Zərqava sakini: “Həyətdəki qoz ağaclarını da kəsə bilmirik ki, gəlib cərimələyərlər”

Şöhrət Absəlimov, Foto: Meydan TV

Kənd sakinləri Meşə Təsərrüfatı İdarəsindən narazıdır

“Odunun bir maşını 180-200 manata başa gəlir. Meşə Təsərrüfatı İdarəsi odunun 1 kubu 17 manatdan 5 kubluq talon verir. Gedirik meşəbəyinin yanına, talonu təqdim edirik, yaş odun alırıq. Onu orada doğratdırmaq 50-60 manata başa gəlir, kəndə gətirmək üçün də maşına 100 manat veririk. İlin 6 ayı odundan istifadə edirik deyə, azı iki maşın odun almalıyıq. Kənddə işsizlikdir, şəxsən mən ailəmi ünvanlı sosial yardımla dolandırıram, odun almağa imkanım çatmır”.

Şöhrət Absəlimov Qubanın Zərqava kəndində yaşayır. O, Meydan TV-yə danışır ki, dağ kəndi olduğundan Zərqavada soyuqlar tez düşür. Buna görə də təxminən oktyabr aylarından odundan istifadə etməyə başlayırlar. Ancaq kəndlilərin odun almağa maddi imkanı çatmır.

“Meşəyə ayaq basan kimi meşəbəyi başımızın üstünü kəsdirir”

Şöhrət Absəlimovun sözlərinə görə, soyuq aylarda odun onun ən böyük probleminə çevrilir. Çünki iki azyaşlı övladı soyuqdan əziyyət çəkir:

“Məni əsas uşaqların taleyi narahat edir. Böyük övladım autizm sindromundan əziyyət çəkir. Bilmirəm uşaqları necə qoruyum ki, böyrəkləri, ciyərləri soyuqlamasın. Qışboyu yataq xəstəsi olurlar. Meşəyə ayaq basan kimi meşəbəyi başımızın üstünü kəsdirir ki, bir ağaca əl uzadasan, tutub cərimələsinlər. Həyətimdə qoz ağacları var, onları da kəsə bilmirik, xəbər tutan kimi gəlib cərimələyirlər. Biz odun almağa pul tapmadığımız halda bunlar da bir tərəfdən bizi cərimələrlə yükləyirlər”. 

Qışda odun, yayda su problemi…

Şöhrət Absəlimov deyir, kənddə odun problemi Sovet hökuməti dağılandan sonra başlayıb:

“Sovet vaxtı da qaz olmayıb, ancaq əhalinin odun problemi də olmayıb. Qış gəlib yarı olub, hər il olduğu kimi yenə də qalmışıq istiliksiz… Bu, tək mənim problemim deyil, kənddə kimi dindirsəniz, hamı eyni dərddədir”.

Şöhrət Absəlimov, Foto: Meydan TV

Zərqava kəndinin sakinləri yaz ayları yetişəndə susuzluqdan da əziyyət çəkirlər:

“Baxın, odun mövsümü bitəndə – may ayı çatanda su kəsiləcək. Sonra da su dərdi çəkməyə başlayacağıq. Elə bil ki, yayda su, qışda odun dərdi alnımıza yazılıb. Yayqabağı suyumuz kəsilir, nə içməyə, nə də əkinlə məşğul olmaq üçün suvarma suyu tapırıq. Kəndlilər artıq bu iki problemdən bezib”. 

“Bizdən yüksəklikdə yerləşən kəndlərdə qaz var”

Kəndlilər deyir, dəniz səviyyəsindən 850 metr yüksəklikdə olan Təngaltıya 3 il əvvəl qaz xətti çəkilib, ancaq dəniz səviyyəsindən 650 metr yüksəklildə olan Zərqavaya və Zərqava nümayəndəliyinə daxil olan digər kəndlərə yox…

“Rustov-Qonaqkənd qaz xətti var, bizim kənddən 12 kilometr aralıdadır. 8 kilometr aralıdan Dəhnə-Talabı qaz xətti keçir, həmin xətlərdən bizim kəndə rahat şəkildə qaz xətti çəkmək olar, ancaq çəkmirlər. Nəticədə Zərqava nümayəndəliyinə daxil olan kəndlərdəki təxminən 3 min insan soyuqda əziyyət çəkir”.

Şöhrət Absəlimov deyir, Zərqava nümayəndəliyinə daxil olan kəndlərdəki uşaqların əksəriyyəti havalar soyuyanda məktəblər istiliksiz olduğuna görə dərsə getmir.

Quba Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərin qazlaşdırılması prosesi davam edir.

Dağüstü kəndlərin relyefi qazlaşdırma işlərini çətinləşdirir. Bununla belə, hökumət həmin kəndlərin də qazlaşdırılması istiqamətində müvafiq işlər görür.

Ana səhifəBölgəZərqava sakini: “Həyətdəki qoz ağaclarını da kəsə bilmirik ki, gəlib cərimələyərlər”