Yazar təzyiqlərə məruz qaldığını deyir
Yazar Zümrüd Yağmur ailəsindən imtina etdiyini açıqlayıb. O, bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Yazarın sözlərinə görə, təhdidlərlə üzləşir:
“Artıq uzun müddətdir ki, doğulub böyüdüyüm ailə üzvlərimə müxtəlif təzyiqlər olur. Niyə? Çünki onların bacısı Zümrüd Yağmurdu və birilərinə görə mən vətən xainiyəm. Bu düşüncəyə şərh verməyəcəm. Sadəcə, burdan bəyan edirəm k, doğulub böyüdüyüm ailədən necə deyərlər, bağımsızlığımı 18 yaşında elan etmişəm. Bu həyatda atamdan daha çox dəyər verdiyim biri də olmayıb, mənim üçün məğrur bir insan kimi məhz qüruru, əl öpməməyi, yaltaqlanmamağı, inandıqları üçün inadkar olmağı və prinsipiallığı dəyər kimi qoyub getmiş o Böyük İnsan övladı üçün rahatsız olub bunu dilə gətirəndə, məndən daha ehtiyatlı olmağı istəyəndə ona belə azadlığım, əqidəmdən güzəştə getməmişəm. Atama getmədiyim güzəşti də indi kimsəyə getmək niyyətində deyiləm”.
“Mənim üçün doğmalıq primal bağdan ibarət deyil. Doğulub böyüdüyüm ailəmlə heç bir əlaqəm yoxdur, şərait elə gətirib ki, yollarımız çoxdan ayrılıb. Hətta bacım dünyasını dəyişəndə ancaq dəfndə iştirak edib geri dönmək məcburiyyətində qalmışam. İndi olanlar, mənə olan basqılar geri addım atmam üçün səbəb ola bilməz. Əgər sizə imtina etməmi açıq dilə gətirmək lazımdırsa, bəyan edirəm ki, mən öz ailəmdən imtina edirəm və bundan sonra onlara olacaq basqıların mənə heç bir aidiyyatı yoxdur” – Zümrüd Yağmur vurğulayıb.
Z.Yağmur deyib ki, “ailəm” deyəndə yalnız öz doğulub böyüdüyü ailəni, bacı-qardaşını nəzərdə tutur:
“Bunu ona görə vurğulayıram ki, bir çox halda insanlar məni kiminləsə bağlamağa çalışırlar”.
Z.Yağmur Daşkəsən rayonunun icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı qızıdır.
Z.Yağmur AXCP sədrinin müavini, Fuad Qəhrəmanlının həyat yoldaşıdır. F.Qəhrəmanlı 2015-ci ildə Nardaran hadisələrindən sonra 10 il həbs cəzası alıb.
Yazar deyir ki, əvvəllər də müəyyən təzyiqlər olub, amma Nardaran hadisələri ilə bağlı məhkəmədən sonra artıb:
“Mən ictimai fəaliyyətimi gücləndirdikdən, Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzi qurulandan, Nardaran məhbuslarının müdafiəsindən, mitinqlərdə çıxışlarımdan sonra paralel olaraq təzyiqlər də gücləndi”.
Meydan TV-nin direktoru Emin Milli, yazar Günel Mövlud və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, bloger Orduxan Teymurxanın qohumları, Sevinc Osmanqızının bacısı da təzyiqlər nəticəsində onlardan imtina
etmişdilər
.