Yaxşı, pis və ən pis valideynlər

SOSİUM

 

Yaxşı valideynlər – övladlarına mədəniyyəti, ədalətliliyi, insanpərvərliyi, yaxşını və pisi ətraflı şəkildə başa saldıqdan sonra onlara təhsil alma şəraiti yaradır. Onlar uşaqlarının xarakterlərinin müstəqil olaraq inkişaf etməsi üçün səy göstərən, gələcəkdə onlarla öz aralarındakı xarakter və yaş fərqinə məhəl qoymur. Uşaqlarına bir şəxs kimi hörmət edir, onların azadlığına, şəxsi ərazilərinə təcavüz etmir, onların gələcəyini öz xarakterlərinə qurban vermurlər.

Yaxşı valideynlər–övladları ilə dost ola bilən valideynlərdir. Yaxşı valideynlər mütərəqqidir, bədxah əməllərdən uzaqdır, öz övladlarının meşşanlıqda olmasını qəti şəkildə istəməyəndir. Belə valideynlər uşağın fərdiyyətini inkişaf etdirib, onun istedadını, bütün qabiliyyətlərini üzə çıxartmağa çalışır və bu çalışma da valideynlərin həyat tərzinə çevrilir.

Belə valideynlərin əməyi hər zaman bəhrə verməsə də, onlar bu yolda səy göstərməkdən yorulmur. Bunu etdikləri üçün övladlarına heç bir halda təkəbbür göstərmirlər. Əksinə, çox təvazökar olurlar. Nəticədə, sağlam övlad, etibarlı və maraqlı dost, cəmiyyətdə özünə layiqli yer tuta bilən vətəndaş formalaşır. Nəticədə biz bir nəfər də artıq İNSAN qazanmış oluruq.

Pis valideynlər – övladlarına nəsə öyrətməyə tənbəllik edən, onların mədəniyyəti və ümumi dünyagörüşlərinin formalaşması üçün heç bir iş görməyən, onların inkişafı uğrunda heç bir səy göstərməyən, ümumiyyətlə, onların böyüyüb inkişaf etməsini zamanın axarına buraxırmış kimi bir abu-hava yaradaraq, sadəcə kənardan izləyib ancaq öz iş-gücündə olan adamlardır. Pis valideynlər – övladlarını yeknəsək həyata sürüyərək, onları mürtəce formalaşmağa sövq edir. Amma burada valideynlərin bivecliyi əsas rol oynadığı üçün, övladların payına az da olsa, azadlıq, ətrafı öyrənmə şansı düşür. Burada övladların az da olsa, qurtulma ehtimalı olur.

Bu şansı dəyərləndirərək, həmin övladlar öz tərbiyələrini cəmiyyətdəki yaxşı nümunə götürülə bilən insanlardan alırlar. Sonda sağlam vətəndaş kimi müəyyən qədər də olsa, formalaşma imkanı əldə etmiş olurlar. Mənfi halda bu, həmin övladların ən pis yollara düşməsi ilə nəticələnir, müsbət halda isə, onlar sözün əsl mənasında yaxşı yola düşürlər, YAXŞI olurlar.

Ən təhlükəli valideynlər – öz dəyişməz xasiyyətlərindən övladlarına görə heç bir halda vaz keçməyən, bu azmış kimi, əksinə, övladlarının xasiyyətlərini “sındırıb” öz xasiyyətlərinə uyğunlaşdırmağa çalışan, onların dünyalarını öz xarakterlərinə qurban verən və bu halın da baş verməsini ancaq yaş fərqi kimi məntiqsiz amillərlə əsaslandıran valideynlərdir.

“Biz sizdən böyüyük” sloqanını bayraq edərək, övladlarının daxilindəki fərdi doğram-doğram edib, onun bütün özəlliklərini dağıdan, onlara qarşı göstərilən qayğının müqabilində təkəbbür göstərən valideynlərdir. Belə valideynlərin əsas məqsədi övladlarının həyat tərzini ancaq mentalitet qaydalarına uyğun formalaşdırmaq və onların hər bir işini “Qohum-qonşu nə deyər?” sualları ilə yoğrulmuş fobiyaya sövq edib, elə bu fobiya ilə də idarə etməkdir.

Belə valideynlər övladları ilə dost ola bilmirlər. Belə valideynlər özlərini övladının yerinə qoymaq istəmirlər və onlarla yaşına uyğun davranmaq üçün çox təkəbbürlüdürlər. Sonda yaxşı valideynlərin övladları ilə təhlükəli valideynlərin övladları arasında çox böyük bir fərq yaranır və bu fərq çox zaman cəmiyyətdə mənfi nəticələrlə özünü göstərir, ən pis halda isə faciə ilə sonlanır.

Sonda yadıma keçmiş kolleqamın anasının dediyi sözlər düşür. Səhv etmirəmsə, təxminən belə demişdi: “Balam, siz bizim övladlarımızsınız və mən sizin hamınızın xoşbəxtliyini arzulayıram. Yaşayın, böyüyün, səhv edin və həyatı öyrənin! Xoşbəxtliyiniz üçün mübarizə aparın, xoşbəxtliyiniz üçün hətta bizə qarşı da üsyan edin. Yetər ki, xoşbəxt olun!”

Xahiş edirəm, övladlarınızın xoşbəxt olmasına mane olmayın!
Valideynləri tərəfindən xoşbəxtliyinə imkan verilməmiş bir övlad həm özü, həm valideynləri, həm də cəmiyyət üçün böyük faciədir.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...