəm:
Azərbaycan tolerant ölkədir...

Nədən bu qənaətə gəldim? Əvvəla, əyalətdən qaçıb paytaxtda “yaşadığım” iki aydan artıq müddətdə kəndlə şəhərin arasında heç bir fərq qalmadığına şahid oldum. Yeri gəlmişkən, yaxın tarixin bizim nəsli xatırlayar yəqin. Mərhum sovet dövrünün əsas şüarlarından biri də kəndi şəhərləşdirmək idi. Bütün başqa niyyətlər kimi bu da yarımçıq qaldı deyə bilərdik. Amma heç demə sovetin köynəyindən çıxan indiki müstəqil rəhbərlər həmin niyyəti inkişaf etdirərək uğurla gerçəkləşdiriblərmiş. Məsələn, əvvəllər yağmurlu havalarda yalnız kənddə işıq, qaz olan yerlərdə qaz sönərdi, əyalət yerlərində yollar keçilməz hala düşərdi. İndi, maşallah, şəhərdə havaya bulud gələr-gəlməz qaranlıq və soyuq xalqa elə toy tutur ki, havalar düzələnə qədər imkanı olanlar birtəhər yol tapıb kəndə qaçırlar. Çünki kənddə isinmək, isti yemək-içmək və yerimək üçün ibtidai alternativ üsullar hələ mövcuddur. Bu yerdə bizim yuxarıların əzmlə çalışdığı sosial-iqtisadi-tərbiyəvi-mənəvi islahatların nəticəsinə sevinməmək olmur. Ən azından artıq nərmənazik şəhər əhli türkəsaya kənd əhlinə “nə gündəsiz?”, “bunların yaşayışına bax!” və sairə sualli-nidalı cümlələrlə xitab edə bilməyəcək. Artıq şəhər və kənd mədəniyyətləri qaynayıb-qarışaraq eyni yollarla hərəkət edirlər. Problemə məhz bu cür qlobal yanaşma tolerantlığa layiqli töhfə deyilmi?

Bu, hələ harasıdır? Ölkəmizdə çoxluq və azlıq təşkil edən bütün millətlərin, etniklərin, bütövlükdə azərbaycanlıların hüquqları eyni dərəcədə pozulur, əməkləri eyni dərəcədə istismar olunur. Kimliyindən asılı olmayaraq bütün azərbaycanlılar eyni yalanlarla ələ salınır, eyni ehtiyaclarla üzləşir, ölkədə hər kəs eyni cür işsiz və kasıbdır. Bir sözlə, heç bir ayrı-seçkilik qoyulmadan hamımızı eyni şəkildə əzirlər. Əzilənlər isə ehtiyac olmadığına görə bir-birinə deyil, eyni mülayimliklə əzənlərə dözümlülük nümayiş etdirirlər.

Özü də o halda ki, vətəndaşı xırda bir məsələdən ötrü aylarla süründürən heç bir məmur ondan milli, dini, etnik mənsubiyyəti haqqında soruşmaz. Sadəcə işin qiymətini deyər, vəssalam. Heç eşitdinizmi, Tarif Şurası qiymət qaldırarkən elan etsin ki, çoxluqlar üçün bu qiymət, azlıqlara başqa qiymət keçərlidir? Anlayacağımız, hökumətin bütün rəsmi və qeyri-rəsmi səlahiyyət sahibləri tolerant dəyərlərə eyni qayğı və həssaslıqla yanaşırlar. Bizə də məhz tolerant prinsiplər əsasında bu qayğı və həssaslığın dadını çıxartmaq düşər...

P.S. Böyük ehtimalla bu əhvalatda xeylax multikulturizm də var... Amma bu söz hələ dilimə yatmadığından adını çəkə bilmədim. İnşallah, yaxın vaxtlarda ayrıca ondan da ağızdolusu danışa biləcəyik...