Zorlanmış Femidanın gedişi

O hökm cingildəyir qulaqlarımda…

Source:

Səhər önəmli bir proses vardı deyə, tez yatmağı qərara aldım. Elə yatağıma uzanan kimi də yorğunluqdan yuxuya getdim. Kabuslar ondan sonra başladı, əzablar içində titrəyirdim. Hövlnak vəziyyətdə bir neçə dəfə qalxdıqdan sonra, bir də gözümü yummağa qərar verdim. Yenə o dəhşətli yuxu.

Çırpınırdı, haray salırdı, dadına yetmirdi heç kim, tərəzisini əlindən alıb tullamaq istəyirdilər. Aman Tanrım, bu nə dəhşətli yuxudu?! Xəncərini urəyinə saplayırdılar. Dözə bilmirdim artıq, yuxudan çıxmaq istəyirdim. Necə olurdu ki, mən yuxunu belə hiss edə bilirdim.. Həmin anda “Nərmin dur, gecdir” səsinə  yuxudan ayıldım. Qan-tər basmışdı məni, bədənim əsirdi.

Məhkəmədən öncə bu yuxuları görmək yaxşı əlamət deyildi, artıq bu barədə düşünməməyə çalışdım. Durub hazırlaşdım və məhkəməyə getdim.

Hamı öz yerini almışdı, proses başlamışdı, artıq söz hakimlərin idi. Onlar çıxışlarına başlamışdılar.  Və o yenidən gəldi, gözümə görsənən yenə o dəhşətli yuxuydumu ya həqiqətin özü idi? Heç cür müəyyən edə bilmirdim, axı mən yatmamışdım, oyaq idim. Mənə nə olurdu, nə baş verirdi?

Əvvəlcə tərəzisini alıb, tulladılar, sonra gözlərini açdılar, zorlamağa başladılar onu, hərəsi bir tərəfdən zorlayırdı.Yuxumdakı kimi çırpınırdı, didinirdi, hayqırırdı, heç kim kömək etmirdi ona. Əlimi uzatmaq istədim, dadına yetmək istədim. Amma qorxdum, çox güclüydülər. Ətrafıma baxdım, axı niyə heç kəs reaksiya vermirdi, axı məndən başqa heç kəs görmürdü bu yazıq qadını?!

Artıq Femidanın taqəti qalmamışdı, çoxdan təslim olmuşdu.

Elə bu anda qulağımda sözlər elə cingildədi ki! İntiqam Əliyev – 7 il 6 ay (?). İnsan huquqları müdafiəçisi olduğuna görə, insanların tapdalanmış hüquqlarını qoruduğuna görə 7 il, 6 ay. Və birdən yenidən xatırladım Femidanı. O yoxuydu. Ətrafa boylandım, Femida, əzizim, hardasan deyə qışqırmaq istədim. Amma..

O yoxuydu. Hər gün hər kəsin gözü qarşısında zorlanan ədalət ilahəsi çoxdan çıxıb getmişdi.

Ana səhifəMənim FikrimcəZorlanmış Femidanın gedişi