”Ağcabədi, Goranboy və Füzuli rayonları sərəncamda olmasa da, diqqətimizdədir”
Son zamanlar qoşunların təmas xəttində gedən döyüşlər nəticəsində sərhədyanı ərazilərdə yerləşən rayonlara xeyli ziyan dəyib. Qarşı tərəfin ağır artilleriya və iriçaplı silahlardan intensiv atəş açması nəticəsində bir xeyli ev dağılıb.
Xarici İşlər Nazirliyi dəyən zərərlə bağlı məlumat yayıb. Rəsmi məlumata görə, qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz qalıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb.
XİN cəbhə bölgəsində dağılan evlərlə bağlı məlumat yayıb
Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub.
Ümumilikdə, 5 rayon – Ağdam, Füzuli, Goranboy, Tərtər və Ağcabədi zərər görüb. Elə ona görə də prezident zərər çəkən rayonlarlarla bağlı sərəncam imzalayıb. Ancaq nədənsə 5 rayona ziyan dəysə də, prezidentin sərəncamı 2 rayonu əhatə edib. Sərəncam yalnız Ağdam və Tərtər rayonlarının əhalisinə dəymiş ziyanın aradan qaldırılmasını nəzərdə tutur.
Ağdam və Tərtərə ümumilikdə 6 milyon vəsait ayrılıb
Bildirilir ki, 2016-cı il aprelin ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Dəymiş ziyanın aradan qaldırılması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Ağdam və Tərtər rayon icra hakimiyyətlərinin hər birinə üç milyon manat olmaqla cəmi altı milyon manat ayrılıb.
5 rayona ziyan dəydiyi təqdirdə niyə təkcə, Ağdam və Tərtər?
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin əməliyyatlar üzrə meneceri Əhməd Əhmədov deyir ki, doğrudur, prezidentin sərəncamında yalnız Ağdam və Tərtər rayonlarının bərpasına vəsait ayrılıb. Ancaq digər rayonlarla bağlı da işlər gedir:
“Biz müəyyən xırda işlər görürük. Füzulidə çox ev dağılmayıb. Cəmi 1-2 evdir. Goramboyun 3 kəndində isə dağılan evlər var. Biz hazırda bunlarla məşğuluq. Dağılan evlər, dəyən ziyan ölçüb-biçilir. İşlər gedir, camaatla söhbət olunur. Xırda ziyan dəyən evlərə material veririk. Məsələn, şüşəsidi, dam örtüyüdür və s. Güclü dağıntılar isə qeydə alınır. Onlar barəsində də tədbir görüləcək. Cənab prezident Ağdam və Tərtərə getmişdi deyə sərəncamda həmin rayonların adı var. Ağcabədi, Goramboy və Füzuli rayonları sərəncamda olmasa da, diqqətimizdədir”.
“Əhaliyə dəymiş ziyanın qarşılanması qaydası bəlli deyil”
Hərbi təhlilçi Cəsur Sümərinli deyir ki, belə hallarda əhaliyə dəyən ziyanın iki təzminatçısı olmalıdır: taktiki (qısamüddətli) anlamda Azərbaycan, strateji (uzunmüddətli) anlamda isə Ermənistan dövləti. Ümumilikdə insanlara dəyən ziyanın qarşılanması ilə bağlı məsələnin dörd əsas tərəfi var: 1) qanunvericilik, 2) iqtisadi, 3) hərbi və 4) siyasi.
Ekspert bildirir ki, qanunvericilk tərəfi ilə bağlı məsələlər dövlətin sığorta-təzminat qanunvericiliyi siyasəti və eyni zamanda cəbhə xəttində yaşayanların xüsusi statusuna aid qanunlarla ilə müəyyən olunmalıdır:
“Amma bu istiqamətdə Azərbaycanda ciddi boşluq, sığorta siyasətində çatışmazlıq olduğundan müharibə (münaqişə, hərbi toqquşma) zonasında olan əhaliyə dəymiş ziyanın qarşılanması qaydası bəlli deyil. Eyni zamanda cəbhə xəttində yaşayanların xüsusi statusuna dair hər hansı qanunun olması barədə məlumat yoxdur”.