Zorbalığı güclülük bilən idarəetmə düşüncəsi iflasa məhkumdur

Hüquq -təhlükəsiz və fravan yaşamağın təminatıdır!

Source:


Hüquq -təhlükəsiz və fravan yaşamağın təminatıdır!

Bu təhlili yazımız BMT İnsan Haqları Bəyannaməsinin ərsəyə gəlməsinin 67-ci ildönümünə həsr edilib. İnsan haqları ən aktual problem olmaqla yanaşı, həm də daim diqqət mərkəzində olan və böyük mübahisələrə gətirib çıxaran paradiqmadır. Bəşəriyyət tarixini incələsək aydın olur ki, bütün mərhələlərdə insanlararası və dövlətlərarası münasibətlərin, mədəniyyətlərin, ideologiyaların, maraqların yaratdığı sosial-siyasi vəziyyət çoxsaylı insan itkiləri ilə müşayiət olunub. Müasir günümüzədək bu istiqamətdə müzakirələr və mübahisələr davam etsə də, milyonlarla günahsız insanların axıdılan qanını durdurmaq mümkün olmayıb. Həm öz xalqlarına, həm də bəşəriyyətə qənim kəsilən antidemokratik rejimlərin siyasəti insan faciələrinin qarşısını almaqda əsas əngəl olaraq qalır. Xalqının iradəsini zorla əlindən alan, hüquq və azadlıqlarını heçə sayan, onlara hesabat verməyi təsəvvür belə etməyən avtoritar rejimlər bəşəriyyətin ən böyük bəlası olmaqda davam edir. Təəssüf ki, bəzən normalarla tənzimlənən beynəlxalq münasibətlərdə də insan hüquqlarının təminatının, iqtisadi maraqların üzərində qurulan əlaqələrə qurban verildiyinin şahidi oluruq.



       BMT İnsan Haqları Bəyannaməsi hansı zərurətdən yarandı?

Böyük dövlətlərin ideoloji, iqtisadi və geosiyasi maraqlarının toqquşması nəticəsində yaranan lokal münaqişələr böyüyərək, İkinci Dünya Müharibəsi ilə nəticələndi. Müharibədə iştirak edən dövlətlər bütün resurslarını düşmənə qalib gəlməyə yönəltməklə yanaşı, həm də öz vətəndaşlarının hüquq və azadlıqlarını da kobud şəkildə pozan idarəçilik tətbiq etdilər. O dövrdə insanların ən elementar hüquqları belə təmin edilmirdi. Xüsusilə də faşizmin gətirdiyi insan faciələri və fəlakətləri tarixdə silinməyəcək bir iz qoyub. Təkcə Avropada 50 milyon, dünyada isə 60 milyon insan bu amansız müharibənin qurbanı olub. Ən dəhşətlisi isə odur ki, kütləvi soy qırğınları, işgəncələr, aclıq, səfalət, insanların diri-diri basdırılması, sobalarda bişirilməsi kimi insanlıq adına ləkə olan davranışlar dövlət siyasəti kimi tətbiq olunurdu. Dövlətlərin cəzasızlıq və hüquqsuzluq siyasəti insanları dəhşətli cinayətlərlə üz-üzə qoymuşdu. Müharibədən sonra insan fəlakətlərinin miqyasının nə qədər qorxunc olduğu və milyonlarla insanın da sağlamlığının itirildiyi, əlil olduğu ortaya çıxdı. Yeni dünya düzəninin gətirdiyi düşüncə tədricən özünəməxsus beynəlxalq tənzimləmə mexanizmi yaratdı.



                       Bu konvensiyanın əhəmiyyəti nədən ibarətdir?

Nəhayət ki, BMT üzvü olan dövlətlər insan hüquq və azadlıqlarının dövlətlərüstü qaydalarla tənzimlənməsinin zəruriliyini qeyd etdilər. İlk mütərəqqi addım olaraq, insan hüquq və azadlıqlarının normalarını müəyyən edən BMT İnsan Haqları Bəyannaməsi

10 dekabr 1948-ci ildə qəbul edildi. Qəbul edilən bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, dövlətlərin üzərinə insan hüquq və azadlıqlarını məhdudlaşdırmayacağı öhdəliklərini qoyub. İnsan haqlarının heç bir dövlətin daxili işi sayıla bilməyəcəyi və hər bir üzv dövlətin buna görə məsuliyyət daşıması təsbit olunub. 1950-ci ildən etibarən 10 dekabr İnsan Haqları günü kimi qeyd edilir.



                              Bu hüquqlar daha çox nəyi özündə ehtiva edir.

Bu bəyannamə insan hüquq və azadlıqlarının geniş sərhəddini müəyyən edən ilk sənəddir. Daha sonra insan hüquqlarının genişləndirilməsi istiqamətində xeyli addımlar atılıb və bu proses davam etməkdədir. İnsan amilini yüksək tutan Avropa, bu sənədin əsasında Avropa İnsan Haqları Konvensiyasını qəbul edib. Bu konvensiyada insan hüquqları 3 kateqoriyada ifadə edilir.

Birincisi,

təməl insan hüquqlarıdır ki, buraya yaşamaq, azadlıq, toxunulmazlıq, mülkiyyət, ifadə, vicdan və söz azadlığı, toplaşmaq və birləşmək hüququ daxildir.

İkincisi

, sosial hüquqlardır. Burada təhsil, əmək, tətil, sağlam yaşamaq, sosial müdafiə və digər sosial hüquqlar daxildir.

Üçüncüsü

, isə İKT-nin inkişafından sonra müasir münasibətlərdən doğan hüquqlardır ki, burada da internet hüququ, informasiya əldə etmək hüququ, açıq hökumət, şəffaflıq, vətəndaş iştirakçılığı və başqa bu kimi hüquqlar təsbit olunub. Hətta son 22 ildə 78 ölkədə bu istiqamətdə qanunlar qəbul edilib. Avropa Birliyi insan hüquqlarının daha geniş əhatəsini müəyyən edib. Avropa Birliyi İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsində öz vətəndaşlarına Yaxşı İdarə Olunma hüququnu tanıyıb. Yəni, demokratik idarə olunan dövlətlər öz vətəndaşlarına geniş azadlıqlar təmin etməklə inkişafın, firavanlığın və təhlükəsizliyin geniş coğrafiyasını yaradıblar.



İnsan hüquqlarının qorunması mexanizmləri varmı və dövlətlərə necə nəzarət olunur?



Dinc və müharibə dövrlərinin olmasından asılı olmayaraq, insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. İşgəncələrə, kütləvi qırğınlara və dinc insanlara qarşı törədilmiş cinayətlərə görə cəza mexanizmləri tətbiq olunur. Bu məqsədlə BMT tərəfindən Haaqa tribunalı təsis edilib və hansı ölkədə baş verməsindən asılı olmayaraq, həmin cinayətlərə görə çoxsaylı mühakimələr həyata keçirilib. Təəssüf ki, dünyada elə təcrübələr də var ki, ədalət gücün qarşısında aciz qalıb. Xüsusilə də avtoritar rejimlər və onların himayə etdikləri dövlətlər özlərini ədalət mühakiməsindən qorumağa nail olurlar. Çağdaş qanlı münaqişələrin və çoxsaylı insan fəlakətlərinin birbaşa müəllifləri və onların tənzimlənməsinə əngəl törədənlər də əsasən avtoritar rejimlərdir.  Amma bütün bu kimi neqativ hallara baxmayaraq, gec-tez insan amilini ən böyük sərvət sayan düşüncənin qalib olacağına inanırıq. Faktiki olaraq avropalılar öz daxilində bu məsələni çoxdan həll edib və qonşularını da belə yaşamağa inandırmağa çalışırlar. Avropa İnsan Haqları Məhkəməsi üzv dövlətlərin vətəndaşlarının pozulan hüquqlarının bərpası istiqamətində xeyli ədalətli hökmlər çıxarır və dövlətləri məhkum edir. Belə müsbət nümunələr ölkəmizlə də bağlı mövcuddur və vicdanlı insanlar tərəfindən alqışlanır. Müasir dünyada nəhəng avtoritar rejimlərin cəzasızlığından ruhlanan avtoritarizmə meyllı hökumətlərin öz vətəndaşlarına açıq-aşkar zorbalıq etməsi, hüquq və azadlıqlarını yox sayması halları mövcud olsa da, xeyli çətinləşib.



Bütün dövlətlər İnsan Hüquqları Konvensiyasına sadiqdirmi?

Təəssüf ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Dünya dövlətlərini də məhz bu istiqamətdə iki hissəyə bölmək olar. Birincisi, öz vətəndaşlarının bütün mülki, iqtisadi, sosial, siyasi hüquq və azadlıqlarını tam təmin edən, həm də ən etibarlı şəffaf idarəetmə mexanizmləri ilə qoruyan demokratik dövlətlərdir. İkincisi isə bu hüquqları məhdudlaşdıran, vətəndaşına güvənməyən, seçim və ifadə azadlığını əlindən alan avtoritar idarəçilərin girovu olan dövlətlərdir. Birincilər nəinki İnsan Hüquqları Konvensiyasının prinsiplərinə sadiqdir, həm də onun qorunmasının təminatçısıdırlar. İkincilər isə bu mütərəqqi konvensiyanı öz hakimiyyətlərinə təhdid hesab etdikləri üçün daim onun əleyhinə təbliğat aparır və hər fürsətdə onu gözdən salmağa çalışırlar. Həm öz vətəndaşlarına həm də başqa ölkələrin vətəndaşlarına qarşı insan ləyaqətini alçaldan bütün ağır cinayətləri məhz bu dövlərlər törədir və himayə edir. Qarabağda, Çeçenistanda, Suriyada, İraqda və digər münaqişə ocaqlarında milyonlarla günahsız insanların faciələrində bu dövlətlərin qanlı izləri çox aydın görünür.



                Ölkəmizdə insan hüquqlarının vəziyyəti necədir?

Ölkəmizdə insan hüquq və azadlıqları sahəsində olduqca ciddi problemlər mövcuddur. Son 10 ildə demək olar ki, bütün nüfuzlu beynəlxalq hesabatlarda insan hüquqlarının vəziyyətinə dair narahatlıqlar ifadə olunub. Bu sahədə vəziyyətin dözülməz həddə gəlib çatmasını artıq ən mötəbər beynəlxalq qurumlar da dilə gətirir. Avropa Parlamentinin Azərbaycanda İnsan Hüquqlarının pozulmasına dair son qətnaməsi ölkəmizin beynəlxalq imicini çox ciddi zədələdi. Kiçik bir ölkədə 100-dən çox siyasi və vicdan məhbusu var. Müstəqil QHT-lərin fəaliyyət imkanları qapadılıbsa, müxalif siyasi partiyaların elementar fəaliyyət müstəvisi yox edilibsə, media üzərində xüsusi monopoliya qurulubsa, asan çatıla bilən tək bir görüntülü azad televiziya yoxdursa, ölkəmizdə hansı sosial-siyasi hüquqlardan danışmaq olar? Diqqət etsək görərik ki, Konstitusiyanın 158 maddəsinin təqribən 50 maddəsində insan hüquq və azadlıqları təsbit olunub. Amma Referendum yolu ilə milli iradənin qəbul etdiyi Konstitusiya maddələrini, xüsusilə də fundamental azadlıqları parlament qanunsuz olaraq məhdudlaşdırıb. Hüququn mahiyyəti azadlıq, istisnaları məhdudiyyətdir. Azadlıqların məhdudlaşdırılması ağ vərəqdə qara nöqtələrə bənzəməlidir. Bizdə isə əksinə, qara vərəqdə ağ nöqtələr qoymaqla tənzimlənmə aparılır. Konstitusiyanın vətəndaşlara verdiyi söz azadlığı, ifadə, vicdan, sərbəst toplaşma, məlumat və birləşmə hüquqları, Milli Məclisin 24 dekabr 2002-ci il tarixli, cəmi 6 maddədən ibarət qəbul etdiyi “İnsan Hüquq və Azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi” haqqında Konstitusiya qanunu ilə məhdudlaşdırıb. Bu qanunun 3.6-cı maddəsi, faktiki olaraq Konstitusiyanın 47, 48, 49, 50 və 58-ci maddələrini səlahiyyəti olmadığı halda məhdudlaşdırıb. Təəssüf ki, çox zaman qanunlarla çidarlanmış bu hüquqlar belə təmin edilmir. Hüquqları təmin etmək və qorumaq dövlət orqanlarının əsas vəzifəsi olduğu halda bunun əksini müşahidə edirik. Bu hüquqların pozulmasına qarşı cəmiyyətdə müqavimət hissi tamamilə məhv edilib. Sanki insan hüquq və azadlıqları bütün vətəndaşların deyil, bir neçə ictimai-siyasi qurumların və şəxslərin nəzarət sahəsidir. Halbuki, insan haqları hər kəsin anlamalı olduğu və öz namusu kimi qoruyacağı bir ləyaqət formulu olmalıdır.



Çıxış yollarını tükəndirən repressiv siyasət dayandırılmalıdır



Son dövrlər neftin ucuzlaşması, iqtisadi böhranın dərinləşməsi, qlobal terrorçuluqla beynəlxalq mübarizə tədbirlərinin artması fonunda ölkəmizdə fundamental hüquq və azadlıqların daha çox pozulduğu görünür. Sifarişli qanunsuz həbslərin aparılması, kobud hüquq pozmalarla və insan itkiləri ilə müşayiət olunan əməliyyatların keçirilməsi bunun bariz nümunəsidir. Bir çox qanuna, xüsusilə də dini etiqad azadlığının məhdudlaşdırılması və polisin silahdan istifadəsinə icazə verən qanunlara edilən dəyişikliklər insan hüquqlarının daha da ağırlaşdırılmasının siqnalıdır. Həmçinin, ədalətli mühakimə imkanlarının tamamilə zəifləməsi vətəndaşları daha ağır təhlükələrə sürükləyir. Artıq görünən budur ki, tənqidlərə dözümsüz olan hökumət öz iradəsini vətəndaşlara polis və məhkəmələrin vasitəsilə qəbul etdirmək qərarı verib. Təəssüf ki, günahsız insanların kütləviləşən həbsi dövlət-vətəndaş münasibətlərində etimadsızlığı dərinləşdirir. Əhalinin çoxluğu tərəfindən açıq etiraz ifadə olunmasa da bu qanunsuz əməllər cəmiyyətdə ciddi gərginlik və narazılıq yaradır. Elə təsürat yaranır ki, sanki kimlərsə cəmiyyətin vicdanlı kəsimindən intiqam almağa çalışır.





 Son olaraq…

Unutmamalıyıq ki, əlindəki nəhəng inzibati gücdən suistifadə edib təkəbbürcəsinə öz vətəndaşına meydan oxuyan, siyasi düşüncəsinə görə günahsız həbsə məhkum edən rejimlər müvəqqəti qalib olsalar da, əbədi məğlubiyyətə uğradıqlarını şüuraltı anlayırlar. Odur ki, hər fürsətdə öz vətəndaşları ilə qəddar, amansız davranmağa, fərqlı fikir söyləyən müstəqil və müxalif şəxslərə qarşı dözümsüz olmağa meyllənirlər. Zorbalığı güclülük bilən idarəetmə düşüncəsi iflasa məhkumdur. Bu həqiqəti kim daha tez anlasa, həm özünü, həm də xalqını fəlakətlərdən qoruya bilər. Öz vətəndaşının hüquqlarını pozan rejimlər öz dövlətlərini beynəlxalq aləmin gözündən salmaqla yanaşı, topluma da ağır zərbə vururlar. Vətəndaş dövlətinə o zaman güvənir ki, hər kəs qanun qarşısında bərabər olsun. Əks halda nə o ölkədə hüquq sisteminə, nə də dövlət hakimiyyətinə hörmət ola bilər.

Ana səhifəXəbərlərZorbalığı güclülük bilən idarəetmə düşüncəsi iflasa məhkumdur