Ziyalı kimi ölmək

Özünü biyabır etməmiş …

Source:

Rus kinosunun ən doğma, ən isti adlarından biri, rejissor Eldar Ryazanovun ölümü xəbərin oxudum. Gülümsədim, nəsə bir məmnunluq, bir razılıq hiss elədim. Sonra düşündüm ki, bu qəribə ovqatın səbəbi nədir? Axı niyə kiminsə, özü də sadəcə kiminsə deyil, filmlərinə baxa-baxa, gülə-gülə, nələrsə tapa-tapa böyüdüyümüz, böyüyəndən sonra ikinci, üçüncü, dördüncü dəfə, başqa gözlərlə, başqa fikirlərlərlə baxdığımız bir sənətkarın ölümü niyə adamın üzünü güldürməlidir ki? Mən onun ölümünə sevinirəmmi?

Bəli. Sevinirəm. Sevinirəm ki, Eldar Ryazanov bu yaşa çatdı, son iyirmi ildə ölkəsinin mənəvi deqradasiyasını, hakimiyyətinin murdarlığını, bəzi məsələlərdə xalqının böyük qisminin rəsmən dəli olmasını gördü, gördü və dözdü. Dözdü və sınmadı, əyilmədi, yaltaqlanmadı, sağlam, qəti vətəndaş mövqeyi sarsılmadı. Bizim dörd hakimiyyət dövründə dörd dəfə sifət, mövqe dəyişən, hamı ilə gözəl dil tapan, heç bir kompleks, utanc, həya hissi yaşamadan da ziyalı, sənətkar adını özlərinə yaraşdıran ziyalılarımız kimi olmadı.

Sovet dövrü də sözünü dedi, yeni hakimiyyət dövründə də dedi. Ləyaqətlə qocaldı, ləyaqətlə öldü. Etiraf edək ki, bu asan deyil. Biz elə bir ölkədə yaşayırıq ki, hörmət, ehtiram bəslədiyimiz ziyalının, sənətkarın qocalmasını qorxa-qorxa, ürəyimiz əsə-əsə müşahidə edirik. Elə deyiririk ki, bu gün nəsə axmaq, mövqesiz, ya da idbar bir şey deyəcək, kiməsə yaltaqlanacaq, hansısa əclafın birini dəyər elan edəcək, kiməsə mədhiyyə yazacaq, qalacağıq belə. Azmı oldu? Azmı hörmət, ehtiram bəslədiyimiz ziyalının məmura mədhiyyə yazdığını, döşünə orden taxıldığını, hakimiyyətin uzaqgörən daxili və xarici siyasətini dəstəklədiyini gördük?

Elə bil, and içmişdilər ki, ləyaqətlərini, mövqelərini itirmədən, özlərini biyabır etmədən yaşlanmayacaqlar. Elə bil, and içmişdilər ki, əsl ziyalı, sənətkar kimi ləyaqətlə ölməyəcəklər. Ölümlərinə bir neçə il qalsa da, özlərini biyabır edib, gözdən salacaqlar. Elə bil, and içmişdilər, söz vermişdilər. Buna görədir ki, yaşllanmış, qocalmış milli ziyalıların çoxu bizim üçün sanki itirilmiş ləyaqətin, şərəfin, laxlamış mövqenin başqa bir adı, sinonimidir.

Görün, vəziyyət nə yerdədir ki, biz sevinirik, dəhşətli dərəcədə sevinirik ki, Mirzə Cəlil, Cəfər Cabbarlı kimi adamlar ötən əsrin otuz yeddinci illərinə qədər yaşamadılar, vaxtında ölüb, canlarını qurtardılar. Hələ bilmək olmazdı, onlar yaşasaydılar, nə olacaqdı? Ya Səməd Vurğun kimi öz qələm dostlarından “donos” yazacaqdılar, ya da Huseyn Cavid kimi dəhşətli işkəncələrə məruz qalacaqdılar. Bilmək olmaz. Buna görə də, biz onların bir növ vaxtında bu dünyadan köçüb, getmələrinə sevinməliyik.

Eldar Ryazanovun ölümü isə, müstəsna sənətkar ölümüdür ki, həm gec gəldi, həm də sənətkar özünü biyabır etməmiş, mövqeyini itirməmiş, ləyaqətini əldən verməmiş gəldi. Əgər Tanrı varsa, bizim hamımıza belə ölüm qismət eləsin.

Tanrı yoxdursa da, özümüz çalışaq ki, ləyaqətimizi itirmədən ölə bilək.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəZiyalı kimi ölmək