Rəngli bayraq arzusu ilə

SOSİUM

Redaksiyadan: Meydan TV Zaur Qurbanlının həbsdə olduğu müddətdə yazdığı məktub və yazıları yayınlamağa davam edir. Bu məktubda Zaur ötən il LGBT bayrağı ilə özünü asaraq intihar etmiş İsa Şahmarlının ölümü barədə yazır. İnformasiya təcridi səsəbindən İsanın intihar xəbərini Zaur təxminən bir il sonra öyrənib.

Bu gün "Marmot günü" filminə baxdıq - AzTV-nin tərcüməsində. "He's gay" cümləsini "O, yaxşı adam deyil" kimi tərcümə edildiyini görəndə, çoxdan yazmaq istədiyim mövzuda yazmaq qərarına gəldim.

Rasist ölkədə yaşayırıq. Qadına ikinci dərəcəli adam və ya insanabənzər meymun kimi yanaşılan ölkədə hormonoloji və ya iradi olaraq qadın kimi olan kişilərə "yaxşı adam deyil" demək təbiidir. Belə bir ölkədə bu "yaxşı olmayan" adamların intiharı da təbiidir. Bu ölkədə vicdanlı, ləyaqətli, şərəfli, namuslu, qeyrətli, dindar, ateist adamların da intiharı təbiidir. İntihar etməyənləri qınamıram, qətiyyən. Onsuz da, ətrafımızda bir neçə zidd həqiqətin yanaşı yaşadığına, hər birimizin iki və daha çox həyatı eyni zamanda yaşadığımıza görə, qəribə ölkənin sakinləri sayılırıq, intihar etmədiyimizə görə yox.

Amma hara fırlatsaq da, ikiüzlüyük. Müdirinə yaltaqlanıb arvadına „xox“ gələn kişilər, Hüseyn Cavidi tədris edib, lifçiyinə bülleten dolduran müəllimələr, "Hippokrat andı" içib, əməyinin 120 manat qiymətləndirilməsinə dözən həkimlər, atasından gizli siqaret çəkən qaqaşlar, anasından gizli pivə içən xanımlar, siyasi qərar verməkdən "padoş olmuşuq" deyən hakimlər, anal və oral seks kralları olan, eyni zamanda bakirəliyini qoruyan qızlar, evlənməyə bakirə qız axtaran oğlanlar olaraq, hamımız ikiüzlüyük.

İkiüzlü olmayan Faina Kunqurovadır - aclıq aksiyası edəndə acından ölür; ikiüzlü olmayan Zaur Həsənovdur - intihar edəndə ölür; ikiüzlü olmayan Elmar Hüseynovdur – ağzına ğüllə atılana qədər susmur. Mənim qəhrəmanlarım yalnız ölülər deyil. Amma bu yazının qəhrəmanına hörmət əlaməti olaraq, yalnız ölü qəhrəmanlarımı sadalayıram.

Mən İsa Şahmarlının LGBT bayrağından özünü asdığını 1 ay əvvəl öyrəndim. Bu, simvolika deyildi. Bu, başdan-başa ikiüzlülərlə dolu ölkədə təküzlü olmağın bəyanı idi. Bu, bir liberalın AB-nin və ya ABŞ-ın bayrağından, solçunun qırmızı oraq-çəkicli parçadan, vətənpərvərin Azərbaycan bayrağından... özünü asması deməkdir. Kim edib belə?! Kimin cəsarəti çatıb?!

O qədər ikiüzlüyük ki, öləndə də səssiz, mesajsız ölürük. Körpüdən özünü atmaq istəyənlərə "tullan, tullan" deyənləri qınaya bilərəm, amma o çağırış normal qəbul olunmalıdır. Hamımız o həddə çatanda, tullana bilməliyik.

İsa Şahmarlı deyirdi ki, "bu dünya mənim rənglərimi daşıyacaq gücdə deyil". Səmimi olsaq, hamımız İsanın günündəyik. Bu ölkə hansımızın rənglərini daşıyacaq gücdədir ki?! Mentalitetlə yaşayan adam bu qədər namussuzluğu, qeyrətsizliyi niyə qaldırır ki?! Liberal bu qədər imkan bərabərsizliyinə, solçu bu qədər sosial bərabərsizliyə niyə dözür ki?! Ümumiyyətlə, hamımız bu qədər alçalmaya niyə dözürük ki?!

İsa dözmədi, səmimi oldu, özünü ifadə edən rənglərdən asıldı . Mən humanizmin, liberalizmin, feminizmin bayrağından özümü asa bilmədiyimə görə, İsadan aşağıyam. Dəyərlərimizin hər an, hər saat tapdandığını görərək, yaşayırıqsa, nə yazıq bizə.

Bu yaxında məşhur üzəduran Tural Mustafayev barədə yayılan məlumatda israrla qeyd edirdilər ki, o, İsa Şahmarlı ilə bir evdə qalıb. Sanki bu, adam alçaldan bir şeymiş. Əksinədi, yoldaşlar. Biz İsa olmağa gücü çatmayan "alçaldılmış və təhqir edilmişlər"ik. Hamımız İsa kimi olsaydıq, səmimi, təküzlü, daha ləyaqətli insan olardıq.

Əsl vətəndaş ölkədəki gerçəkləri görən və ən azından çatdıran adamdır. Bu qədər dəhşəti görüb hələ də rahat yaşayan adamlara rəngli bir bayraq və İsa Şahmarlı şəxsiyyəti arzulayıram.

28.12.2014    

BİT