Zərqova məktəbliləri dərsi klubda keçir

“2 ildən çoxdur ki, uşaqları kənd klubuna yığmışdılar. Oranın da bir tərəfi uçdu. İndi ora göndərməyə də qorxuruq. Soyuqlar düşəndən vəziyyət lap ağırlaşıb. Uşaqlar dərsə getməyəndə isə dərs proqramından geri qalırlar”.

Bunu Meydan TV-yə Qubanın Zərqova kənd sakinləri deyir. Sakinlər məktəbin hazırkı durumunun videogörüntülərini göndəriblər. Həmin görüntülərdən bəlli olur ki, binanın təmiri yarımçıq qalıb.

Kənddəki yeganə məktəb 2014-cü ildə təmirə bağlanıb. Məktəbin fəaliyyəti dayandırılarkən valideynlərə vəd olunub ki, növbəti təhsil ilində uşaqlar müasir tələblərə cavab verən, hər cür şəraitlə, tədris ləvazimatları ilə təmin olunacaq bina tezliklə uşaqların və müəllimlərin istifadəsinə veriləcək. Beləcə, 180 şagird kənddəki kluba köçürülüb. Şəraitsiz, soyuq, köhnə klub binasına qısa müddətə toplaşan məktəb heyəti artıq üçüncü təhsil mövsümüdür ki, burada sözün hər mənasında işgəncə yaşayır.

Sakin Əsmər Hüseynova:

“Məktəbin təmirinə qəşəng pul ayrılmışdı. Əvvəl yaxşı başladılar. Uçurub, dağıtdılar. Sonra iş dayandı, fəhlələr qeybə çəkildi. Rayon Təhsil Şöbəsinə nə vaxt üz tutduqsa, dedilər, arxayın olun, orda elə bir iş yoxdur, fəhlə qüvvəsi cəlb olunacaq, işlər sürətlənəcək və qısa vaxtda məktəb hazır olacaq. Sonrakı vaxtlarda gedəndə isə bizi qapıdan qovdular”.

Valideynlər dəfələrlə məktəbin qarşısına toplaşıblar. Onlar şəraitsiz, soyuq, içərisi tövlədən seçilməyən klubda dərs keçmələrinə etiraz ediblər.

Sakin Yaqut Əşrəfova:

“Orda tədris üçün heç bir ləvazimat yoxdur. Heç parta da yoxdur. Özümüz ordan-burdan stol-stul tapıb yığmışıq. Nəmişlik, soyuq, siçovulların meydan suladığı otaqdan ibarətdir. Hər dəfə usağı ora göndərəndə dərs bitənədək nigaran qalırıq. Belə də ki, şəraitsiz, ləvazimatsız yerdə hansı dərsdən söhbət gedə bilər? Məktəb başlayanda dedilər, narahat olmayın, sentyabrın axırına kimi uşaqlar yenə kluba getsin, təmir bitsin, avadanlıqlar düzülsün, lap az qalıb. Yenə aldatdılar”.

Sonuncu dəfə yerli icra hakimiyyətindən və təhsil şöbəsindən sakinlərə vəd olunub ki, sentyabrın 15-də şagirdlər yeni təmirdən çıxmış məktəbdə dərsə başlayacaqlar. Lakin noyabr ayı bitir, məktəb binasında isə hələ də işlər yarımçıq qalıb. Sakinlər iddia edirlər ki, büdcədən təmirə ayrılan vəsait mənimsənilib. İndi isə binanı müəllimlərin vəsaitləri hesabına təmir edirlər. Ona görə də təmir bitmək bilmir.

Quba Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəb binasının birinci mərtəbəsi tam hazırdır. İkinci mərtəbədə isə az iş qalıb. Yaxın günlərdə şagird və müəllim heyəti kənd klubundan məktəb binasına daşınacaq.

2014-cü ildə prezidentin fərmanı ilə Zərqavadakı məktəbinin təmirinə 500 min manat ayrılıb. Sakinlərin iddiasına görə, ayrılan vəsait mənimsənilib. Rayon Təhsil Şöbəsi isə deyilənlərlə razılaşmır. Şöbədən bildirilib ki, hazırda məktəbin təmiri ayrılmış vəsaitlə davam edir və təmir xərclərinin müəllimlərlə heç bir əlaqəsi yoxdur.

Ana səhifəVideoZərqova məktəbliləri dərsi klubda keçir