''Mən ayaqqabı həkimiyəm''

O, 45 ildir ayaqqabı ustasıdır

"Hər şeyin öz ustası var. Mən özüm şagird olmuşam, oxumuşam və sonra yenə şagird olmuşam və mən bu sənətin yenə də şagirdiyəm".

Bunu Arif Ağatalıbov deyir. O, 45 ildir ayaqqabı ustasıdır. Amma hələ də məşğul olduğu sənətdə özünü usta hesab etmir. Düşünür ki, bu sənəti hələ öyrənib bitirməyib və hər gün nəsə öyrənir.

Peşə məktəbində dərzilik sənətinə yiyələnən Arif Ağatalıbov 67-ci ildən bu günə kimi öz işini atmayıb. Özünü də həkim adlandırır. Ayaqqabı həkimi. Ömrünü bu işə sərf edən peşəkar çəkməçi üçün müştərisinin fəhlə, deputat ya da qaçqın olmasının fərqi yoxdur. Hər kəsə eyni yanaşdığını deyir. Ən çox da əziyyətli işləri xoşlayır: "Ölürəm, yanmış, ələ gəlməyən ayaqqabıları düzəltmək üçün".

Müştərilərin də düzələcəyinə inanmadığı ayaqqabıları təmir edib düzəldir və bundan zövq aldığını deyir.

Arif Ağalarov bu gün satılan ucuz və keyfiyyətsiz ayaqqabıların çox olduğunu və insanların aldandığını deyir:

"Camaat bilmir, qaçır 6 manatlıq, 15 manatlıq ayaqqabıları alır. Yazıqların xəbəri yoxdur ki, onun içi kardon, yanları süni materialdır. Heyif..."

Kanalımıza abunə ol, daha çox video izlə - https://goo.gl/TcM9Fm