Əliəhəd Eyvazov bu ilin martında Bərdədə üzərinə yanan maddə tökülərək yandırılıb. Zərərçəkmişin iddiasına görə, ona qarşı bu hərəkəti 3 ildən çox vətəndaş nikahında yaşadığı Sevinc Məmmədova törədib. İndi Əliəhəd Eyvazov istintaqın gedişindən narazıdır. Hadisə ilə bağlı istintaqı Bərdə rayon prokurorunun birinci müavini aparır. Eyvazovlar iddia edirlər ki, Bərdə rayonun prokurorunun birinci müavini Ruslan Əhədov işin gedişatını qarşı tərəfin xeyrinə dəyişmək müqabilində Sevinc Məmmədovanın ailəsindən 70 min Azərbaycan manatından çox pul alıb.
Zərərçəkmişin anası Sevil Eyvazova deyir ki, Sevinc Məmmədovanın ailəsi əvvəlcə onu Bakıdan Bərdəyə çağırtdırıb və hadisə zamanı ona kömək ediblər. Buna görə də hamısı cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Sevil və Əliəhəd Eyvazovlar bu ilin mayında işin gedişinə etiraz olaraq Baş Prokurorluğun önündə aksiya ediblər.
Onlara istintaqın ədalətli aparılacağı deyilsə də, hələ də nəticə əldə edilməyib. Məsələdə adı hallanan Ruslan Əhədov Meydan TV-ə “Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayın” deyib telefonu söndürüb.