Elçin Şıxlı “Raufun yazıları olmadan gündəlik qəzet buraxmağın mümkünsüzlüyünü görürəm” deyir
“Zerkalo” qəzeti həftəlik nəşrə keçir, bu barədə baş redaktor Elçin Şıxlı oxuculara müraciətində bildirib. Bu hadisə aprelin 19-dan sonra qəzetə olan ikinci zərbə sayıla bilər. Çünki göstərilən tarixdə qəzetin icmalçısı Rauf Mirqədirov Türkiyədən deportasiya olunaraq Bakıda həbs olundu. Ondan sonra qəzetin redaksiyasında axtarış aparıldı, baş redaktorun kompüterləri aparıldı. Mövcud durumu baş redaktor Elçin Şıxlıya suallarımız əsasında aşkarlamağa cəhd etdik.
– Elçin müəllim, “Zerkalo” qəzetinin həftəlik nəşrə keçməsi barədə xəbər doğrudurmu?
– Həftəliyə keçirik, bu, həqiqətdir. Daha nə edə bilərəm, belədir.
– Səbəb nədən ibarətdir, Rauf Mirqədirovun həbsi, yoxsa maliyyə problemləridir?
– Mən yeni ildən bu vəziyyətdəyəm-bağlayım, bağlamayım, yaxud həftəliyə keçim, keçməyim. Sadəcə, maliyyə vəziyyətidir, reklam yoxdur, satış günü-gündən zəifləyir, metro keçidlərindən qəzetlər yığışdırıldı, köşklər sona qədər işləmir. Bilirsiniz ki, qəzetin də iki maliyyə mənbəyi var: reklam və satışdan gələn pul. İndiki durum redaksiyanı gündılik rejimdə saxlamaq üçün kifayət etmir. Mənim də başqa yerdən alacaq pulum var, nə də sponsorum. Real və gerçək vəziyyət bundan ibarətdir.
– İndiki gedişat “Zerkalo” qəzetinin yox olması ilə nəticələnə bilərmi?
– Mən çalışacam “Zerkalo” yox olmasın. Hazırda əlimdən gələn bu işdir. Yəni bunu etməsəm, sözün doğrusu, heç bilmirəm özüm nə edəcəm. Ona görə çalışacam ki, “Zerkalo” qəzeti “ölməsin”.
– Bəs redaksiyada ixtisar olacaqmı?
– 2-3 il əvvəl “Ayna-Zerkalo”-nın 153 işçisi vardı, ümumi kollektivi nəzərdə tuturam. Bu gün 40-42 nəfərlə işləyirik, deməli, addım-addım geriləyirik. Məni ən çox təəssüfləndirən odur ki, söhbət heç də rəqabətə tab gətirmək məsələsindən getmir. Söhbətin nədən getdiyini bilirsiniz, yəni mən özüm “qazanıram”, dediyim budur! Rauf Mirqədirovun həbsinə gəldikdə, bununla bağlı nə mənə, nə də qəzetə heç bir təhdid olmayıb. Sadəcə olaraq, Raufun yazıları qəzetin həm gözü idi, həm də duzu. Ona görə Raufun yazıları olmadan gündəlik qəzet buraxmağın mümkünsüzlüyünü görürəm. Istəyirəm qüvvələri toparlayıb həftəlik qəzet buraxaq, araşdırma aparsınlar, çünki bir gündə o cür məqalələr yazmaq olmur. Həm də özüm də yazacam. Mirqədirovun yerini tutmağa çalışacam, amma onun yerini tuta bilməyəcəm, bildiyim şeylərdən yazacam. Çünki Mirqədirov qədər geosiyasi vəziyyəti təhlil edə bilən, Qarabağ məsələsinin “cikini-bikini” bilən ikinci rusdilli jurnalist tanımıram.
– Yəqin maliyyə problemlərini həll etmək Sizə çətin olacaq?
– Bəli, çətin olacaq. Yeganə ümidim onadır ki, həftəsonu keyfiyyətli qəzet ortalığa qoyum, bəlkə bundan sonra insanlar çox oxuyar.
– “Zerkalo” qəzetinin həftəliyə keçmısi ilə rusdilli oxucu nə itirəcək?
– Bunu yalnız oxucu deyə bilər. Mən onu deyə bilərəm ki, bir çox adamlar Rauf Mirqədirovun gündəlik ağıllı analitik yazılarının şahidi olmayacaqlar.
(embedded content removed)