Cavid Nəbiyəv Azərbaycan bayrağı ilə LGBTQİ mitinqində, foto: sosial şəbəkə
Cavid Nəbiyəv Azərbaycan bayrağı ilə LGBTQİ mitinqində, foto: sosial şəbəkə

Cavid Nəbiyev: Məni seksual istismar edirdilər

"İcazə verilməməlidir ki, Azərbaycanda insan hüquqları, demokratiya ilə əlaqədar müzakirələr və dəyirmi masalarda LGBTQI hüquqları unudulsun"

Azərbaycandan mühacirət edənlər arasında siyasi baxışları və ya iqtisadi problemlərini əsas gətirənlər çoxluq təşkil etsə də, cinsi orientasiyası səbəbindən ölkəni tərk edənlər də var. Onları getdikləri ölkələrdə nələr gözləyir? Xüsusilə Avropa ölkələrinə mühacirət edən seksual azlıqlar üçün cənnət qurulubmu? Doğrudanmı, Avropada homofobiya yoxdur və seksual azlıqlar heç bir problem yaşamırlar? MeydanTV-nin bu və başqa suallarını bir ildir Almaniyada mühacir həyatı yaşayan, Azərbaycanı cinsi orientasiyası və bu səbəbdən apardığı ictimai mübarizədən sonra üzləşdiyi təqiblərə görə tərk edən Cavid Nəbiyev cavablandırır.

Cavid, əvvəlcə özünüz, işiniz, Azərbaycandakı həyatınız, çevrəniz barədə bir qədər məlumat verin...

Son yaşanılan hadisələrdən sonra, eləcə də həbsə düşən mübariz insanları gördükdə özümü təqdim edərkən ağlıma gələn söz sadəcə, qorxaqdır. Ona görə ki, mübarizə apardığım siyasi-sosial bütlərdən son anda qorxdum və ən asan yolu, qaçmağı seçdim. Mən öz kiçik ətrafında daima özünün və digərlərinin hüquqları uğrunda savaşan bir xanımın oğlu, dövlət qurumlarına yazılan saysız-hesabsız ərizələrin içində böyümüş biriyəm. Anam latın əlifbasını bilmədiyi üçün özünə və ya qonşularımıza kirilcə yazdığı bütün məktubları mənə diktə edərdi və mən də latınca yazardım. Sosial ədalət üçün savaş əzmi bəlkə o vaxtdan məndə vərdiş kimi qalıb. Sumqayıtda böyümüşəm. 18 yaşında universitetə daxil olmuşam. Müxalifətdə olan partiyaya üz olmağım, çalışdığım qurumların dövlətin himayəsi altında olmaması yerli hüquq-mühafizə orqanlarının diqqətindən yayınmamışdı. Ancaq ictimai – siyasi fəaliyyətimdə qarşıma çıxan ən böyük problem cinsi orientasiyamla bağlı olub. Hisslərimi gizli yaşadığım üçün bunun ictimailəşməsindən çox qorxmuşam, döyülmüşəm, yaşadığım evə gəlib "telefonunu ver, pul ver, yoxsa indi həyətdə hər kəs sənin gey olduğunu biləcək" - deyən insanlar olub. Məni şantaj edir, bu yolla seksual istismara da məruz qoyurdular. Bu anları xatırlamaq çox iyrəncdir. Bütün bunlara "Dur" deməyim məni Azərbaycanda LGBT hüquqları uğrunda mübarizə aparmağa gətirib çıxarıb. Bilirdim ki, mənim kimi çoxlu sayda qurban var, hansı ki, onların səsinin eşidilməsinə ehtiyac var.

Almaniyadasınız. Bildiyim qədərilə, bunun səbəbi də cinsi orientasiyanızdır. Azərbaycanda yaşamaq bir seksual azlıq nümayəndəsi üçün mümkünsüzdürmü?

Azərbaycanda seksual azlıq kimi yaşamağın necə hiss olduğunu sözlə ifadə etmək çox çətin olar. Digər tərəfdən də, LGBT fərdləri arasında buna baxış müxtəlifdir. Kimisi düşünür ki, seksual kimliyi aşkar etmək lazımsız hərəkətdir. Bunu gizləyərək də Azərbaycanda yaşamaq mümkündür. Açıq yaşamaq isə çox çətindir. Sosial tabular buna imkan vermir. Özünü sığortalamaq üçün istəyərəkdən, yaxud da məcburi şəkildə çoxlu sayda lezbiyan, gay fərdlər meyli olmadığı cinslə evlənir. Valideyinlərdən asılı olmaq, onların xəbər tutması, evdən atılmaq qorxusu intihar kimi bir şeydir. Buna görə də, bəzən düşdüyü mühitdə özü homoseksual olduğu halda homoseksuallara qarşı nifrət püskürənlər də var aramızda. Homoseksual olduğu bilindikdən sonra ailəsi tərəfində çoxlu fiziki, psixoloji, iqtisadi zorakılığa məruz qalan, "sağaltmaq" adı altında həkimlərə, psixoloqlara aparılanlar da çoxdur. Evdən atılan və öz həyatını, gündəlik ehtiyaclarını ödəmək üçün seks işçisi olan da, dözməyib intihar edən də var. Sərbəstlik baxımından müqayisə etsək, Bakı bir az yaxşıdır. Bölgələrdə isə həyat LGBT fərdlər üçün tamamilə həbsxanadır. Bir sözlə, Azərbaycanda homoseksual olmaq, çox "çılğın" həyata istəmədən sahib olmaq deməkdir.

2015 – ci ilin yanvarından Almaniyadayam. Buna səbəb həm cinsi orientasiyam, həm də bununla bağlı sosial – siyasi fəaliyyətimdir. Məruz qaldığım o hadisələr, zorlanmalar, şantajla məni LGBT hüquqların müdafiəsi ilə məşğul olmağa sövq etdi. 2012 – ci ildə "Nəfəs LGBT" Azərbaycan Alyansını yaratdıq. İlham Əliyevin AŞPA-da çıxışı zamanı "Prezident, cavab ver!" kampaniyasını təşkil edəndən sonra Sumqayit Şəhər 4-cü Polis İdarəsində "Prezidentə də elə sual verdirərlər?" adıyla bir neçə yumruğun da dadına baxdım. Ardınca da şəxsi həyatım hər yerdə ictimailəşdirildi. Çox itkilərim oldu. Qonşularım belə evimin işiq xətlərini kəsib, məni ətrafdan təcrid etdilər. Nəhayət, susmadığımı görüb artıq yenidən mediada sifarişli yazılarla məni Qərbin, Ulrike Lunacekin cəsusu, dövlət və islami dəyərlər əleyhinə təxribatçı elan etdilər. O dönəmdə artıq Gürcüstanda idim. Həbs olunan digər insanların başına gətirilən oyunları gördükdə, bir gay kimi mənə nələr edərlər düşüncəsindən qorxdum və bu hiss məni Almaniyaya gətirdi.

Cavid Nəbiyev, foto: sosial şəbəkə
Cavid Nəbiyev, foto: sosial şəbəkə

Ordakı həyatınız necə başladı?

Onsuz da ürəyim yaralı idi, sevdiyim insandan ayrılmışdım. Daha doğrusu, həm o cəmiyyət (Azərbaycan), həm də siyasi rejim bizi bir–birimizdən ayırdı... Ciddi psixoloji problemlərim, ayağımda ağrılarım var idi, əsadan istifadə edirdim. Qış günündə bu psixoloji sarsıntının içində mən Qafqaz mentalitetindən qaçdığım halda məni aparıb azərbaycanlı, erməni və gürcülərlə eyni otağa saldılar. Qorxudan noutbukun üstündəki LGBT mövzulu stikerləri belə cırmışdım ki, anlayan olmasın. Amma gec idi. Otağımdakı azərbaycanlı məni tanıdı, bütün kampdakı azərbaycanlılara yaydı. Heç kəs mənimlə danışmırdı, yeni gələnlərə də məndən uzaq durmaları təbliğ edilirdi. Soruşanda "ay insan, axı niyə", deyirdilər ki, Allahdan qorxuram, cəhənnəmə düşmək istəmirəm. Ölkədən qaçanda hər kəsin adını yaxşı tanıdığı bir neçə beynəlxalq təşkilatlar "yardım edəcəyik" adıya ümüdlər verdilər, sonradan hamısı da yoxa çıxdı. Olduğum kamplarda digər qaçqınlar tərəfindən ələ salınma, öz dillərində homofobik münasibətlərlə dolu günlərim keçdi. Biri hətta qayıdıb demişdi: "Sən indi Əfqanıstanda olsa idin, "Mercedes" maşınlar sənin üçün dayanardı". Olduğum kamplarda da heç kəs nə psixoloji, nə də fiziki durumum üçün yardımçı oldu. Otaq yoldaşım var idi, Banqladeşdən, dindar bir yaşlı. Hər dəfə məni müsəlman ölkədən olduğum və namaz qılmadığım üçün tənbeh edirdi. Tamamilə həyatdan bezmişdim və "bu da yolun sonu" deyərək min cür intihar fikirlərilə atdım özümü küçəyə. Polis məni tutdu və 1 aylıq psixoloji reablitasiyadan sonra sanki yenidən doğuldum. Cavid yenidən 2015 – ci ilin aprel ayında yenidən doğuldu.

Bildiyim qədərilə hələ oturum almamısınız. Bunun səbəbini nədə görürsünüz?

Almaniya Avropada ən çox mühacir qəbul edən ölkədir. Elə an oldu ki, mühacir prosesində çalışan işçilərin sayında ciddi problem yaşandı. Almaniya belə axına hazır deyildi. Çoxlu sayda insan 2, 3, 4 ildir ki, gözləyir. Alman hökuməti hazırda prioritet bildiyi ölkələrdən gələn qaçqınların prosesini qabağa salır. Suriya, İraq, İran, Eritreyadan gələn mühacirlərin işinə baxmaq öncəlikdir. Azərbaycan isə alman hökumət qurumları üçün elə də riskli dövlət deyil. Onların nəzərində Azərbaycandan gələnlər daha çox iqtisadi – sosial mühacirlər kateqoriyasına daxildir. Almaniya 16 regiondan ibarətdir və hər birinin öz idaretmə mexanizmi var. Elə regionlarlar var ki, orda mühacirlərin sayı azdır və orda prosesin baxılmasına elə də çox zaman tələb olunmur. Mən Düsseldorfda qalıram. Bu şəhər Almaniyanın ən çox mühacir qəbul edən 2 regionundan biridir. Mühacirlərin burda çox olmasının bir səbəbi də Nord Rayn Vestfallen regionunun iqtisadi baxımdan inkişaf etməsidir. Köln, Düsseldorf, Dortmund, Bochum kimi iri şəhərlər də burdadır və hər kəs də böyük şəhərlərdə yaşamaq istəyir. O cümlədən, səbəb kimi Almaniyanın dövlət təhlükəsizlik məsələlərini görürəm. Əvvəllər Almaniya hökuməti prioritet tutduğu ölkələrdən gələn mühacirlərin proseslərini o qədər də dərin araşdırmadan qəbul edirdi. Baş verən bir neçə neqativ olaydan sonra, terror təhlükəsi səbəbindən artıq hər bir fərdi prosesə çox ciddi yanaşırlar. Bu səbəblərdən mənim prosesim bir az uzanır.

Çoxu düşünür ki, Avropa seksual azlıqlar üçün cənnətdir. Onların bütün huquqları qorunur. Cəmiyyət onlara qucaq açıb. Bu, doğrudan da, belədirmi?

Tamam yalnış fikirdir. Homofobiya dünyanın hər yerində var. O cümlədən, Almaniyada. Necə ki, Bakı və bölgələr misalını qeyd etdim, burda da iri şəhərlərdə açıq kimliklə yaşamaq sanki cənnətdir. Almaniyanın elə bögələri var ki, hələ də konservativ dəyərləri bölüşür. Ümumilikdə isə cəmiyyətin böyük çoxluğu artıq liberal baxışlıdır. Başqasının şəxsi həyatına qarışmaq mədəniyyətsizlik kimi qiymətləndirilir. Ən vacibi isə səni (LGBT fərdləri) qoruyan hüquqi baza formalaşıb. Bir neçə gay parlament nümayəndəsi, siyasi mühitdə LGBT hüquqlarını təmsil, müdafiə edən siyasətçilər var. "Müdafiə edirsənsə, deməli, sən də homoseksualsan!" təfəkkürü burda yoxdur. Böyük tarixə dayanan LGBT icmaları var. Bir sözlə, səni bəyənməyən varsa da, səni dəstəkləyən, tək qoymayan insanlar, ictimai fəallar, siyasətçilər, səni müdafiə edən polis, hüquq-mühafizə sistemi və qanunlar var. Amma mühacirətdə olan bir gay kimi onu deyim ki, Avropada LGBT mühacir olmaq çox çətindir. Mövcud cəmiyyət qalsın bir kənara, biz ilk olaraq digər mühacirlər tərəfində psixoloji, fiziki, cinsi zorakılığa məruz qalırıq. Avropaya, Almaniyaya gələn digər millətlərdən olan (əsasən də müsəlman ölkələri) mühacirlər özləri ilə öz dini, milli, sosial dəyərlərini də bura gətirir. LGBTQI mühacirlərinin hüquqlarının müdafiəsi, onların sosial mühitinin yaxşılaşdırılması üçün Almaniyada ictimai, bir növ siyasi fəaliyyətlə məşğulam. Bizə çoxlu sayda belə hallarla bağlı müraciətlər gəlir. Qurbanlar arasında feminen gaylar, lezbiyanlar (bir çoxu partnyorları və uşaqları ilə birlikdə) və transseksual fərdlərdir, hansılar ki, düşərgə mühitində daha çox görünümlü olan onlardır. Bu ilin əvvəlində Lüksenburqda Rusiyadan olan gay mühacir bütün bu basqılara dözməyib intihar etdi. Bu səbəbdən də mühacir həyatı üçün yola çıxmadan öncə hər bir LGBTQI fərdi çoxlu düşünməli, üzləşə biləcəyi hadisələrə qarşı psixoloji baxımdan özünü hazırlamalıdır.

Almaniyada Azərbaycandan olan seksual azlıqlar çoxdurmu və onların həyatı, işləri, məşğuliyətləri, özünüifadəsi barədə hansısa məlumatınız varmı?

Almaniyada tanıdığım Azərbaycanlı LGBTQI fərdlər elə də çox deyil. Tanıdıqlarım ya təhsil üçün burdadılar, ya da yeni gəlmiş mühacirlərdir. Amma Almaniyaya mühacir kimi gəlmək istəyən çoxlu sayda LGBTQI fərdi sosial şəbəkələr vasitəsilə yazır. Bacardığım qədər onları bu proseslə əlaqədar məlumatlandırıram. Çoxu gəncdir və həqiqətən çox pis vəziyyətdədirlər. Ölkədən çıxa bilməmələrinin əsas səbəbi isə iqtisadi problemlərdir. Maddi durumları viza, bilet, sənədləşmə işlərini aparmağa imkan vermir. Ailədən asılı olduqları üçün də lazım olan məbləği toplamaq onlar üçün mümkünsüzdür. Bir çoxu artıq dediyim kimi, təhsil səbəbi ilə Avropaya və ya Amerkaya gedə bilir. Digərləri isə Türkiyəyə üz tuturlar.

Sosial şəbəkələrdə nişanlınızla şəkillər paylaşırsınız. Belə başa düşülür ki, onun ailəsi də sizi qəbul edir. Bu halı Azərbaycandakı seksual azlıqların vəziyyəti ilə müqayisə edirsinizmi?

Nişanlı deməyək. Sevgili münasibətində olduğum biridir. Adı Saşadır, milliyəti almandır. Münasibətə başladığımız anlardan Dublində çalışırdı. Orda işini yarımçıq qoyub birlikdə olmağımız üçün Almaniyaya qayıtdı. Hal-hazırda onunla birlikdəyəm. Özü xarici şirkətlərdən birində menecer kimi çalışır. 1 ildən çoxdur ki, birlikdə yaşayırıq. Almaniyaya gəldikdə mədəniyyət, azadlıq, müstəqillik partlayışı yaşadım. Bu hissləri hansısa sözlə ifadə etmək mümkünsüzdür. Çoxuna qəribə gələ bilər, amma LGBTQI fərdlər üçün azadlıq, müstəqllik, sərbəstlik anlayışı tamamən başqa bir duyğudur, ö cümlədən, mənim üçün. Sosial mühit, cəmiyyət tərəfindən basqılar, siyasi rejimin fərdi azadlıqları məhdudlaşdırma siyasəti bizi ikiqat qurbana çevirir. Artıq 27 yaşım var. Almaniyada yaşadığım son 1 ildəki duyquları heç yerdə yaşamamışdım. Sevgilimin bütün ailə üzvlərinin mənə qarşı, bizim münasibətimizə qarşı olan dəstəyi sadəcə məni valeh edir. Azərbaycandakı sevgilimin ailəsi isə məni polisə vermiş, atası üstümə bıcaq çıxartmışdı... Burdakı vəziyyəti Azərbaycanla müqayisə edəcək, ortaq heç nə yoxdur. Azərbaycanda münasibətdə olmaq problemim var idi. Əksər gaylar mənim simamın aşkar olması səbəbindən uzaq dururdu. Başa düşürəm, bir tərəfdən, onlar da aşkar olmaqdan qorxurdular. Amma Saşa, hətta onun ailəsi mənim hər bir ictimai fəaliyyətimə dəstək olurlar, uğurlarıma sevinib, mənimlə birlikdə qeyd edirlər. İctimai yerlərdə əl-ələ tutmaq... İctimai nəqliyyatda qorxmadan başını sevgilinin çiyninə qoymaq... Mənim üçün əl - ələ tutub ictimai yerdə gəzməyin adiləşməsi Almaniyada baş verdi. Bir çoxu bəlkə də düşünür ki, əl - ələ tutmağa və bunu göstərməyə nə lüzüm var. Biz LGBTQI fərdlər üçün bu çox önəmlidir. Bunun mənası "Mən də burdayam, sizin aranızdayam, sizdən biriyəm, adiyəm və qorxmuram..." - deməkdir.

Sizcə, Azərbaycan nə vaxtsa qayıda biləcəyiniz və bir seksual azlıq olaraq rahat yaşaya biləcəyiniz ölkə ola biləcəkmi?

Çox darıxıram! Anamın ikinci doğum ilini onun qəbrini ziyarət etmədən qeyd edirəm. Elə zamanlarım olub ki, vəkilimə demişəm, pasportumu alıb, geriyə qayıdıram. Qaçmağımın digər səbəbi də bu idi ki, ölkəmizdə LGBT hüquqlarının irəliləməsi üçün kənarda bir iş görüm, beynəlxalq təşkilatlarla işbirliyini davam edim, LGBTQI hüquqlarının onların Azərbaycanla bağlı müzakirələrinə daxil edilməsinə nail olum. Heç bir yolla icazə verilməməlidir ki, Azərbaycanda insan hüquqları, demokratiya ilə əlaqədar müzakirələr və dəyirmi masalarda LGBTQI hüquqları unudulsun. LGBTQI insan hüquqları fundamental insan hüquqlarının ayrılmaz bir parçasıdır və hansısa demokratiya quruculuğu bizim səsimiz eşidilmədən, bizə söz haqqı verilmədən qurula bilməz. Necə ki, Ukrayna və Gürcüstan timsalında bunun şahidi oluruq. Bu səbəblərdən ölkədə qalıb, sonu məlum olan həbsdənsə, mübarizəni davam etdirməyi seçdim. Əminəm, o gün olacaq və 10 nəfər də olsa LGBT bayrağı ilə Bakının mərkəzi küçəsində öz yürüşümüzü edəcəyik. Hər şey zamandan və LGBTQI fərdlərinin özünü təşkilatlandırmağından, birləşməsindən asılıdır. Bunun üçün də hər bir LGBTQI fərdi ölkədəki siyasi proseslərdə iştirak etməlidir. Mövcud diktator monarxiyasına qarşı dirənən digər siyasi-sosial qruplarla yan-yana dayanmalı, qarşıdan gələn demokratikləşmə prosesində söz haqqına sahib olmalıdır. Mümkünsüz nəsə yoxdur.