Bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır
Mərkəzi Bank aprel ayı üzrə statistik məlumatları nəşr edib. Məlumatları təhlil edən “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin əməkdaşı Samir Əliyevin sözlərinə görə, vəziyyət heç də ürəkaçan deyil.
“Bank sektorunda böhranın simptomları getdikcə özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir. Digər problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manatdır. Ümumi kredit qoyuluşunda payı 10 ay əvvəlki həddə – 5,5 faizə çatıb. Bu, o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da, prosesin ona doğru getməsi şübhəsizdir” – deyir iqtisadçı ekspert.
S.Əliyevin fikrincə, Mərkəzi Bankın ilin əvvəlində atdığı sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, sistemdə illərlə mövcud olmuş problemləri üzə çıxarır: “Əslində bu, gözlənilən idi. Çünki bankların uzun müddət məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməmələri, istehlak kreditləşməsi bazarından asılılıqlarının artması onların maliyyə dayanıqlığını zərbə altında qoymalı idi. Bank sektorunda böhranın simptomları getdikcə, özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir”.
İqtisadçı deyir ki, problemli kreditlərin həcmi son 1 ildə 18,7 faiz, 2014-cü ilin 4 ayında isə 13 faiz artıb. Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki ötən il 44 milyon manata bərabər olub. Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtiasdiyyatına yönəldilən kredit qoyuluşundan da çoxdur.
“İstehlak kreditlərinin həm həcmi, həm də payı artmaqda davam edir. Aprel ayında kredit qoyuluşu 356 milyon manat artıb ki, bunun 152 milyon manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin həcmi 6,6 milyon manatdan çoxdur. Ümumi kreditləşmədə payı isə 40,7 faizə çatıb. Əmanətlərin orta illik faiz dərəcəsində azalma var. Azalma daha çox manatla yatırılan əmanətlərdədir. İllin əvvəlindəki 9,42 faizdən 9,16 faizə düşüb. Son bir ildə azalma 0,4 faiz bəndi təşkil edib. Ötən ilin müvafiq dövründə orta faiz dərəcəsi 9,55 faiz idi” – dedi Samir Əliyev.
Onun sözlərinə görə, kreditlərin orta illik faiz dərəcəsi aprelin sonuna ilin əvvəl ilə müqayisədə artaraq 14,13 faizdən 14,20 faiz yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib.