Texnoloji tərbiyəsizlik

Günel Mövlud - Banner

3 il əvvəl bir illik müddətə telefondan imtina etdim. Düz bir il telefon işlətmədim. Nəzərə alanda ki, jurnalistəm, müsahibələr edir, bloqlar yazıram, sıx, aktiv ünsiyyət mənə birinci növbətə iş üçün lazımdır, kifayət qədər riskli qərar idi. Amma hər şey çox normal keçdi. İstifadə etdiyim bircə sosial şəbəkə və elektron ünvanın köməyi ilə ayda 4-5 müsahibə edir, elə o qədər bloq yazır, üstəlik, redaktorluq işimlə əlaqədar 10-15 nəfərlə daimi əlaqə saxlayırdım.

Boş vaxtlarımda filmlərə baxır, elektron, ya da çap versiyada kitablar oxuyur, dostlarla açıq havada gəzir, çay içir, saatlar çəkən söhbətlər edə bilirdim. Bilirdim deyəndə ki, indi də bunları edirəm, sadəcə indi telefonum da var. Telefona yenidən qayıtmağımın səbəbi işgüzar zərurət deyildi. Sadəcə oğlum dünyaya gəldi və evdə olmadığım vaxtlarda hər an dayə ilə əlaqə saxlaya bilim deyə, telefon artıq şərt oldu. Yalnız buna görə.

İş qrafikim olduqca gərgindir, ay ərzində bloq, müsahibə, müxtəlif sosial mövzuda bütün Cənubi Qafqazı əhatə edən geniş həcmli yazılar daxil, orta hesabla 17-18 yazı üzərində işləyirəm. Ev işlərimi özüm görürəm, ailəmin qayğısına qalıram, oğlumla legodan pinqvinlər yığıram, vaxt tapanda da mədəni istirahət edirəm. Bu qrafiki təsvir etməkdə məqsədim var. Dediyim odur ki, nə qədər məşğul adam olsam da, süfrə başında, dostlarla söhbətdə, gəzintidə, konsertdə, teatrda telefonu ancaq ən zəruri vaxtlarda açıram.

Bəzən elə olur ki, heç ehtiyac da olmur telefonu çantadan çıxarmağa.

Yəni yüz adam yüz söz desin, heç kim məni inandıra bilməz ki, insanlar ailə arasında, evdə, restoranda, piknikdə, gəzintidə telefonlarını hər dəqiqə yoxlamasalar, işləri batar, hansısa dünyaca vacib bir hadisəni ötürərlər, dünya dağılar birdən xəbərləri olmaz, ya da belə-belə fatal şeyər baş verə bilər. Buna görə də, rəsmi olsun, ya səmimi, isti olsun, ya soyuq, intim olsun, ya qeyri-intim, insanların görüş əsnasında, süfrə başında telefonda qurdalanmağı əsəblərimi dəhşətli dərəcədə korlayır.

Yəni hər şey bir yana, adam balaca və kasıb da olsa, bir ölkənin prezidenti ola, baş naziri ola, cəhənnəm, eləcə naziri ola, bir az anlayarsan, öz-özünə deyərsən ki, əşi, nazir adamdı, bəlkə hardasa nəsə baş verib, həll etməsə, sabah prezident bunun üzünə itin sözün deyər, qoy işində olsun. Amma baxırsan ki, avaranın biridir, iluzunu heç kimə, heç nəyə bir qram xeyri yoxdur, ümumiyyətlə, işi yoxdur, bu adam heç nə ilə məşğul deyil, amma bir əl, bir göz telefondadır. Bir əlində çəngəldir, bir əlində telefon. Bir əlində çay stəkanıdır, bir əlində telefon. Bir əlində çörək dilimidir, bir əlində telefon. Hələ arada çaşıb, çörək yerinə telefonu dişləyən də olur.
Mən anaya bilmirəm, süfrədə, yolda, görüşdə telefon qurdalayan adamlar bununla nə edirlər? Nə etmək istəyirlər? Bilmirəm, bəlkə mesaj verirlər ki, mən çox işgüzar adamam. Bəlkə mesaj verirlər ki, məni itirib-axtaran adamlar dəhşətli dərəcədə çoxdur, vacib adamam, bir əlim telefonda olmasa dünya dağılar, sarsılar məhvərindən? Bilmirəm, bəlkə darıxırlar, bəlkə danışmağa mövzu tapmırlar, bəlkə yorulublar, insanlardansa texnika onlara daha maraqlıdır. Bəlkə gerçək dünyadansa, virtualı üstün tuturlar. Bilmirəm.

Səbəb nə olur olsun, buna tolerant ola bilmirəm. Oldu, işin çoxdur, başqa vaxt danışarıq. Bəlkə söhbətimiz sənə maraqlı deyil, onda niyə gəlmisən? Bəlkə danışacaq sözümüz qurtarıb, onda niyə bir masa ətrafında oturmuşuq? Bəlkə indi dünya dağılır, tamam, dağılsın, sən ki allah deyilsən. Odur ki, son bir ildə həmsöhbət olduğum adamın bir əli, bir gözünü telefonda görsəm, mədəni şəkildə izah edirəm ki, bizim daha danışmaq və birlikdə oturmaq üçün səbəbimiz yoxdur.

Bəlkə də kənardan yekəxana, təkəbbür kimi görünə bilər. Olsun. Amma mən bu texnoloji tərbiyəsizliyə dözə bilmirəm. Telefonu, virtual dünyanı canlı söhbətdən, canlı enerjidən, gerçəkdən, istidən üstün tutan insanlara vaxt ayırmaq istəmirəm. İstəyirəm ki, əgər təbiətə çıxmışamsa, ağaclara baxım, yarpaqlara baxım, otlara baxım, meyvəni ağacdan, gülü koldan dərməyin gözəlliyini yaşayım, unutmağa başladığıməz tüstü, his, ot, su, torpaq, yovşan, gül qoxusuna dalım, bir parçası olduğumuz təbiətlə adam balası kimi təmasa girim. Bu zövqü telefonla burnumdan gətirənlərə qarşı səbirli davrana bilmirəm.

Nə bilim, bəlkə bizim nəsil texnologiyadan geri qalır, bəlkə artıq agaclar, otlar, güllər, quşlar ancaq şəklini çəkmək üçündü, "İnstagram" üçündü, "Facebook" üçündü, bəlkə tüstü qoxusu ancaq bu qoxuya rast gəldiyinizi status yazmaq üçündü, bəlkə yemək də artıq yemək üçün deyil, "İnstagram"da şəklini göstəmək üçündü, bəlkə sevgili də artıq sevişmək üçün deyil, "relationship"-ə girmək üçündür?!