Zülfüqarlıların zavodlarında çalışanlar İlham Əliyevə müraciət etdilər (VİDEO)



“2005-ci ildə zavodların əsas səhmdarı Nurəddin Zülfüqarlı yoldan başına torba keçirilərək həbs edilib, Kərəm Həsənovun təklifi ilə qardaşlara məxsus səhmlərin verildiyi halda azad olunub”

Təhdid və zor gücünə sahibkar Zülfüqarlı qardaşlarının əlindən alındığı iddia edilən zavodların kollektivi prezident İlham Əliyevə və ictimaiyyətə video-müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, böyük zəhmət və sərmayə hesabına işləri bərpa edilən və ixracyönlü uğurlu fəaliyyətə başlayan “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” zavodları bu gün işlərini tamamilə dayandırıb. Vaxtilə 1500-ə qədər adamın çalışdığı və sürətlə böyüməkdə olan zavodlar öz sahiblərindən zorla alındıqdan sonra bu gün boş zibillik halına gəlib.

“2005-ci ildə zavodların əsas səhmdarı və idarəçisi Nurəddin Zülfüqarlı yoldan başına torba keçirilərək həbs edilib. Həbsdə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun təklifi ilə qardaşlara məxsus səhmlərin verildiyi halda azad olunub. Səhmlərin əsas hissəsi ilk olaraq Lerik rayonundan bir kəndlinin adına keçirilib, daha sonra isə “Bakı Steel Copmpany” MMC-nin adına dəyişdirilib.

2010-cu ildə isə “Bakı Steel Copmpany” MMC-nin rəhbəri Rasim Məmmədov silahlı dəstə ilə Zülfüqarlı qardaşlarını tamamilə zavoddan qovublar. Sahibkarlar hüquqi müstəvidə zəbt olunmuş əmlakını geri almaq uğrunda çabaları boşa çıxıb, hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq və məhkəmə orqanları onların ədalətli tələblərinə üz çeviriblər” – deyə qeyd olunur.

Daha sonra müraciətdə deyilir ki, sahibkarla məxsus əmlakın reket yolu ilə ələ keçirilməsi ilə yanaşı, mövcud, işlək zavodların tamamilə dayanması yüzlərlə işçinin təminatlı işini itirməsi kimi böyük bir ziyana yol açılıb, iri bir vergi ödəyicisinin fəaliyyəti əngəllənib:

“Kollektiv ümid edir ki, ədalət bərpa olunsa və zavodlar öz həqiqi sahiblərinə qaytarılsa, orada işlərin bərpa olunacağına, onların yenə də yaxşı maaşla, yüksək şərait, pulsuz yemək və iş geyimi ilə təmin olunduğu rahat işlərinə qayıdacaqlarına əmindirlər. Bundan dövlət də qazanmış olar, vətəndaşlar da”.

Ana səhifəVideoZülfüqarlıların zavodlarında çalışanlar İlham Əliyevə müraciət etdilər (VİDEO)