İdeal azərbaycanlı kimdir?

Sual qəribə deyil, adidən adidir. Cəmiyyət daima özünə örnək axtarıb. Real sosializm dövrü məlumdur ki, düzgün adamlar kim idi, əyri adamlar kim. Düzgün adamlar əqidəli kommunistlər idi, həyatlarını xalqa həsr edirdilər, əyri adamlar öz rifahını güdən adamlar idi, ciblərinə və qarınlarına işləyirdilər. Respublikamızda birincilərin birincisi Heydər Əliyev idi və rəhbər olduğu illərdə ikincilərlə - ta  güllələnməyə qədər - amansız mübarizə aparırdı.

SSRİ çökdü, zəmanə dəyişdi, örnəklərin meyarı dəyişdi. Əvvəlki birincilər zay, ikincilər cəmiyyət üçün örnək elan olundular. Xalq hərəkatı liderlərinin analoqu olmayan  qabiliyyəti sayəsində iş elə gətirdi ki, bu yeni cəmiyyətdə yenə ideal insan Heydər Əliyev oldu. Buna tarixin kinayəsi də demək olar, amma gəlin biz buna tarixin hökmü deyək. Zira hər cəmiyyətin tarixinin özünün layiq olduğu hökmü var.

İdeal azərbaycanlının meyarları nədir? İdeal insan cəmiyyətin əsas dəyərlərini əks etdirməli, cəmiyyətdə yüksəlib, onu arxasınca apara bilməlidir. Hamını da olmasa, həlledici məqam tutan insan dəstəsinə rəhbərlik etməyi bacarmalıdır.

İndi Azərbaycanda qurulan cəmiyyətini adı nədir? Deyilənə görə, onun adı bazar iqtisadiyyatıdır, qədim zamanlarda ona kapitalizm deyərdilər. Sosializm urvatdan düşdüyü üçün onun antipodu olan kapitalizm də dəbdə deyil. Bazar iqtisadiyyatında əsas şey qazancdır, hansının ki, təcəssümü puldur və əmlakdır. Kimin pulu daha çoxdursa, o da ideal azərbaycanlıdır. Burada baş sındırmağa, əllaməlik etməyə ehtiyac yoxdur.

Desələr ki, Zərdüşt Əlizadə yaxşı adamdır, həmin an deyənin sözünü kəsib soruşun: “Onun nəyi yaxşı adamdır? Lütkomun biridir, acından günorta durur. Bizi dolamayın, həqiqi yaxşı, hətta ideal insan göstərin!” Bax beləcə, aydın və dürüst düşünmək lazımdır. Ə, bə meyar nə üçündür? Meyar pul və mülkdür!  Bu meyarla baxanda və ölçəndə, Azərbaycanda ideal insan İlham Əliyevdir. Azərbaycanın nəyi varsa, onundur. Pul, mülk, dövlət,  həta insanlar – onundur. Etiraz edən var? Yoxdur ki?  Bərəkallah, əhali deyəsən, gec də olsa,  nəyisə düz anlamağa başlayıb.

Ondan sonra ikinci ideal insan kimdir? Məlumdur ki, həmin insanın soyadı da həmindir, amma kimliyi seçkidən sonra birinci vitse-prezident təyin olunanda bilinəcək. Dəqiq bilinəcək ki, ikinci ideal insan kimdir. Üçüncü də həmin minvalla bilinəcək, dördüncü də.

Amma beşinci ideal insan adı uğrunda kəskin rəqabət gedir. Camaat görür ki, beşinci ideal insan adına ən layiqli namizəd möhtərəm cənab nazir Kəmaləddin Heydərovdur. Amma bu insan o qədər təvazökardır ki, həmişə kölgədə qalmağa üstünlük verib, nəyi də varsa, guya yoxdur. Özünün heç nəyi yoxdur, amma oğlunun varıdır, özü də rəsmən! Amma nədənsə heç kim onun beşinci ideal insan  namizədliyinə ciddi yanaşmır.

Altıncı ideal insan olmağa namizəd nəqliyyat naziri Ziya Məmmədov idi, lakin fələk öz çərxini tərsinə çevirib işi elə gətirdi ki, onun taleyi indi ABŞ-da prezidentliyə iddia edən Donald Trampın qələbəsindən asılıdır. Tramp qələbə çalsa, ABŞ-ın prezidenti seçilsə, Ziya müəllim altıncı ideal insan kimi qalacaq, uduzsa, taleyi mübhəmdir.

İdeal insan olmaq Azərbaycanda həm şərəfli, həm də həlləm-qəlləm işdir. Məsələn, “Azərbaycan Beynəlxalq Bankı”-nın sahibi Cahangir Hacıyev dünənə qədər şəksiz ideal insan idi. Çərxi-fələk elə bir qəribə dövran etdi ki, indi onun böyük zəhmət hesabına qazandıqlarını əlindən alıb özünə 17 il iş istəyirlər.

İdeal insan, ideal həkim, ixtiraçı və YAP-ın təsisçisi olan akademik Əli İnsanov 11 ildlr içəridədir. İndi onun birinci ideal insanın yüksəlməsində  xidmətlərini nəzərə alıb ona digər bir beş illik iş də tikirlər.  Digər ideal insanlar, Fərhad və Rafiq Əliyevlər,  qazamatda uzun illər yatandan sonra böyük zəhmətlə qazandıqlarını ərməğan edərək məhbəsdən düz Qərbə, son qəpiklərini xərcləməyə yollandılar.

Hamı görür ki, ideal insan olmaq təhlükəli işdir. Fəqət, ideal insan olmaq uğrunda savaş meydanına atılanların sayı azalmır ki, artır. İdeal insan olmağa nə qədər desən namizəd var. Balaca rüşvət alan cıqqılı məmurdan tutmuş büdcə pullarını hər gün evinə  torba ilə daşıyan yüksək rütbəli məmurlara qədər hamı ideal insan, hətta bir nömrəli ideal insan olmağa can atır. Bir nömrəli ideal insan bütün bunları görür, bilir və bəndərgahları durmadan bərkidir. Odur ki, bizim bu uğurla keçirdiyimiz sonuncu referendum da, lap ondan əvvəlki də, elə həmin birincilik yarışı üçün ədalətli və düzgün şərait yaratmaqdan ötrüdür.

Təbii ki, ideal insanlar olan yerdə ideal olmayanlar da olur. Düzdür, onlar bol olmur, zira əksəriyyət ideala can atır deyə meyarları əxz edir və artıq heç kəs deyə bilmir ki, filankəs qeyri-idealdır. Xeyr, deyirlər ki, ideal olmağa çalışır, ancaq ya bəxti gətirmir, ya da qabiliyyəti çatmır.

İdealların sayı bəlli səbəblərdən çox deyil, zira insanı ideal edən pulun və əmlakın  qıtlığı var. Hamıya çatmır. Lakin qeyri-idealların da sayı çox deyil, zira cəmiyyətin həmləsinə, güzəranın təzyiqinə dözənlər heç vaxt çox omayıblar və çox ola da bilməzlər.

Dünya binayi-qədimdən belə qurulub və belə də qalacaq.