Kəmalə Ağazadə: ”Onlar təkcə psixoloji məsləhətlər verməməlidirlər”
Ötən il Azərbaycanda 3256 uşağın zorakılıqla üzləşdiyi bildirilir.
Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin hesabatında belə deyilir. Bildirilir ki, 2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.
Şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər çoxluq təşkil edir
Hesabatda bildirilir ki, ötən il ümumilikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü mobil telefon, 15-i isə mobil sms-lə qeydə alınıb. Zənglərin əhatə dairəsinə Bakı, müxtəlif rayonlar, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya, Şimali Kipr və Qazaxıstan da daxildir. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir.
Uşaqlara psixoloji yardım edilir
2017-ci ildə xidmətə müraciət edən uşaqların sayı əvvəlki ildən az olub. Belə ki, 2016-cı ilin yanvar-dekabr ayları ərzində “Uşaq Qaynar Xətt”inə 3516 zəng daxil olub. Zorakılıqla bağlı müraciətlərin isə sayı 987 olub.
“Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir.
Qaynar xətlərə edilən zənglərin sayı hər il 5 faiz artır
“Uşaq Qaynar Xətt” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq “Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5 faiz artır. Fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə cəmi 32 708 müraciət daxil olub. Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən iki mobil nömrə, üç şəhərdaxili telefon xətti, bir toll-free nömrə və elektron poçt vasitəsilə həyata keçirir. Bundan əlavə Xidmətin Android və İOS telefonları üçün mobil əlavəsi də yaradılıb.
Düşünürəm ki, bu müraciətlərin çoxu psixoloji zorakılıqla bağlı olub
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, çox güman “Uşaq Qaynar Xətt”i daha çox telefonla psixoloji məsləhətlər verir və bununla da fəaliyyətləri yekunlaşır:
“Doğrudur, uşaq xətlərinin olmasına böyük ehtiyac var. Ancaq onlar təkcə psixoloji məsləhətlər verməməlidirlər. Davamlı olaraq uşaqlarla iş aparmalı, həssas ailələri aşkarlayıb, onları nəzarətə götürməlidirlər. Bu gün buna ehtiyac var. Deyilir ki, 3256 uşaq zorakılıqla üzləşib. Düşünürəm ki, bu müraciətlərin çoxu psixoloji zorakılıqla bağlı olub. Fiziki, cinsi zorakılıq faktları olubsa, mənə də çox maraqlıdır, həmin zənglərin gizliliyi qorunub-saxlandığı halda, faktlarla bağlı haralara müraciət edilib?”
Uşaq zorakılığının qarşısının alınması üçün hansı addımlar atılır?
Kəmalə Ağazaə deyir ki, yalnız öz təşkilatlarının gördüyü işlərdən xəbərdardır, həmin işlərə cavabdehdir:
“Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi sırf zorakılığa məruz qalmış uşaqların reablitasiyasını həyata keçirir. 100-dən çox uşağa reablitasiya proqramı tətbiq etmişik. Bu uşaqlar bizə qaynar xətlərdən deyil, konkret olaraq hüquq-mühafizə orqanları və icra hakimiyyətləri yanında qəyyumluq himayəçilik komissiyaları tərəfindən yönəldilib. Onlarla psixoloji, sosial yönümdə işlər aparırıq”.