Kitabların məhbusluğu

Təkcə yazıçının təqib olunmağı bəs deyil...

Hörmətli Yadigar Sadıqovun paylaşdığı fağır, yetim, tənha, kasıb kitabxana şəkli yadıma uşaqlığımda hərdən baş çəkməyə çalışdığım kənd kitabxanamızı xatırlatdı. Ona görə “çalışdığım” deyirəm ki, mübarək qapısı daima bağlı olardı. Hələ guya allah qoymasa Sovet dövrü idi və o dövrün hakimiyyəti öz vətəndaşlarının, xüsusilə də əyalətdəki vətəndaşlarının mədəni səviyyəsinin yüksək, savadlı olmasında maraqlı idi. Heyhat, Sovetlərin bu maarıfləndirmə siyasəti bizim kənd kitabxanasına heç sirayət etməmşdi və göründüyü qədərilə də, sirayət etməyəcəkdi...

Kənd kitabxanasının müdiri yaxın qohumumuz idi. Adını yazmıram, iyirmi-otuz nəvəsi mən cəhənnəm, ölkədə, üstəlik, qonşuluqlarındakı valideynlərimin üstünə tökülüşəcək. Bu yerdə bir haşiyə çıxım ki, bir neçə ildir ki, ciddi qohum-əqraba senzurası ilə üz-üzəyəm. Nə yazıram, harda yazıram, tapırlar, oxuyurlar, bir-birinə xəbər ötürür, axırda da gedib düşürlər yazıq valideynlərimin üstünə. Özü də yazdıqlarımın məğzini düz çatdırsalar, dərd yarıdı, yazını o ki var, təhrif edi, bəzən bu təhrif vasitəsilə təhqir edirlər. Mətni oxumayan fağır ər-arvad qalır yanlış informasiyanın, əsassız ittihamların, absurd senzuranın ümidinə...Ən sonda da olan mənə olur, qutu-qutu əsəb, şəkər, təzyiq dərmanları alıb göndərməli oluram onlara, çünki, təriflədikləri ölkənin səhiyyəsi, əczaçılıq sistemi bərbad gündədir.

Yadigar Sadıqovun paylaşdığı foto

Nə isə. Adını çəkməkdən qorxduğum qohumumuz yaşlı kişi idi. On-on beş il əvvəl dünyasını dəyişib. O illərdə kitabxananın qapısını ayda bir dəfə açardı, ya yox. Habuki, heç bir koqnitiv dissonans keçirmədən qapıya yekə-yekə rəqəmlərlə iş saatlarını yazmışdı. Bir neçə dəfə uşaq ağlımla rəqəmlərə inanıb, kitabxanaya getmiş, qapıda yekə, ağır, paslı bir kilid görüb, çox məyus olmuşdum. Bir-iki dəfə necə olmuşdusa, kitabxananın açıq vaxtını tuta bilmişdim. Onda rəhmətliyə yenə uşaq sadəlövhüyü ilə irad tutmuşdum ki, bu qapıdakı yazılan nədir, kitabxananın aylarla işləmədiyi nədir?

Bununla da ağsaqqalı bərk qəzəbləndirmiş imişəm, çünki yüzlərlə kitabın içində ömrünü keçirən adam, yəni ağsaqqal üçün uşağın özündən böyüyün üstünə belə ciddi suallarla düşməyi böyük mədəniyyətsizlik imiş və onun ailə tərbiyəsi görməməyinə dəlalət edirmiş. Bu hadisəni valideynlərimə giley-güzarla, danlaqla çatdıran ağsaqqal sonda anama deyibmiş ki: “Çirkli qabın-qaşığın yoxdumu, ver qız yusun da. Qız uşağının niyə boş vaxtı var ki, hələ bir kitab davası da eləyir?”

Kimi etiraf edər, kimi də etməz, deyər ki, yəqin sizin tərəflərə belə olub, bizim kitabxanada isə Volterin özü otururdu. Amma aşağı-yuxarı hamımız bilirik ki, əyalət kitabxanalarında vəziyyət nə yerdə idi hələ o vaxtlar. Kitaba, oxuyana, yazana pis-yaxşı bir qiymət verən sistemdə kitabı, kitabxananı yetim günə qoyan adamlar, görün kitabın aşağılandığı, təqib olunduğu, künclərə, fağır komalara sıxışdırıldığı dövrdə nə edər. Axı doğrudan da, indi ölkədə təzyiq, təqib, sıxışdırma yazara deyil, kitabadır. Fərqi yoxdur nədir içindəki, kitab sanki olmamalıdır ölkədə. Mərkəzdən yığışdırdılar, qıraqlardan yığışdırdılar, bir-iki müstəqil nəşriyyat qara siyahıda, kitab dükanları formallıq, səyyar kitab satan küçədə həbs edirlər...əyalətlərdə də, kitabın yeri uçuq, xarabalıq otaqlar, komalar...

Sanki yazıçının, müəllifin komada yaşamağı bəs deyil, kitab da bu ölkədə xarabalıqda yaşamalıdır. Təkcə yazar deyil, kitab da səfil olmalıdır. Təkcə yazarın arzuolunmaz adam olmağı bəs deyil, kitab da arzuolunmaz hal olmalıdır. Axı başqa cür necə ola bilər? Yazar hansı ömrü yaşayırsa, necə yaşayırsa, kitab da elə yaşayır.

Dolabların, masaların ayaqları altına pərsəng qoyulan, vərəqlərində tum satılan, tualetə atılan, zibilliyə tökülən kitablar ölkədə təhsilə və müəllimə, ədəbiyyata və yazıçıya, fikirə və mütəfəkkirə, elmə və filosofa qoyulan hörmətdən, qiymətdən xəbər vermirmi...

İlahi, hər şey necə kədərli, necə də ümidsizdir...

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.