Meydan. TV kəpənəklərlə bağlı mövzunu davam etdirir. Bu dəfə ziyalılarımızın kəpənəklərlə bağlı xatirələrini öyrəndik.
Politoloq
Hikmət Hacızadə
deyir ki, kəpənəklərlə bağlı çox romantik xatirələri var: Əvət, kəpənəklər mənim gəncliyimdə böyük məna daşıyırdı. Çünki, kəpənəklər rokun və hippilərin simvolu idi. onlar həm də gəncliyin öz dünyasının, rəngarəngliyin, yaradıcı mühitin simvolu idi. Gəncliyimdə hər yer mənə rəngli kəpənək kimi görünürdü. Gəncliyimizin qızları da elə kəpənək idilər. Ən çox sevdiyim kəpənəklər isə, mina gərdən, zülf pərişan, bel nazik kəpənəklərdir».
«Bəs, cavanlığınızda heç kəpənək tutmusunuzmu? Tutmasanız da, arxasınca qaçmısınızmı?» sualına isə demokrat Hikmət Hacızadə belə cavab verdi: «Olub, olub, çox şey olubö Hətta deyim ki, bəzən də kəpənək məni tutmuş idi…»
Əli Əkbər: «Kəpənək məsələsində mən Nabokova uduzuram»
Yazıçı Əli Əkbərin isə əksinə, kəpənəklərlə heç bir problemi yoxdur:
«Mənim kəpənəklərə münasibətim yaxşıdır. Gözəl xatirələrim də var. Amma etiraf edirəm ki, bir yazıçı olaraq, Nabokova təkcə yazarlıq ustalığında yox, həm də kəpənəkbazlıqda unuduram. Nabokov entomologiya, kəpənək elmi ilə maraqlanırdı. Onun sayəsində nə qədər kəpənək tanımışıq. Hətta iyirmi növ kəpənək onun şərəfinə «Nabokovia» adlandırılıb. Nabokovun ixtisası isə lepidopterologiya olub – yəni adam hər kəpənəklə də oynamayıb, xüsusi növlərinə marağı olub. Hesab edirəm, biz mümkün qədər, Nağokov qədər olmasa da, bacardıqca kəpənəklərə yaxınlaşmalıyıq.
Tora Ağabəyova: «Uşaqlıqdan kəpənəklərdən qorxurdum»
Rəssam Tora Ağabəyova uşaq vaxtı kəpənəklərdən çox qorxduğunu deyir:
– Uşaq vaxtı kəpənəklərdən qorxurdum. Əvvəl qurd olurlar, sonra ətraflarında şəffaf, içi mayeli tor əmələ gəlir. Sonra da bu qurdlar olurlar qanadlı qurd. Kəpənəklərin qanadları nə qədər gözəl, parılılı olur, olsun, mən buna aldanmıram. Çünki bədəni qurd bədənidir və iyrəncdir. Ömrümdə bircə dəfə, uşaqlıqda kəpənək tutmuşdum, qanadlarının tozu barmağıma bulandı, iyrəndim. O vaxtdan başa düşdüm ki, kəpənəklərlə mənimki tutmur.
Rəna Əfəndi: «Kəpənək qarşısındakı günah hissim sonradan fotoqraf vicdanına çevrildi»
Məşhur fotoqraf Rəna Əfəndi üçünsə kəpənəklər olduqca yaxın mövzudur, axı Rəna xanımın atası lepidopteroloq olub, yəni kəpənəklərlə elm kimi məşğul olub :
«Atam mənə deyəndə ki, kəpənəklərin ömrü orta hesabla bir həftə çəkir, mən çox məyus oldum. Halbuki, onun öz kolleksiyası üçün 30 min kəpənək öldürdüyünü bilirdim.
Bir dəfə atam məni özü ilə kəpənək tutmağa apardı. O vaxt yeddi yaşım vardı, təbiət qoynunda elə də tez-tez olmurdum. Atamla çadırımızı yaşıl çəmənliyin ortasında qurduq. Gecə yağış yağdı, yatdığım döşək səhərə yaxın tamam islandı. Gecəni yuxusuz qalmışdım, ayaqlarım pambıq kimi idi və elə bu halımla da dan üzü, lam səhər havasında kəpənək tutmağa başladım. Torla birini tuta bildim. Kəpənəyin məxməri qanadlarından yapışdım, barmaqlarım onun titrəyişini hiss edirdi. Nahamar barmaqlarım onun qanadlarında yağlı izlər buraxmışdı. Günah hissi məni bürüdü və mən kəpənəyi buraxdım. Kəpənək ağır-ağır havaya qalxdı, havada sanki büdrəyi, axsayırdı. Atam mənə dedi:
– Sən toxunandan sonra, onun həyatı daha qısa olacaq. Mən daha da məyus oldum.
Kəpənəyə qarşı bu günah hissi bir sonradan bir növ fotoqrafın vicdanına çevrildi. İnsanların çıxılmaz vəziyyətlərdə şəkillərini çəkdiyimə görə mən tez-tez özümü günahkar hiss edirəm. Şəkli çəkəndən sonra mən öz rahatlığıma qayıdıram, onlar isə həmin kəpənək kimi «axsaya-axsaya, büdrəyə-büdrəyə» öz fağır vəziyyətlərində qalırlar…