Satıcılar deyir ki, bazar saxta və keyfiyyətsiz məhsullarla doldurulub
Son bir neçə gündür zərgərlik məmulatları bahalaşıb. Qızılın topdansatış qiyməti ən az 6-7 manat artıb. Pərakəndə satışda isə qramda 10 manatadək artım var.
Qızıl alqı-satqısı ilə məşğul olan satıcılar Meydan TV-yə deyiblər ki, onsuz da alıcılıq qabiliyyəti azalıb, bahalaşmadan sonra bazarda alver “sönüb”.
Satıcılardan Namiq Hüseynov deyib ki, Türkiyə qızıl kimi tanınan 585 əyarın topdansatış qiyməti hazırda 85-86 manat olub. Ötən həftə isə qramı 80-81 manatdan alıblar.
“Biz də 5 manat əlavə artırırıq, heç olmasa, qramında 5 manat qazana bilək. Əhalidən lom kimi alınan qızılın qramı da bahalaşıb. Yəni 57-58 manatdan 62-63 manatadək artıb”, – Hüseynov məlumat verib.
Satıcılar deyiblər ki, bəzən həftələrlə alver etmək mümkün olmur. Hətta yerpulunu çıxara bilmədiyi üçün piştaxtaları, mağazalarını bağlayanlar var.
Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı qızıl alqı-satqı mağazalarının bir neçəsi bağlanılıb.
Namiq Hüseynov qeyd edib ki, beşlik qızıl 550, onluq qızılı isə 1100 manatdan satırlar, amma bazar saxta və ya keyfiyyətsiz qızılla dolub:
‘Hətta zinət əşyaları elə qüsursuz hazırlanır ki, alıcılar qızılın saxta olub-olmadığını, yaxud keyfiyyətini özləri müəyyənləşdirə bilməzlər”.
İqtisadçı Xalid Kərimli Meydan TV-yə bildirib ki, dünya bazarında qızıl bahalaşıb. Ötən həftənin sonu qızıl 1994 dollar olub.
“Doğrudur, zaman-zaman qızılın qiyməti 2 min dollaradək qalxıb. Lakin ümumi şəkildə 2 min dollarlıq hədd qızılın qiymətində ən yüksək həddir. Bahalaşmaya səbəb dünyada baş verən müharibələrlə əlaqədar risklərin artmasıdır”,- ekspert deyib.

X.Kərimli söyləyib ki, gərgin dövrlərdə adətən qızıl ehtiyat yığım vasitəsi kimi alınır, yatırım edirlər:
“Azərbaycanda qızıl bazarındakı qiymətlərə gəldikdə, dünya bazarındakı qiymətlər, o cümlədən qızıla tələbatın artması qiymətlərə təsir edib. Digər tərəfdən, mövsümü faktorlar da qiymətlərə təsirsiz ötüşmür, Azərbaycanda toylar mövsümüdür, bazarda aktivliyin artması qiymətlərin artımına səbəb olur”.