“Zülm əsasında qurulan istənilən rejim süquta məhkumdur” (VİDEO)


Dövlət-vətəndaş münasibətləri yeni müstəqillik qazanmış ölkələr üçün həmişə aktual olub. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimiz bu dəfə bir az fərqli oldu. Avropa Oyunlarının keçiriləcəyi ərəfədə onunla əsasən Avropa mədəniyyətindən, dövlət-vətəndaş münasibətlərinin hansi səviyyədə olmasından, eləcə də xidmət sahələrinin vətəndaşlara münasibətindən danışdıq.



Zərdüşt bəy, Azərbaycan Avropa Şurasının üzvüdür, bəs cəmiyyətimiz necə, Avropa dəyərlərini, mədəniyyətini qəbul edə bilibmi?

– Tam şəkildə yox, qismən qəbul edib. Avropa mədəniyyətini deyəndə, Avropa istehlakı, Avropa malları, geyimi, memarlığı nəzərdə tutulur ki, bunları qəbul etmişik. Amma başqa şeylər də var, Avropada hökm sürən dövlət-vətəndaş və hökumət-insan münasibətləri təəssüf ki, hələ yoxdur.



Rəsmi təbliğatda, o cümlədən, özəl kanallarda yerli ictimaiyyətə mesaj olaraq tez-tez vurğulanır ki, Avropa Oyunlarının keçirildiyi 16 gün dözün. Özünüzü svil aparın ki, avropalı qonaqların yanında biabır olmayaq. Axı Azərbaycan cəmiyyəti 16 gündən ibarət deyil və həyat davam edirsə, bu, nə mesajdır?

– Ümumiyyətlə, həm dövlət, həm də vətəndaş dözməlidir. Amma həmin dözümlülük şəraitində yaranmış atmosfer Avropa Oyunlarından sonra da davam etməlidir. Yəni oyunlardan sonra da dövlət Azərbaycanda konstitusiyanın, vətəndaşların hüquqlarının olduğunu yadına salmalıdır. O cümlədən, vətəndaş da qanun və dövlətin olduğunu bilməlidir. Qanuna hörmətsizlik həm vətəndaşda, həm də dövlətdədir. Düzdür, hörmətsizlik dövlətdən başlayır və vətəndaşa sirayət edir. Ancaq vətəndaşlarda da az suç yoxdur.



Baxın, Avropa mədəniyyətindən və onun tətbiqinin vacibliyindən danışırıq, bu mənada imperativ nədir?

– İmperativ qanunun aliliyidir. Hökumət də, vətəndaş da qanuna hörmət edir. Məsələn, Fransanın sabiq prezidenti yenidən məhkəmə məsuliyyətinə cəlb edilə bilər. Halbuki, gələcək prezident seçkilərində ən güclü namizəd sayılırdı. Amma o, öz vəkili ilə söhbət edəndə hansısa rüşvətin müqabilində işin bağlanmasından danışıb. Bu da yazılıb. Vəkil həmin yazıların qanunsuz aparıldığını iddia edərək, yazının məhkəməyə təqdim edilməsinin mümkünsüzlüyünü deyir, məhkəmə isə əks fikir ortaya qoyur. Əgər yazılar məhkəməyə təqdim olunsa, Sarkoziyə ədalət məhkəməsindən yayınmaq cəhdi ittihamı veriləcək. Bu, çox ağır ittihamdır. Bilirsiniz ki, Amerika prezidenti bu ittihamla istefa verib. Yəni ədalət mühakiməsinə mane olmaq cəhdidir. Azərbaycanda isə, ümumiyyətlə, məhkəməyə məhəl qoyulmur. Məhkəmə ona bənzəyir ki, uçuq  evlərin görünməməsi üçün mərmərdən hasar çəkilir, Azərbaycanda da hökm sürən qanunsuzluğun görünməməsi üçün məhkəmə adlı hasar çəkilib. Məhkəmələrin hasardan başqa heç funksiyası yoxdur.



Bu mənada vətəndaş nə etməlidir, hasarla necə mübarizə aparmalıdır, konkret özünüzdən başlayaq, problemlərlə qarşılaşanda məhkəməyə şikayət edirsinizmi?

– Vaxtilə müraciət etmişəm. Heydər Əliyev hakimiyyətə yeni gələndə, bəzi tərəfdarları tənqidlərimi düzgün qiymətləndirdi. Onlar yazırdılar ki, bu tənqidlərə görə Əlizadə həbs olunmalıdır. Bir jurnalist həmkarım vardı, indi həyatda olmadığından arxasınca danışmaq istəmirəm, amma faktı deyəcəm, o yazmışdı: “Zərdüşt Əlizadə öz yazılarıyla bu və ya digər şəkildə erməni qəsbkarlarına xidmət edir”. Mən onu məhkəməyə verdim və ortaya filoloji ekspertiza da qoydum ki, adam məni erməni qəsbkarlarına yardımda ittiham edir. Məhkəmə qərar çıxardı ki, o bunu deyib, amma fikirlərində cinayət tərkibi və təhqir yoxdur. Belə məntiq yarandı ki, kim istəsə xoşu gəlmədiyi adamı erməni qəsbkarlarına xidmətdə suçlaya bilər. Bundan sonra Azərbaycan məhkəmələrinə müraciət etməyi mənasız hesab etdim. Dzüdür, yenə də məhkəmələrə çıxdım, amma qanunun aliliyinin rəhbər tutulduğunu görmədim. İndi mətbuatda yazırlar: filan hakim vətəndaşdan 600 min manat alıb ki, onu icra başçısı qoyacaq. Ardınca hakimin sərvətinin siyahısı təqdim edilir, biznes imperiyası yaranır. Belə olan şəraitdə məhkəmələrə müraciət etmək fikrindən xeyli uzağam.



Məhkəmələrin durumu aydın, bəs xidmət sahələri hansı vəziyyətdədir ki, vətəndaş qarşılaşdığı problemləri aşa bilsin?

– Çox acınacaqlı vəziyyətdir. Özümün qarşılaşdığım durumu danışacam. Hər bir vətəndaş özünün hüququnu müdafiə etməyi bacarmalıdır. Mən istehlakçıyam, nəyisə alıram. 2008-ci ildə oğlum Yaponiya istehsalı olan “Mazda” avtomobili alıb. 3 il sonra, 2011-ci ildə maşında nasazlıq yarandı. Artıq o zaman “Mazda” avtomobilləri üçün Masazır qəsəbəsində ticarət xidmət mərkəzi  tikilmişdi. Ona görə avtomobili ora apardım, işçiləri müştərini çox nəzakətlə qarşılayırlar. Mərkəz böyük ərazini tutur və “Mazda”, “Mitsubisi”, “Subary”, “Honda” kimi 4-5 avtomobil brendini birləşdirən şirkətdir, yüzlərlə işçisi var. Bir daha deyirəm, işçiləri hədsiz nəzakətlidirlər, amma texniki peşə hazırlıqları aşağı səviyyədədir. Güman ki, işçiləri müxtəlif yerlərdən yığsalar da, peşə hazırlığı ənənəsi yoxdur. Mən 40 ildir maşın sürürəm, maşında qüsur olub, gətirib onu təqdim etmişəm, onlar da kompüterə salıb, filan şeyin nasaz olduğunu deyiblər. Dəyişmələrini istəyəndə sürət qutusu ustalarının zəif olduğunu söyləyiblər. Səbəb kimi də deyiblər ki, maaş aşağı olduğuna görə yaxşı ustalar başqa yerlərə üz tuturlar. Bunu başa düşdüm, yaxşı usta yeri istəmişəm, bilməyiblər. Öz imkanım daxilində axtarıb Suraxanıda Ədalət adlı yaxşı usta tapmışam. O, sürət qutusunu 3 dəfə söküb-yığsa da, qutu yenə nasaz olub. Son 3 ildə 20 dəfə Masazır-Suraxanı arasında gediş-gəlişim olub, hər dəfə də nəzakətlə deyiblər ki, əllərindən gəlmir, işi bacarmırlar. Nəhayət, sürət qutusu sıradan çıxıb. Təsəvvür edin ki, üçüncü sürətlə 40 min kilometr məsafə qət etmişəm, bu aşağı sürət olduğundan yanacaq istehlakı ikiqat artıb. Məcbur olub  İstehlakçıların Hüquqlarının Müdafiə Komitəsinə, Eyyub Hüseynova müraciət etdim. Eyyyub Hüseynov İqtisadiyyat Nazirliyinə müraciət edib və nazirlik də şirkətlə əlaqə saxlayandan sonra günahın məndə olduğu bildirilib. Nazirlik sonra məsləhət gördü ki, şirkətə yeni direktor gəlib, mədəni insandır, onunla görüşüm. Görüş zamanı direktor qüsurların olduğunu etiraf etsə də, 3-4 min dollarlıq qutunu mənim almağımı söylədi. Yəni mən qutunu alım, amma onlar bunun müqabilində 150 manatlıq işi təmannasız  görəcəklər. Razılaşmadım. Çünki vətəndaş kimi “Mazda” şirkətindən aldığım avtomobil zay xidmət nəticəsində sıradan çıxdığından məsuliyyət onların üzərindədir. Ona görə də dedim ki, sürət qutusunu öz hesabınıza dəyişməlisiniz. Amma yenə də razılaşmadılar. Məhkəmələrə inanmadığımdan iddia qaldırmadım. Yenə deyirəm, mərmərdən hasar tikiblər, arxası da boş. Necə ki, ədliyyə sarayı tikiblər, mən ona zülmiyyə sarayı deyirəm.



Zərdüşt bəy, qarşılaşdığınız prosesin sonunu necə görürsünüz?

– Məsələ ondadır ki, hər şeyin bir sonu var. Mən köhnə kişilərdənəm, 43 il SSRİ-də yaşamışam, 21 il Kommunist  Partiyasının üzvü olmuşam, 5 il ərəb ölkələrində işləmişəm, prezidentlərlə, nazirlərlə, sovet məmurlarıyla, generallarıyla, marşallarıyla, Azərbaycanın kommunist rəhbərliyi və AXC rəhbərliyi ilə yaxın təmasda olmuşam. Yəni çox şey görmüşəm. Yalan və zülm əsasında qurulan istənilən rejim süquta məhkumdur, bunu təəssüflə deyirəm, sevinclə yox. O dövlətdə ki, hakimiyyət vətəndaşlara hörmət etmir və öz puluna, ordusuna, polisinə, gücünə, təhlükəsizlik xidmətinə güvənir, onun sonu yoxdur. Mən istəmirəm ki, Azərbaycanı da belə bir sonluq gözləsin. İstəyirəm ki, sabit və gözəl vəziyyət olsun, xalq da hökumətə inansın.



Elə hökuməti müdafiə edən deputatlar da, media da gözəl və sabit şərait yarandığını deyirlər. Bu gedişlə Avropa Oyunları necə keçiriləcək?

– 1980-ci ildə Moskvada Olimpiya Oyunları keçirilirdi, 11 il sonra, 1991-ci ildə SSRİ çökdü. Kommunist Partiyasının sonuncu qurultayında yarım saatdan çox alqış getdi, amma bir ildən sonra dövlət çökdü. Təbliğatçıların deməyinə baxmayaraq, mən müstəqil düşünməyi bacaran adamam. Əgər indiki hökumət vətəndaşa hörmət etməyi öyrənməsə, bazar iqtisadiyyatı qurduğunu iddia edən milli biznes, nəhayət, şərəf və ləyaqət hissini dərk etməsə, istehlakçıya hörmət hissinin zəruriliyini anlamasa, Azərbaycanın bir dövlət olaraq sonu yoxdur.



Yəni müstəqil dövlət olaraq sonumuz yoxdur?

– O qədər tarixdə müstəqil dövlətlər görmüşük ki, sonu dağılma ilə bitib. Gözümüzün önündəki Somali, Suriya, Yəmən dövlətdirmi? SSRİ dağıldı, Gürcüstan, Ukrayna, Moldova bir hissələrini itiriblər. Azərbaycan ərazisinin bir hissəsini de-fakto itirib, Ukrayna oliqarxları başları bir-biriylə mübarizəyə qarışanda ərazilərinin bir hissəsini itirdilər. Heç nə əbədi deyil. Ona görə Allahın bizə qismət etdiyi dövlətin qədrin bilək, pula bada verməyək.



Deməli, dövlət-vətəndaş münasibətləri tənzimlənməsə dağılma baş verir?

– Əlbəttə. Mən xalqımın, vətənimin düşməni deyiləm, heç kim də Azərbaycanın ziyanına işlədiyimi deyə bilməz. Belə olanda, nə üçün məni dövlətimdən narazı salırlar? Nədir ki, qazanacaqları? İlham Əliyev özü bu adamların harınladıqlarını, qudurduqlarını deyir. Mən 24 min manatlıq maşın sürürəm, hərçənd ki, qiyməti 16 min manatdır. Amma gömrükçülər maşının üstünə 8 min qoyub mənə satıblar. Məmurlar balalarının altına yarım milyonluq maşın qoyur, onlar da qudurub avtoşluq edirlər. Elə bilirlər ki, xalq bunları görmür. Ancaq bunların haram pulla alındığını yaxşı bilir. Haram pullar ona görə var ki, bu adamlar prezidentə güvənirlər. Yəni prezidentin onları cəzalandırmayacağını bilirlər. Yaxud məmurlar özlərinə 10, 12, 15 milyonluq qəsrlər tikirlər, məgər, xalq bunları görmür, kordur? Sonra bizə müəllimin, həkimin maaşının az olmasına “göz yumun” və “bu hökumət yaşasın” deyə bağırın deyirlər. Mən bunları istəmirəm və dövlətimin qanunun kölgəsində olmasını, hər bir vətəndaşın qanun barədə düşünməsini istəyirəm.

Ana səhifəVideo“Zülm əsasında qurulan istənilən rejim süquta məhkumdur” (VİDEO)