”Zibillikdən tapdığım paltarları aparıb balalarıma geyindirirəm”

Həyat yoldaşından uzun illər öncə boşanan şikayətçinin tək istəyi övladlarının müayinə və müalicəsinin pulsuz həyata keçirilməsidir

Source: meydan tv


Xaçmaz sakini: ''Bu gün-sabah yıxılıb, ölsəm, uşaqlarım məndən əvvəl öləcək''

“Oğlumun 30 yaşı var, fiziki və əqli qüsurludur. Yaşı artdıqca, səhhəti daha da pisləşir. Görmə qabiliyyətini demək olar ki, itirmək üzrədir. Səhhətinə görə dövlətdən pensiya alırıq, amma bu pulla dolanmaq olmur. Dərmanları çox bahadır”.

Xaçmaz sakini Səbirə Əliyeva belə deyir.

İki övladı və bir nəvəsi ilə şəraitsiz, təmirsiz, kiçik bir evdə yaşayan qadın ailənin yeganə gəlir gətirənidir. Deyir ki, aylıq gəlirləri nəinki oğlunun dərmanlarını almağa, hətta dolanışığa pulları çatmır:

“Oğlum doğulandan sonra sepsiz (qan zəhərlənməsi-red) olub, iynə-dərmanla saxlamışıq. Əqli zəifliyi həmçinin, nitqində qüsur var, 30 yaşındadır. Bəzən görürsən ki, küçələrə düşür. Yolda adamlardan pul istəyir. Özüm də xəstə adamam, bu gün-sabah yıxılıb, ölsəm, uşaqlarım məndən əvvəl öləcək. Çünki ailəni mən dolandırıram. Buna dolandırmaq demək olarsa, restoranlarda, kafelərdə günü 6 manata işləyirəm”.

zibillik.jpg
Səbirə Əliyeva oğlu Rüfətlə

Səbirə Əliyevanın sözlərinə görə, oğlu Rüfətlə yanaşı, qızı Gülçiçəyin də səhhətində ciddi problemlər var:

“Qızımın göz damarlarında problem var. İnkişaf yoxdur, görmə qabiliyyəti də getdkicə zəifləyir. İki övladım var, bir də qız nəvəmə mən baxıram. İşləməyəndə olmur, dolanışıq ağırdır. Evimizin yaxınlığında böyük bir zibilxana var. Həmin zibillikdən paltarları tapıram, aparıb balalarıma geyindirirəm. Heç nə ala bilmirəm, çox çətin vəziyyətdəyəm”.

image_from_ios (3).jpg
Səbirə Əliyevanın evi

Həyat yoldaşından uzun illər öncə boşanan şikayətçinin tək istəyi övladlarının müayinə və müalicəsinin pulsuz həyata keçirilməsidir:

“Yoldaşım 15 il əvvəl uşaqları üstümə atıb getdi. Bütün yük mənim üzərimə düşmüşdü. Mən özüm kimsəsizilər evində böyümüşəm. İstəmirəm, övladlarım da eyni aqibəti yaşasınlar. Xəstə olduqları üçün bəzi analar kimi uşaqlarımı atıb getmədim. Amma müalicə etdirə, iynə-dərmanını ala bilmirəm”.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirildi ki, şikayətçi müraciət edib, qeydiyyata dayanmalıdır. Onun xəstəliyi ilə tanış olduqdan sonra təyinatı üzrə müayinə və müalicəsi həyata keçirilə bilər

Ana səhifəBölgə”Zibillikdən tapdığım paltarları aparıb balalarıma geyindirirəm”