Qorxaqların vətənpərvərliyi

SOSİUM

Qonşunuz evinizdən gedər-getməz siz həyətə çıxıb içi öz ailəniz olmaq şərtilə hamıya deyirsiniz ki, “Mən evimi zəbt edən həmin böyük mənzilli və böyük ailəli qonşuya qarşı ömür boyu üsyan etmişəm və onunla mübarizə aparmışam”. Siz bar-bar bağırırsınız ki, siz həmişə qonşunuza qarşı etiraz əlaməti olan müxtəlif əsərlər yazmısınız və qonşunuza qarşı çıxan ailə üzvlərinizə dəstək olmusunuz: “Mən hər zaman bu rejimə dissident olmuşam, lakin siz bilməmisiniz”…

Başınız fantastik məbləğdə “çirkli pulları” yumaq üçün ideal vasitə olan yol təmirlərindən, şəhəri gettolara bölən bərbəzəkli hasarlardan, buz meydançasını xatırladan mərmər döşəməli, çoxillik ağacı olmayan “keçəl” parklardan, Afrikadan, Amerikadan gətirilmiş bahalı lüt ağaclardan, xoş görünüşü olan, amma tez alışan bina fasadlarından hələ də ayılmayıbsa və AzTV-nin ölkə haqqında hazırladığı reportajlara az da olsa inanırsınızsa, onda bu yazını oxumayın. Analoqu olmayan inkişafdan feyziyab olmağa davam edin. Yox, əgər ayıqsınızsa, onda gəlin, davam edək.

Sizə bir şey danışacağam.

Təsəvvür edin, ailənizlə birlikdə yığcam bir evdə yaşayırsınız. Eviniz da balacadır, ailəniz də. Ailəsi və evi sizinkindən qat-qat böyük olan qonşunuz isə zorla sizin evinizə soxulub əşyalarınızı mənimsəyir, soyuducunuzu açıb ərzaqlarınızın çox hissəsini öz evinə aprır və sizə öz evinizdə necə yaşamağı diktə edir. Əvvəl ailənizdən kimlərsə buna qarşı üsyan edir, amma onlar tək olduqları üçün, siz və digər ailə üzvləriniz bu üsyana qoşulmadığı üçün, bu etiraza heç bir köməklik olmadığı üçün tək davam gətirə bilmirlər və tezliklə həmin qonşunuz tərəfindən susdurulurlar, “zərərsizləşdirilirlər”.

Beləliklə, siz uzun illər qonşunuzun diktəsi altında, öz evinizdə qonaq kimi yaşayırsınız. Evinizin işlərinə aid olan hər bir məsələni qonşunuzdan soruşaraq həll edirsiniz, onunla hesablaşırsınız. Baxmayaraq ki, qonşunuz sizə öz evinizdə ixtiyar sahibi omağa imkan vermir, siz etiraz etmək əvəzinə qəsbkar qonşunuza hesabat verirsiniz. Bu azmış kimi, üstəlik, ona neçə-neçə əsər də həsr edirsiniz, onu xilaskar kimi qələmə verib, onunla yaşadığınız dövrdə onu gecə-gündüz tərifləyirsiniz.

Bundan sonra sizinlə əlaqəsi olmayan bəzi səbəblərə görə, daha doğrusu, həmin qonşunuzun başqa binadakı bir neçə qonşu ilə olan münaqişəsinə görə qonşunuz getdikcə zəifləyir və sizin evi öz böyük evində və ailəsində yaranmış problemlərə görə tərk etməyə məcbur olur. Qonşunuz sizin evi tərk edir və öz evinizin səlahiyyəti yenidən öz əlinizə keçir. İndi öz evinizin ixtiyarı öz əlinizdədir.

Qonşunuz evinizdən gedər-getməz siz həyətə çıxıb içi öz ailəniz olmaq şərtilə hamıya deyirsiniz ki, “Mən evimi zəbt edən həmin böyük mənzilli və böyük ailəli qonşuya qarşı ömür boyu üsyan etmişəm və onunla mübarizə aparmışam”. Siz bar-bar bağırırsınız ki, siz həmişə qonşunuza qarşı etiraz əlaməti olan müxtəlif əsərlər yazmısınız və qonşunuza qarşı çıxan ailə üzvlərinizə dəstək olmusunuz: “Mən hər zaman bu rejimə dissident olmuşam, lakin siz bilməmisiniz”…

Gülməlidir, eləmi? Əslində isə gülməli deyil, ağlamalıdır. Çünki SSRİ dövründə Azərbaycanın bir çox yazıçısı, şairi və müxtəlif nüfuzlu şəxsləri də belə idi...

Onlar SSRİ dövründə sovet rejiminə qarşı çıxanlara dəstək olmaq əvəzinə onların “zərərsizləşdirilməsinə” kömək edir, rejimə və rejim rəhbərlərinə əsərlər həsr edir, təriflər yağdırır, məddahlıqla məşqul olurdular. SSRİ dağılan kimi isə ortalığa çıxıb dedilər ki, biz illərdir türkçü və islamçı olmuşuq, rejimə üsyan etmişik...

Qorxaqlar, yaltaqlar və ikiüzlülər qəhrəman oldu. Ən pisi isə belə adamlar böyük qonşunun caynağından çıxmış müstəqil Azərbaycanda ixtiyar sahibi oldular, vəzifə tutdular.

 

Yazı müəlifin şəxsi mövqeyini əks etdirir...