”Müxalifətdən Azərbaycanda hakimiyyətə gələcək bir qüvvə görmürəm”
“İndi bir İlqar Məmmədovla bağlı düşüblər Azərbaycanın üstünə. Xeyir ola? Mən İlqar Məmmədovu siyasi məhbus hesab etmirəm. O, konkret cinayət əməlinə görə konkret cəzasını alıb”.
Bu sözləri APA-ya müsahibəsində Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
“Avropada kimlərsə xüsusi maraqlıdırlarsa ki, filankəslər buraxılmalıdır, bu, yanlış variantdır. Bizimlə göstərişlə, vaxt qoymaqla danışmaq olmaz. Biz Avropa Məhkəməsinin qərarlarını icra edirik, müəyyən etdikləri miqdarda hətta təzminat da ödəyirik. Avropa Məhkəməsinin digər ölkələrdə 10 min qərarı yerinə yetirilməyib. Niyə buna susurlar, ancaq bizim üstümüzə düşüblər? Öz gözlərində tiri görmürlər, Azərbaycana gələndə hər şeyi mikroskopla axtarırlar. Azərbaycanla vaxt qoyub, diktə dili ilə danışmaq effektli siyasət deyil. Oturub danışmaq, müzakirə etmək lazımdır”- Z.Əsgərov bildirib.
Vitse-spiker hesab edib ki, Azərbaycan Avropa Şurasından çıxsa, heç nə dəyişməyəcək:
“Bu məsələni ölkə prezidenti və parlament həll edir. Amma onu sizə konkret deyim ki, cənab prezidentin dediyi kimi, biz Avropa Şurasını tərk etsək, heç nə dəyişməyəcək. Yəni açıq deyək, bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. Bundan başqa, Avropa Şurasından, onun Parlament Assambleyasından çox böyük narazılıqlar var. Bu qədər ərazimiz işğal olunub, bu qədər Ermənistan tərəfindən Azərbaycana qarşı terror aktları törədilib, ölkəmizdə qaçqın və köçkün problemləri var və sair… Bu qədər problemlərin qarşısında Ermənistana heç bir sanksiya tətbiq edilmir, bir söz deyilmir. Niyə? Nədən? Yəni bu təşkilat bizə nə verir? Nəyə lazımdır? Düzdür, bu təşkilatda Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bir-iki sənəd qəbul olunub. Amma iş bununla bitmir axı. İş elə burada da dayanıb. BMT Təhlükəsizlik Şurası da 25 il əvvəl 4 qətnamə qəbul edib və kağız üzərində qalıb. Bu qətnamələri, sənədləri qəbul edirsənsə, icrası ilə də maraqlanmalısan ki, niyə icra olunmur”.
Z.Əsgərov müxalifətin keçirdiyi mitinqlərə də münasibət bildirib:
“Mən müxalifətin say artımında, fəallığında bir şey görmürəm. Amma mitinq keçirirlərsə, bu, Azərbaycanın demokratikliyindən xəbər verir ki, onlar da öz sözlərini deyirlər. Amma sizə konkret əminliklə deyim ki, müxalifətdən Azərbaycanda hakimiyyətə gələcək bir qüvvə görmürəm. Onlarda o güc yoxdur. İçlərində bununla bağlı hansısa bir uğur əldə edəcək kimsə yoxdur”.
İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.
2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb, dərhal azad edilməlidir.
AİHM-nin bu qərarı icra edilməyib.
Avropa Şurası Nazirlər Komitəsinin 2017-ci il 19-21 sentyabr tarixli iclasında İlqar Məmmədovun işi ilə bağlı müvəqqəti qətnamə hazırlanması barədə qərar qəbul edilib. Sənəddə Azərbaycanın nəzərinə çatdırılır ki, oktyabrın 25-dək AİHM qərarı yerinə yetirilməyəcəyi təqdirdə ölkəyə qarşı İnsan haqları konvensiyasının 46-cı maddəsi (Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi) tətbiq oluna bilər. Qətnamə oktyabrın 25-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.