Zığa düşmüş su problemi (VİDEO)

 “Bura texniki, yeraltı su mənbəyidir. Bunun əsrlərlə yaşı var. Əhali təhlükəli də olsa, bu sudan istifadə edir. Bu, içməli su deyil, texniki sudur. Ölüm saçan su mənbəyi demək olar bura”- Zığ qəsəbəsinin sakini Ağası Əzizli yeraltı su mənbəyinə enərək bunları danışır. O üç-dörd pillədən sonra dayanır, daha aşağı düşməyin təhlükəli olduğunu deyir çünki yerə endikcə yol daralır və elektrik xətləri çiyinlərinə toxuna bilər.


20 ildir susuz qəsəbə

Zığ qəsəbəsinin mərkəzində hər evin çəni var. Sakinlərin evinə 20 ildir su gəlmir. Qəsəbə suya olan ehtiyacının yarısını texniki su mənbəyi ilə ödəyir. Amma havalar isindikcə, şor sular da quruyur. “ 150 manat pensiya alıram, onu suya verirəm. Oğlum da xəstədir, birinci qrup əlildir. Üç uşağı var, məktəbə gedirlər. Onların pal-paltarın yumağa su yoxdur. İndi su qurtarsa, mənim pulum yoxdur su alam”- qəsəbə sakini Münəvvər İsrafilova şikayətlənir.

Qəsəbə sakini Siyagül Göyüşova deyir ki: “Mədən suyuna möhtac qalmışıq. O da şor sudur, amma işlədirik. İçməli suyu maşınla alırıq. Pulumuz yoxdur bizim, daha pul çatdırmaq olmur”

Sakinlər ayda 30-40 manat verib bir və ya iki dəfə çənləri su ilə doldururlar. Pulu olmayanlar isə uzaq məsafələrdən plasmas qablarda su daşıyırlar. Havalar isindikcə, sakinlər daha çox enerji və pul xərcləyirlər.

Qəsəbə sakini maşının yük yerini açıb indi gətirdiyi suyu göstərir. Plasmas qablara doldurulan su bir-iki günə bəs edir. Sakin deyir ki, suyu Pirdən gətirir: “Özümüz neçə ildir bu qəsəbədə yaşayırıq, su üzünə həsrətik”.

“Su yoxdur deyə ağac quruyub”- sakin Ağası Əzizli göstərir. Yerə yıxılan ağacın kökü quruyub. Həyətdəki hovuza doldurulan şirin su da azalıb.


Qarabağ əlili : “Bayaq mən hamamda qaldım”

Qarabağ əlili Qulamhüseyn Həsənov əlilliyinə görə verilən müavinətin su almağa bəs etmədiyini deyir. O, hər su qurtaranda taksi tutub, evinə su daşıtdırır. “ Bayaq mən hamamda qaldım. Güc-bəla ilə oradan çıxdım. Gedib çəni də çəkə bilərsiniz. Bax bu yeraltı su da gəlmir. Bu da mənim çənim. Su yoxdur, susuz qalmışıq”

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Zığ qəsəbəsinə su çəkilməli idi. 2013-cü ildə Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda İlham Əliyev deyirdi:

“Bakı, Bakıətrafı qəsəbələr, bütün şəhərlər, rayon mərkəzləri kanalizasiya, içməli su ilə təmin edilməlidir və bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub. Amma yenə də deyirəm, bu hədəflər reallığı əks etdirməlidir.

Əlbəttə, mən çox istərdim ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu layihələr başa çatsın. Ancaq yəqin ki, bu, mümkün olmayacaq. Ona görə real hədəf ondan ibarətdir ki, gələn ilin sonuna qədər əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri başa çatsın. Mən hesab edirəm ki, biz buna 100 faiz nail olacağıq”. Problemin 100 faiz həll olunacağı vəd edilən 2014-cü ildə su problemi həll olunmadı. Sakinlər  qəsəbəyə ayrılan pullardan xəbərdardırlar. Amma bu pulların hara xərcləndiyini bilmirlər.

Qulamhüseyn Həsənov: “ Zığa pullar ayrılıb, 20 min nə qədər…2012-ci ildə dedilər su çəkiləcək, getdi 2015-ci ilə. İndi də 2016-cı ilə saxlamışıq deyirlər”.

Siyagül Göyüşova – “Su problemi Olimpiyadanı gözləyir, bilmirəm. Deyirlər, Olimpiya Oyunlarından sonra gələcək, yalandır, doğrudur, bilmirəm”

2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrində su problemini həll etmək üçün dövlət büdcəsindən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə 115,5 milyon manat ayrılıb.  Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu il ərzində Zığ qəsəbəsində su probleminin həlli ilə bağlı iş görəcəklərini bildirir.

“Kənd üzrə layihələrimizi işləyib hazırlamışıq, o cümlədən də Zığ qəsəbəsinə dair… Zığ qəsəbəsində yəqin ki, 2015-ci ildə müəyyən işlər görəcəyik”.


Qəsəbəyə çatmayan 21-ci əsr

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov bildirir ki, 2014-2016-cı il dövlət proqramı çərçivəsində qəsəbəyə su veriləcək. “Yeni Günəşlidə tikilən 100 min tonluq su anbarı ilə Zığ qəsəbəsi su ilə təmin olunacaq. İş yekunlaşmaq üzrədir. 2014-2016-cı ilə dövlət proqramı çərçivəsində bu iş yəqin ki, yekunlaşacaq”.

Sakinlər isə bu şəraitdə yaşayışlarını 21-ci əsrə uyğun hesab etmirlər. Qulamhüseyn Həsənov : “20-ci əsrdir, amma biz deyirik 21-ci əsrdə yaşayırıq. Amma 21-ci əsr görmürəm mən”.

Ana səhifəVideoZığa düşmüş su problemi (VİDEO)