Sonra yenə xəbər - körpələrin ölümü

SOSİUM

Bəsdirin! Mən hər gün uşaqların öldürüldüyü dünyada yaşayaraq, cənnət-filan qazanmaq istəmirəm. Mən sağlığımda uşaqların ölümünü görüb, özüm öləndən sonra əbədi yaşamaq istəmirəm! Mən yaxşılığı ölümdən sonrakı həyatda vəd edilən axan çaylar üçün, baş ağrıtmayan şərab, sinəsi dolu bakirə hurilər üçün edə bilmirəm. Ona görə ki, bu mənim üçün mənəvi alverdir.

Bunu həm də ona görə edə bilmirəm ki, təmənnasız yaxşılıqlarımın hamısının mənim gözümdə çevrilib təmənnalı olacağından qorxuram. Belə olsa, özüm öz gözümdən düşərəm. Mən isə hər kəsin gözündən düşməyə razıyam, bircə öz gözümdən başqa. Çünki kiminsə gözündən düşsəm. özümü onun gözündə qaldırmağa gücüm çatar. Bacararam. Amma öz gözümdən düşsəm, özümü öz gözümə qaldırmağa gücüm çatmaz. Bacarmaram. Mənim gücümsə özümü öz gözümdə saxlamaqdadır. Özümlə vəhdətdə yaşamaqda, özüm olmaqdadır.

Mənim yaradanım da, cənnətim də, cəhənnəmim də içimdədir, özümdədir. Təmənnasız yaxşılıq etmək mənim cənnətim, öz gözümdən düşmək isə cəhənnəmimdir. Cənnətdə vəd edilənlərə görə yaşamaq istəmirəm. Vəd edilənlərin çoxunu bu iyrənc dünyamızda da görmüşəm və indi dolğunlaşdığım və püxtələşdiyim bir vaxtda onları özüm üçün Nirvana hesab etmirəm. Nirvana olan yerdə günahsız körpələr dəhşətli ağrılar içində ölməz…

Mənim üçün Nirvana da, ən yaxşı mükafat da günahsız körpələrin ölməməsidir…

Təmənnalı, mükafatlı yaxşılıqlar insanları öz gözlərində böyüdür, təkəbbür uçurumuna sürükləyir. Mən yaxşılığı böyüməmək üçün, iyrəncləşməmək üçün edirəm. Yaxşılıq etdiyim zaman bu iyrənc dünyada böyüdüyümü unuduram, balacalaşıram, itirəm. Sanki harasa başqa bir aləmə, bizimlə paralel dünyaya, körpələrin öldürülmədiyi bir dünyaya keçirəm.

Sonra yenə xəbərlər – məsum uşaqların ölümü. Və mən hər gün ürəyimdə müharibələrdə ölən günahsız uşaqlarla söhbət edirəm, onlarla uşaqlaşıram, onlar kimi məsumlaşıram. Birdən elə hamımız birlikdə qəfil partlayan bir bombanın mərmisindən, mükafat arzulayan adamların atdığı mərmilərdən ölürük. Bapbalaca, məsum-məsum ölürük.

Amma bir az keçir, yaşadığımı hiss edirəm. Mənəvi alverçilərlə eyni havanı udduğumu anlayıram. Hər şey yenidən başlayır. Mən yenə də, hər yerdə mükafat arzulayan insanları görürəm və həmin an ciyərlərimə aldığım havaya görə, o ölən körpələrdən utanıram.

Adamlar o dünyada vəd olunmuş mükafatlara görə bu dünyanı hər gün daha da mundarlaşdırırlar. Mən isə oturub öz-özümə fikirləşirəm ki, belə bir dünyada böyümədən, balaca-balaca, məsum-məsum ölmək yəqin ki, tanrıların mükafatlarına görə böyüyərək, yaşamaqdan qat-qat yaxşıdır...

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...