Bir qurtum su istəyirik...

SOSİUM


Hələlik isə millətin əksəriyyəti boğulur. Yerin altında gedənlər də, yerin üstündə gəzənlər də boğulur. Haqsızlıqlar içində boğulur. Bəli, demək olar ki, hakimiyyətdə oturanlardan savayı, hamılıqla boğuluruq və bir Şindlerimiz də yoxdur ki, bizi başa düşsün, bizə bir qurtum su versin.

Uşaqlıqdan batal janrı çox sevsəm də, hər dəfə müharibəyə aid kinolara baxanda diqqətimi döyüş səhnələrindən çox, dramatizmə kökləyirəm. Drama çox vacibdir. Süjetdə mənim üçün personajların münasibətlərindən daha önəmli ikinci şey yoxdur. Bir də kinolara baxanda işim-gücüm protaqonist və ya antaqonistlərin daxili aləmlərində humanistlik axtarmaq olur. Yaxşı personaj onsuz da yaxşıdır, mən pis personajda belə zərrə qədər də olsa, yaxşını görməyə çalışıram.

“Şindlerin siyahısı” filmində belə unudulmaz bir səhnə var. Yayın istisində dəmiryolu stansiyasında almanlar yəhudiləri tez-tələsik qatarlara doldururlar. Qaçhaqaçdır. Məqsəd düşmən gələnə qədər oradakı yəhudiləri məhv etmək üçün başqa bir yerə yollamaqdır. Almanlar qatara həddindən artıq çox adam doldurublar. Sıxlıqdır. Zavallıların vəziyyəti çox pisdir. Adamlar cəmi bir kiçik pəncərəsi olan yük vaqonlarında istidən və susuzluqdan əziyyət çəkirlər. Balaca pəncərələrdən əlini bayıra çıxaranların isə əllərindən nəzarətçilər dəyənəklə vurur.

Kənarda bir neçə alman zabiti yeyib içə-içə bu prosesə rəhbərlik edir. Cənab Şindler onlara yaxınlaşıb görüşür və oturur. Ona içki süzürlər. Şindler başqa müsibətləri görüb dərk etdiyi kimi bu mənzərəyə də tez fikir verir və biganə qala bilmir.Birdən gözü yanğınsöndürmə borusuna sataşır və istidən boğulan yəhudilərə kömək etməyi düşünür. Guya məzələnmək bəhanəsilə zarafata salıb qatarları şlanqlarla həmin borudan gələn su ilə sulamağı təklif edir.

Kefləri kök harın alman zabitləri qəhqəhə çəkirlər və təbii ki, yəhudiləri dolamaq məqsəilə bu fikirlə razılaşırlar.Qatarları sulama səhnəsi başlayır. Faşistlər baxıb kef tuturlar. Su kiçik pəncərələrdən daxil olub içəridə istidən əziyyət çəkənləri az da olsa sərinlədir.Bununla da, cənab Şindler bacardığı qədər yəhudilərə növbəti dəfə kömək edir. Beləliklə, səhnədə protaqonist Şindlerin nəhayətsiz böyük olan daxili aləmi tamaşaçı üçün bir daha açılır.

İndi şükür, müharibə-zad deyil. Almanlarla da düzdür, dövlətimiz yola getmir, amma bizim heç bir problemimiz yoxdur. Lakin deyəsən, belə getsə, bizim hökümət əzab verməkdə faşistləri geridə qoyacaq. Çünki hər səhər-axşam havasız, od yağan isti metro qatarlarına minəndə ölürük. Nəfəs almaq olmur. Basabasda canımız çıxır. Nə qədər imdad diləyirik, dadımıza çatan yoxdur ki, yoxdur. Əlimizi vaqondan bayara çıxara da bilmirik, tər yuyub aparır bizi.

Höküməti başa düşdük, adamlara əziyyət verməyi çox sevir. Bəs görəsən, dövlət başçısı niyə bunların “ipini yığmır”? Mən həm də onu başa düşə bilmirəm ki, bizim ölkəni idarə edənlər müsbət qəhrəmandır, ya mənfi? Protoqonisdirlər, ya antoqonist?

Hələlik isə millətin əksəriyyəti boğulur. Yerin altında gedənlər də, yerin üstündə gəzənlər də boğulur. Haqsızlıqlar içində boğulur. Bəli, demək olar ki, hakimiyyətdə oturanlardan savayı, hamılıqla boğuluruq və bir Şindlerimiz də yoxdur ki, bizi başa düşsün, bizə bir qurtum su versin.

Yanırıq, vallah!

 

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...