Zooaktivist: “Mən dedim ki, bu iti özümüzlə aparmalıyıq”

Zooaktivist: “Mən dedim ki, bu iti özümüzlə aparmalıyıq”



Evsiz heyvanların müdafiəsi uğrunda etiraz aksiyasından sonra saxlanılaraq şəhərdən kənara çıxarılan zooaktivistlər ordan hamilə küçə iti ilə qayıdıblar və itə Qızıl adını veriblər.

Zooaktivist Elxan Mirzəyev və dostları Qızılı, təxminən, bir aydan çoxdur ki, Bakı ətrafındakı qəsəbələrdən birində, çöllük ərazidə tapıblar. İtin hamilə olduğunu və doğum vaxtının çatdığını görən aktivistlər çox düşünmədən onu özləri ilə götürmək qərarına gəliblər.

Onlar paytaxtdan, təqribən, 20 km aralıda yerləşən çöllüyə fevralın 23-də şəhərin mərkəzində evsiz itlərin müdafiəsi uğrunda keçirdikləri etiraz aksiyasından sonra “düşüblər”. Aksiyanı tez-tələsik dağıdan polislər son vaxtlar yaranmış ənənəyə uyğun olaraq, etirazçıları zorla avtobuslara doldurublar və şəhərdən xeyli uzaqda yerləşən çöllükdə buraxıblar. Orda maşınla onları aparmağa gələn dostlarını gözləyən Elxan Mirzəyev və digər etirazçılara sahibsiz bir it yaxınlaşıb.

«O, yaxınlaşıb inildəməyə, ağlamağa başladı. Mən baxan kimi onun hamilə olduğunu və doğuş vaxtının çatdığını anladım. İtlər doğmaq istəyəndə insanlara sığınırlar», – Elxan deyir.

Dostları gələndə aktivistlər iti özləri ilə aparmaq qərarına gəlirlər. Qızıldaşda tapdıqları üçün də itə Qızıl adını verirlər.

“Polislərini bizi apardıqları yeri ilk dəfə görürdüm. Sonra öyrəndik ki, bizi buraxdıqları çöllük Qaradağ rayonundakı Qızıldaş qəsəbəsinin ərazisində yerləşir. Ona görə də, itin adını Qızıl qoymaq qərarına gəldik”.

Qızıl elə Bakıya gəldiyi gün səkkiz bala doğub. Zooaktivistlər Qızılı və balalarını fəallardan birinin qarajına yerləşdiriblər. Hər gün onlara baş çəkir, yemək verir, sağlamlıqlarına nəzarət edirlər. E.Mirzəyev, bütün sığınacaqları dolu olduğuna görə, Qızılı qaraja yerləşdirməyə məcbur qaldıqlarını deyir. Sahibsiz heyvanlar üçün sığınacaq adı altında fəaliyyət göstərən rəsmi müəssisələrə isə güvənmirlər.

“Əlbəttə, qaraj onlar üçün ideal yer deyil, amma çöllükdən yaxşıdır. Ən azından, küçələrdə doğulan minlərlə küçükdən fərqli olaraq, burda Qızılın balalarının sağ qalmaq şansı daha çoxdur. Küçüklər iki aylıq olandan sonra Qızılı sterilizasiya edəcəyik, balalarını isə sahibləndirməyə çalışacağıq”, – Elxan deyir.

AZIZ0601.JPG
Qızılın küçükləri zooaktivistin qarajında. Bakı, Mart, 2020-ci il

Atlar, itlər, pişiklər

Zooaktivist Elxan Mirzəyev ixtisasca jurnalistdir. Uzun illər Rusiyada yaşayıb, Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirəndən sonra NTV-də, Birinci Kanalda müxbir, redaktor, prodüser kimi çalışıb. Amma günlərin bir günü hər şeyi atıb və Azərbaycana qayıtmaq qərarına gəlib. Lerikin Günəşli kəndində torpaq sahəsi alaraq özünə ev tikib və çoxdankı xəyalını gerçəkləşdirib: şəhərin səs-küyündən uzaqda sevimli heyvanları ilə birlikdə yaşayır, atları, altı iti, ona yaxın pişiyi var. Pişiklərin də, itlərin də hamısı insanların zorakılığına məruz qalmış sahibsiz heyvanlardır. Elxan onların hərəsini bir yerdə tapıb, sağaldıb, onlara xarakterilərinə uyğun adlar qoyub –Berta, Cessi, Pirat, Dəniz, Kazbek, Minaşka – və onları sahiblənib.

Son dərəcə dəcəl it olan Piratın bir ayağı və bir gözü yoxdur.

«Hansısa əclaf pitbullu onun üstünə qısqırdıb. Pitbull Piratın dal ayağını qopardıb, gözünü zədələmişdi. Bir də belində böyük bir yarası vardı, sanki üstünə qaynar nəsə tökmüşdülər. Həkim dostlarımız Piratın ayağına protez qoymağa çalışdılar, amma alınmadı. Ayağı çürüməyə başlamışdı, məcburən yuxarıdan kəsməli oldular. Gözü də əməliyyat olunub, – Elxan bizə öz heyvanları haqqında danışır. – Bu da Cessidir. O, özünü pişik kimi aparır, ən sevdiyi iş adamın ayağının altında uzanmaqdır”.

Azərbaycan qanunvericiliyində sahibsiz heyvanlara işgəncə vermək, onları öldürmək cinayət sayılmır, bu tip əməlləri törədənlərə sadəcə inzibati cəza- 500 manat cərimə təyin edilir (təxminən, 300 dollar):

« Heyvanların hüquqları ilə bağlı sadəcə İnzibati Xətalar Məcəlləsində üç maddə var: onlardan biri daha çox baytarlıqla əlaqəlidir, biri ev heyvanlarının saxlanma qaydaları haqqındadır, biri də 274-cü maddədir. Bu maddədə deyilir ki, siz heyvanı öldürsəniz, ya da şikəst etsəniz, beş yüz manat cərimə olunacaqsınız”, – Elxan deyir.

Əvvəllər cərimənin məbləği 25-45 manat (təxminən, 15-26 dollar) olub, lakin zooaktivistlər cərimənin artırılmasına nail olublar. Hərçənd bu məbləğin də az olduğunu düşünürlər. Onlar artıq uzun illərdir ki, heyvanların hüquqlarının qorunması uğrunda mübarizə aparırlar və hesab edirlər ki, dövlət sahibsiz heyvanların sterilizasiyası ilə bağlı proqramın tətbiqinə başlamalıdır.

pirat.JPG
Elxanın evindəki Pirat adlı it. Günəşli qəsəbəsi. Mart, 2020-ci il

Stop Toplan!

Fevralın 23-də şəhərin mərkəzində baş tutan aksiyada zooaktivistlərin qaldırdıqları şüarlardan biri də “Stop, Toplan!” idi. “Toplan” – zooaktivistlərin böyük ümidlər bəslədikləri sahibsiz heyvanlara qayğı mərkəzinin adıdır.

2019-cu ilin fevral ayında “Toplan” açılanda heyvansevərlər çox sevinirdilər, artıq evsiz itlərin Bakı küçələrində keçən həyatının, az da olsa, yüngülləşəcəyini düşünürdülər.

Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində yaradılan Mərkəzin açılışında Fondun vitse-prezidenti Leyla Əliyeva da

iştirak edib

. Mərkəz bilavasitə onun himayəsi altındadır.

“Toplan” dövlətdən ayrılan maddi vəsait hesabına fəaliyyət göstərir. Hazırda “Toplan”ın fəaliyyət göstərdiyi ərazidə əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsi yerləşib. Zooaktivistlərin sözlərinə görə, xalq arasında “İt qutusu” adını almış bu idarənin gördüyü işlərdən biri də sahibsiz itləri küçələrdən yığaraq güllələyib yandırmaq olub.

“Əvvəllər oranın adı “sahibsiz heyvanlarla mübarizə idarəsi” olub. Əslində nə işlə məşğul olduqları adından bəllidir. Küçələrdə gəzirdilər, sahibsiz itləri günün günorta vaxtı açıq-aşkar güllələyirdilər. 2013-cü ildə jurnalist Nəzakət Zeynallı idarə əməkdaşlarının küçə itlərini necə güllələdiklərini videoya çəkmişdi. Biz həmin video əsasında idarəni məhkəməyə verdik. Məhkəmə üç il yarım çəkdi. İş Ali Məhkəməyə qədər getdi, sonra yenidən aşağı instansiyalara göndərildi. Bizdən, şikayətimizi geri götürməyimizi istəyirdilər. Amma biz razılaşmadıq. O idarənin qarşısında aksiyalar keçirirdik, yolu bağlayırdıq, hər həftə gedib itləri yemləyirdik, onların öldürülməsinə mane olurduq. Axır ki, oranın bağlanmasına nail olduq. Keçən il Leyla Əliyeva həmin ərazidə “Toplan” sahibsiz heyvanlara qayğı mərkəzini açdı və orda yenidən dəhşət başladı”, – Elxan Mirzəyev deyir.

Fondun rəsmi saytında da, Leyla Əliyevanın rəsmi konfranslardakı çıxışlarında da qeyd olunurdu ki, mərkəz qanuna uyğun olaraq küçələrdən itləri toplamalıdır, mərkəzə aparmalıdır, qısırlaşdırıb, peyvəndlərini vurub təkrar geri buraxmalıdır.

“Bu, bütün dünyada tətbiq olunan bir praktikadır. Bu üsulla həm küçə itlərinin sayı nəzarətdə saxlanılır, həm də balans yaradılır. Amma “Toplan” açıldığı gündən yerini tutduğu idarə- “İt qutusu” kimi fəaliyyət göstərir. Küçələrdən toplanıb ora aparılan sahibsiz itlər haqqında məlumat ala bilmirik. Hara yoxa çıxır, onlara nə edirlər, məlum deyil”, – 23 fevral aksiyasının təşkilatçılarından biri, təxminən, üç ilə yaxındır ki, sahibsiz heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olan Nicat İsmayılov söyləyir.

Onun sözlərinə görə, mərkəz açıldığı vaxtdan ora hər gün əlliyə yaxın it aparılır və o itlər yoxa çıxır.

Mərkəzin işçiləri gətirilən itləri sterilizasiyadan sonra küçələrə geri qaytardıqlarını bildirirlər.

“Statistikaya görə, mərkəzə ildə 20 minə yaxın it gətirilir. O itləri küçələrə geri qaytarsaydılar, biz onları qulaqlarında “Toplan”ın nişanı ilə Bakının küçələrində görməliydik. Amma görmürük”, – Nicat İsmayılov deyir.

Zooaktivistlər dəfələrlə mərkəzdə küçələrdən tutulub gətirilən itləri, onların saxlandıqları yeri görmək istəsələr də, onları içəri buraxmayıblar: “Qəribədir ki, heyvanlara qayğı mərkəzini silahlı polislər qoruyur. Bizi mərkəzin heç əlli metr yaxınına da buraxmırlar”, – Nicat deyir.

“Stop Toplan!” heyvansevərlərin keçirdiyi, təxminən, beşinci aksiyadır. Ondan əvvəl mərkəzin, Bakı İcra Hakimiyyətinin qarşısında, Bakı Bulvarında da etiraz aksiyaları keçirilib.

Etirazçılar “Toplan”da yoxa çıxan heyvanlar haqqında məlumat verilməsini, sahibsiz heyvanların öldürülməsinə son qoyulmasını tələb edirlər.

“Biz bulvardakı sahibsiz heyvanlara nəzarət edirdik, onların əksəriyyətini qısırlaşdırmışdıq, peyvəndləyib, qulaqlarına nişan taxmışdıq. Bulvarın yaxınlığında yaşayan heyvansevərlər onları gündə üç dəfə yedizdirirdilər. “Toplan”ın işçiləri gəlib o itləri apardılar, – Elxan deyir. – Belə şeylərə görə, biz “Toplan”ın fəaliyyətinə etiraz edirik. Polis bizim bütün aksiyalarımızı dağıdır. Amma biz geri çəkilməyəcəyik”.

AZIZ2109.JPG
Elxan Mirzəyevin bütün itləri əvvəl evsiz idilər. Günəşli qəsəbəsi. Mart, 2020-ci il

Mənim ürəyimdə insanlığı onlar oyadıblar


“MƏNİM ÜRƏYİMDƏ İNSANLIĞI ONLAR OYADIBLAR”

Azərbaycanda işgəncə görmüş sahibsiz itləri küçələrdən xilas eləyib sağaldan, sonra da yanında saxlayan 500-ə yaxın insan var. Eyni zamanda üç rəsmi, iyirmiyə yaxın lisenziyasız, qeydiyyatdan keçməmiş sığınacaq fəaliyyət göstərir.

Amma Elxan Mirzəyev sığınacaq sözünü sevmir, onlara qarşıdır.

“Məsələn, biz istəyərik ki, həbsxanada oturaq? Nə olsun ki, yeməyimizi verirlər, hərdən də gəlib vəziyyətimizi yoxlayırlar? Sığınacaq da, təxminən, belə bir şeydir. Odur ki, sığınacaq olmamalıdır, hər itin, hər pişiyin öz ailəsi olmalıdır”.

E.Mirzəyev də hesab edir ki, küçə heyvanları ilə bağlı problemi həll etmək o qədər də çətin deyil. Sadəcə heyvanlara isgəncə verilməsi və öldürülməsinə görə cəzanı sərtləşdirmək, heyvanların sterilizasiya və vaksinasiyası ilə bağlı proqramı tətbiq etmək lazımdır. Bir də insanlara, heyvanlara qarşı sevgi aşılamaq çox vacibdir.

“İnsanlar it saxlasalar, həyatda əvəzsiz dost taparlar, – Elxan Mirzəyev deyir. – “Mən itlərlə, pişiklərlə nə qədər çox ünsiyyətdə oluramsa, bir o qədər çox başa düşürəm ki, əslində biz onları yox, onlar bizi xilas edirlər. Mənim ürəyimdə insanlığı onlar oyadıblar”.


“Mediaseti”nin dəstəyi ilə

ай.JPG
Elxan Mirzəyevin bütün itləri əvvəl evsiz idilər. Günəşli qəsəbəsi. Mart, 2020-ci il
Ana səhifəVideoZooaktivist: “Mən dedim ki, bu iti özümüzlə aparmalıyıq”