“Kiçik oğlumun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar”
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova sağ olduğu halda, onların ölməsi barədə saxta sənədlər hazırlayıb, hər birinin 25 sot torpaq sahələrini satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşır. Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.
Təqsirləndirilən şəxslərin arasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini Eldar Mirzəyev, Türkan və Zirə qəsəbələrində daşınmaz əmlak alqı-satqısıyla məşğul olmuş Çingiz Səfərov və Daşqın Nəsirov da var. Adları çəkilən şəxslərdən ikisi – Rahil Babayev və
Çingiz Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirov da həbsdə idi. Lakin o, təxminən dörd ay həbsdə saxlandıqdan sonra səhhətindəki problemlər əsas gətirilərək, buraxıldı.
Hazırda onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Yalnız Rahil Babayev və Çingiz Səfərov 2020-ci ilin dekabrından həbsdədir. Prokuror Çingiz Səfərovun 5 il 6 ay, Rahil Babayevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda azadlıqda olan üç nəfərin də həbsini təklif edən dövlət ittihamçısı Daşqın Nəsirovun 6 il, 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi və onun müavininin hər birinə isə 4 il 6 ay həbs cəzası kəsilməsini istəyib.
Prokuror onu da bildirib ki, Daşqın Nəsirov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə depozit hesaba 190 min manata yaxın pul keçirib.
Zərərçəkmişlərdən Əzizəxanım Atayeva və mərhum Xumara Şabanovanın (o, məhkəmə prosesi davam edən dövrdə vəfat edib) nümayəndəsi Cavad Cavadov bildirib ki, onlara dəymiş ziyan ödənilərsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq.
Əzizəxanım Atayeva Meydan TV-yə bildirib ki, onun dörd övladı var. Kiçik oğlunun savadsızlığından istifadə edib, ona bilmədiyi bir sənədə imza atdırıblar. Sənədləşməni də elə aparıblar ki, sanki onun dörd yox, bir övladı var, özü də 2006-cı ildə vəfat edib.
Digər zərərçəkmiş, mərhum Xumara Şabanova bildirmişdi ki, ələ keçirilmiş 25 sot torpaq sahəsi ona qayınatasından miras qalmışdı:
“O torpağı qayınatam mənim oğluma bağışlamışdı. Mən 36 yaşım olanda həyat yoldaşımı itirmişəm. O uşaqları tək böyütmüşəm. Qayınatamın mülküdür. 92 yaşım var. Getdim ki, oğlumun adına keçirdim. Oğlum çıxıb dedi ki, ay ana, bağımızı bizdən xəbərsiz satıblar, sənin də adına ölüm kağızı çıxarıblar. Mən adıma ölüm kağızı düzəldən adamı görmək istəyirəm. Ona iki kəlmə deyiləsi sözüm var…”