Ziya Məmmədov: Öz başına deyiləm ki

İki nazirlik birləşdirildi

Source:


İki nazirlik birləşdirildi

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə və və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır (

president.az

).



Nazirlər Kabinetinə 2 ay vaxt verildi

Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Prezidentin müvafiq sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Ramin Quluzadə foto APA



“Bu işlər mənim səlahiyyətimdə deyil”

Ziya Məmmədov gununsesi.info-ya sözügedən sərəncamla tanış olmadığını deyib:

“Buna baxmayaraq, hər bir halda prezidentin qərarları müzakirə edilməməlidir və şərhə ehtiyac yoxdur”.

Amma sabiq nazir “musavat.com”-a bildirib ki, bu mövzunu hələlik şərh etmək istəmir:

“Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq”.

Sabiq nazir “bundan sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab verib:

“Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil”.



Nazim Bəydəmirli: “Prezidentin sərəncamı gözlənilən idi”

İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamını Meydan TV-yə şərh edərkən xatırladıb ki, bir neçə il əvvəl Nazirlər Kabinetinin Gürcüstan modelində qurulması barədə təkliflər səsləndirib:

Nazim Bəydəmirli foto Meydan TV

“Bu qurum Gürcüstanda Nəqliyyat və İnfrastruktur Nazirliyi adlanır və iqtisadi inkişaf, nəqliyyat və rabitə sahəsini özündə birləşdirir. Sosial Nazirlik də səhiyyəni özündə ehtiva edir. Məsələn, dünya ölkələrinin bir çoxunda Gömrük Komitəsi yoxdur, bu mənada adıçəkilən qurumun ləğv olunması da vacibdir. Ümumiyyətlə, normal ölkələrdə Nazirlər Kabineti dedikdə 20-ə yaxın adamı nəzərdə tutulur, baş nazirin 2-3 müavini müvafiq nazir vəzifəsini daşıyırlar və ictimai vəzifə kimi qeyd olunur. Ona görə prezidentin sərəncamı gözlənilən idi və bunun davamını gözləyirəm. Xüsusilə komitələri, nazirlikləri, səhmdar cəmiyyətləri və icra hakimiyyətlərini özündə birləşdirən bir mexanizmə ehtiyac var, bu, daha mobil, dinamik, dövlət xərclərinin azaldılması üçün lazımdır”.

İqtisadçı Qadir İbrahimli də prezidentin sərəncamını dövlət, idarəetmə xərclərinin və bürokratiyanın azaldılması baxımından təqdir edib:

“Bəlkə bir qədər gecikmiş sayılsa da, vacib idi. Məsələ ondadır ki, Nəqliyyat Nazirliyinin xeyli səlahiyyəti məhdudlaşdırılmışdı və Ziya Məmmədov portfelsiz nazir funksiyası daşıyırdı. Amma aparatın, strukturun saxlanılması üçün xərclər qalırdı”.

Qadir İbrahimli foto: sosial şəbəkə

İqtisadçı hesab edir ki, bu proses digər nazirliklərlə davam etdirilməlidir:

“Hazırda Nazirlər Kabinetinin tərkibinə 35 struktur daxildir. Bu, 10 milyonluq əhali üçün çoxdur. Bəzi nazirliklərin ləğvi, digərlərinin birləşdirilməsi daha effektiv idarəetmə yarada bilər. Hər halda yaxın zamanlarda gedişatın hansı istiqamət üzrə gedəcəyinin şahidi olacağıq”.


Tarixçə:

Azərbaycan prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Əsasnaməyə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olub. Nazirlik həmçinin nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirib, bu sahəyə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər görüb. Həmçinin nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramlarının, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edib.

Son bir neçə il ərzində nazirliyin tərkibinə daxil olan bir neçə struktur ondan ayrılıb, müstəqil qurum və ya başqa qurumların tabeliyinə verilib. Məsələn, prezident İlham Əliyevin 2015-ci ilin sentyabrın 18-də imzaladığı fərmanla “Azərbaycan Dəmir Yolları ” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib. Həmin ilin dekabrın 28-də “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat Nazirliyinin yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi səlahiyyətləri “Azəravtoyol”a verilib. Həmçinin, Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edərək Bakıda sərnişin daşımaları ilə əlaqədar Nəqliyyat Nazirliyinin səlahiyyətlərini ləğv edib. Əgər bu qaydaya qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdisə, sözügedən qərardan sonra şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri “Fərqlənmə nişanı”nı Bakı Nəqliyyat Agentliyindən almağa başlayıb.

Ana səhifəXəbərlərZiya Məmmədov: Öz başına deyiləm ki