Seymur Baycan, Qərb Liberalizmi və Milli Dəyərlərimiz

SOSİUM

(Bayram Əliyev- İstanbul Universiteti Politologiya və Beynəlxalq Əlaqələr üzrə Doktorant)

Bu gün dünya çox ciddi iqtisadi, siyasi, sosial və mədəni böhranla üz- üzədir. Dünyada hökm sürən iqtisadi çalxantıların arxasında əslində uzun zamandır arxa planda gedən sosial dəyərlər arasındakı çaxnaşmalar dayanır. SSRİ dağıldıqdan sonra bir tərəfdə çaşqınlıq içində qalan və nə edəcəyinə qərar verə bilməyən ciddi bir kütlə, digər tərəfdə isə zəfər sərxoşluğu ilə “Tarixin Sonu” kimi tezisləri önə sürərək Liberalizmin bütün dünyada dominant fəlsəfə halına gələcəyini romantik şəkildə düşünən bir qrup ortaya çıxmışdı.

90- cı illərdən bu günə kimi şahid olunan hadisələr, toplumların və dövlətlərin istər süni, istərsə də təbii şəkildə mənimsədiyi dövlətçilik və idarəetmə fəlsəfələri göstərdi ki, tarixin gedişatı SSRİ-nin sosialist ideologiyası üzərində qələbə çalan “Liberalizm” yönündə deyil. Belə ki, SSRİ-nin son dövründə toxumları atılan radikal milliyətçilik və dini radikalizm zaman keçdikcə daha fərqli və kompleks şəkildə inkişaf etdi.

Hətta Qərbin ən böyük mədəni silahları olan Demokratiya və Liberalizm də görkəmli alimlər tərəfindən ciddi şəkildə tənqid olunmağa başladı. Liberalizmi müdafiə edənlər demokratiyanın liberal dəyərləri müdafiə etməkdə yetərsiz qaldığını, bununla da cəmiyyətdə çoxluq təşkil edən kütlənin azlıqların azadlıqlarını çərçivəyə saldığını (majority vs minority), ortaya demokratik amma liberal dəyərlərin qorunmadığı bir sistem çıxdığını müdafiə etmişdir.

Farid Zakariyanın məşhur “The Future of Freedom” (Azadlığın Gələcəyi) əsərində bəhs etdiyi kimi “Liberal olmayan Demokratik Sistemlər”in (İlliberal Democracy) ortaya çıxması, demokratiyadan avtoritarizmə və totalitarizmə keçid bu dövrün trendləri arasındadır.

Digər tərəfdən, qərbdə siyasət fəlsəfəsi sahəsində çalışan çox görkəmli intellektuallar Liberalizmin özünü tənqid etməyə başlamışdır. Məsələn, Harvard Universitetində “Justice” (Ədalət) dərsi deyən Professor Michael Sandel “Liberalism and the Limits of Justice” (Liberalizm və Ədalətin Çərçivəsi) əsərində və bu silsilədən olan digər məqalə və əsərlərində Liberalizmin önə sürdüyü iqtisadi ədalət konseptini tənqid edərkən, McGill Universitetində Professor olan Charles Taylor öz “The Politics of Recognition” (Tanınma Siyasəti) əsərində Liberalizmi “Multikulturalizm” kontekstində çox ciddi tənqid etmişdir.

Burda demək istədiyim odur ki, bizim cəmiyyətdə hökm sürən böhranın səbəbi bizim sandığımızdan daha dərində yatır və dünyada hökm sürən dəyərləri və bu dəyər normalarının dəyişməsini çox ciddi şəkildə analiz etmədən, yalnız qərbin dəyərlərinə yönələrək bu böhrandan xilas olmağımız mümkün deyildir və bir iki özünü intellektual sanan, əlinə keçən hər imkanı yaxşı və ya pis ayırd etmədən millətin bu günə kimi formalaşmış dəyərlərinə hücum etməkdən çəkinməyən cırtdan insanların önə sürdüyü dəyərlərlə Azərbaycan cəmiyyətinin normallaşmasını sanmaq ən azından axmaqlıqdır.

Ayrıca Liberalizmin təməlləri dahi Alman filosofu Kant tərəfindən atılmışdır. Liberal etika ilə bağlı onun “Critique of Pure Reason” (“Xalis zəkanın tənqidi”) və “Critique of Practical Reason” (“Rasional zəkanın tənqidi”) əsərləri bir təməl təşkil edir. Yəni bu əsərlərdə çərçivəsi cızılan “azadlıq”, “ədalət”, “əxlaq” və bu kimi sosial sistemin yaranmasında əhəmiyyətli rolu olan qavramları anlamadan Liberalizm və liberal dəyərlərin nə demək olduğunu anlamaq mümkün deyildir.

Bu baxımdan, özünü liberal sayan insanların bu əsərləri oxuduqlarını, hətta adlarını bildiklərini belə zənn etmirəm. Elə buna görə də, onların ortaya çıxardıqları fikirlər çox bəsit, başqalarını çox cılız şəkildə tənqid etməyə çalışan fikirlər olmaqdan başqa bir işə yaramır. Seymur Baycanın axırıncı, Bəxtiyar Vahabzadəni “tənqid” etməyə çalışarkən düşdüyü vəziyyət bundan başqa bir şey deyildir.Yəni önə sürdüyü fikirlər birbaşa onun savadsızlığı ilə, Azərbaycanın yeni tarixini və Bəxtiyar Vahabzadə fenomeninin Azərbaycanın Azadlıq hərəkatı və milli şüurunun formalaşmasında nə dərəcədə əhəmiyyətli olduğunu sadəcə olaraq bilməməsi ilə birbaşa əlaqəlidir.

Misal olaraq, Sovet rüzgarının çox kəskin əsdiyi bir zamanda, onun yazmış olduğu “Gülüstan” poemasını, və yaxud bütün İslam dünyasında tanınmış dəyərli Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr etdiyi “Şəb-i Hicran” poemasını göstərə bilərik. Bu əsərlər silsiləsini çox uzada bilərik, amma zənnimcə, təkcə “Gülüstan” poeması Vahabzadə yaradıclığının və şəxsiyyətinin Azərbaycan xalqı üçün nə qədər əhəmiyyət daşıdığını anlamağa yetərlidir.

Mən Sosial Mediada hər hansı bir məsələyə, xüsusilə kifayət qədər ciddi hesab etmədiyim insanların fikirlərinə münasibət bildirməyi xoşlamıram. Amma bu məsələ haqqında nəsə yazmaq vacib idi. Əlavə olaraq, bunu demək istəyirəm ki, bu gün tək Azərbaycanda deyil, bütün dünyada dəyərlər böhranı var. Amma bu dəyərləri yıxıb, yerinə Seymur Baycan və onun prizmasından çıxış edən insanların müdafiə etdiyi, heç bir dərin fəlsəfəyə əsaslanmayan və bir məna ifadə etməyən "dəyərlər"i inşa etmək Azərbaycan xalqı üçün çıxış yolu deyil.

Həyatları "seks inqilabı" kimi absurd ideyalara həsr olunan bu adamlardan Azərbaycan xalqına xeyir gələcəyini gözləmək, elə o fikirlər qədər absurddur. Sadəcə anlamaq lazımdır ki, bu kimi ideyalar bizim mədəniyyətimizə zidd bir şeydir və heç bir zaman geniş xalq kütlələri tərəfindən qəbul olunmayacaqdır. Cəmiyyətdə, siyasətdə hökm sürən rüşvətə, ədalətsizliyə acıqlanıb bu adamların yanında yer almaq isə uzun bir ömrü mənasız bir məqsədlə həba etməkdən başqa bir şey deyildir.
Vahabzadəyə gəldikdə isə, elə özü belə adamların cavabını vaxtında verib:

İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Meydan.TV Seymur Baycanın mövqeyini yayınlamağa hazırdır.