Zərərçəkən: Mənə mülkümü satmaq üçün təzyiqlər edilirdi

“Hökumət elə edib ki, elmlə yox, maklerlik edərək pul qazanmağa məcbur olmuşam”

Source:
Rəşad Məmmədov
Rəşad Məmmədov

“Hökumət elə edib ki, elmlə yox, maklerlik edərək pul qazanmağa məcbur olmuşam”

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, prosesə hakim Əlövsət Abbasov sədrlk edib. İclasda zərərçəkmiş şəxs qismində Zabil Salmanov ifadə verib. O, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını, onların azadlığa buraxılmasını istədiyini deyib və bildirib ki, ona dəymiş maddi ziyan ödənilib: “Bizim aramızda problem qeyri-yaşayış sahəsinin alqı-satqısı zamanı yarandı. Mən gördüm ki, problem həll olunmur. Ona görə də hüquqi müstəvidə həll etmək qərarına gəldim. Onlar mənə təklif göndərdilər ki, obyektimi almaq istəyirlər. Lakin mən satmaq istəmirdim. Bundan sonra mənə qarşı təzyiqlər başlanıldı və mənə konkret qiymət qoydular ki, sən yeri bu qiymətə satmalısan. Mənim bunlarla görüşüm olmasa da, həmin ərəfədə mənə müxtəlif instansiyalardan zənglər, basqılar olurdu. Mən obyekti 6 milyon 500 min manata satmaq istəyirdim. Dedim ki, mülk mənimdir, belə qiymətləndirirəm. Onlar mənə dedilər ki, oranın alınmasına 4 milyon 700 min manat pul ayrılıb. Əlavə olaraq da Hüseyn Cavid prospektində bir obyekt var, oranı alıb, qarşısın artırıb verəcəyik sənə. Mən də bununla razılaşdım. Çünki borclarımı bağlayandan sonra qalan pulla obyekt almaq istəyrdim. Onların təklif etdiyi yer isə şəhər mərkəzi olduğu üçün razılaşdım. İndi İsfəndiyar deyir ki, mən borca görə oranı satışa çıxarmışdım. Lakin belə deyil. Mən Rəşad Məmmədovu 9 ay sonra tanıdım, İsfəndiyarla isə telefon danışıqlarım olurdu. Rəşadla görüşəndən sonra dedi ki, sənin məsələndən xəbərim var və əlimdən gələni edəcəyəm. Mən fikirləşirdim ki, onlar məni aldatmaq istəmirlər. Sadəcə olaraq plan baş tutmadı. Ya bunu pulla həll etməli idilər, ya da görüşüb deməliyidilər ki, bax məsələ belədir. Lakin bunu etmədilər. Mənə müxtəlif şəxslər tərəfindən təzyiqlər olurdu. Deyirdilər “satmalısan”, yoxsa verib ekskovatorun qarşısına sökəcəyik. Hüseyn Cavid prospektindəki obyektin qarşısını artırmaq alınmadı. Çünki orada dövlət əhəmiyyətli yol var idi. Ona görə də planlar pozuldu”.

Daha sonra İ.İsfəndiyarovun vəkili İradə Cavadova zərərçəkmiş şəxsə sual verib. Vəkil ondan istintaq zamanı bir neçə şikayət ərizəsi yazmasının səbəbini soruşub: “Siz ərizənizin birində yazmısınız ki, MTN-də işləyən Sübahir Qurbanov sizə təzyiq edib, 500 min pul istəyib və buna görə də şikayətçi olmusunuz. Əgər belə olmasaydı, şikayətçi olmayacaqdınız”. Z. Salmanov isə bildirib ki, MTN-lə bağlı məlum məsələlər başlayandan sonra bir daha şikayət ərizəsi yazıb və bu məsələyə aydınlıq gətirib: “Məlum hadisələrdən sonra mən ərizə yazdım və məsələni ictimailəşdirdim. Prezidentin saytına da şikayət məktubu yazmışdım”.

 Prosesdə qısa çıxış edən İsfəndiyar isfəndiyarov isə bildirib ki, o, elmi fəaliyyətlə məşğul olub: “Mən Elmi-Tədqiqat İnstitutunda elmi işçiyəm, Universiteti Leninqradda qırımızı diplomla bitirmişəm, beynəlxalq təşkilatın sülhməramlı səfiriyəm. Lakin hökumət elə edib ki, elmlə yox, maklerlik edərək pul qazanmağa məcbur olmuşam”.

Z. Salmanov isə bildirib ki, İsfəndiyar İsfəndiyarov özünü Bakının yiyəsi kimi aparırdı : “Elə danışırdı ki, elə bil hər şey bundan asılıdır. Mən də inandım ona və sənədlərə o qədər də diqqət etmirdim”.

Proses iyunun 17-də davam etdiriləcək.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.

Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.  Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Ana səhifəXəbərlərZərərçəkən: Mənə mülkümü satmaq üçün təzyiqlər edilirdi