Zərərçəkən: Mən pulu Akif Çovdarova verməmişəm

”Akif Əliyev dedi ki, Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən”

Source:


”Akif Əliyev dedi ki, Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən”

Dekabrın 19-da Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi Akif Çovdarov və onunla birlikdə həbs edilən digər şəxslərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalistlərin iştirakına icazə verilməyib.

İclasdan sonra vəkillər jurnalistlərə açıqlama veriblər. Onların sözlərinə görə, prosesdə zərərçəkmiş qismində “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Bundan sonra onun ifadəsi elan edilib.

Ibrahimov istintaq zamanı verdiyi ifadəsində deyib ki, dostu vasitəsilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub. 2014-cü ildə isə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib və özünü Mübariz kimi təqdim edən şəxs onu MTN-ə çağırıb:

“MTN-ə getdim. Mübariz Akif Çovdarovun işçisi olduğunu dedi. Məndən “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başladı. Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbiləşdi, mənə dedi: “Sən bilirsən, hansı təşkilata gəlmisən?” Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. MTN-dən çıxanda Vidadi Hüseynova zəng etdim. O, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz dalbadal 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyin yaxınlığındakı poliklinikanın yanına görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim”.

Zərərçəkmiş ifadəsində bildirib ki, MTN polkovniki Akif Əliyev onu hədələyib:

“Akif otağa girən kimi üstümə düşdü. Dedi: “Biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan? Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən”. Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı və dedi ki, Akif Çovdarovun məni bağışlaması üçün 100 min manat verməlisən. O qədər pulumun olmadığını dedim. 50 min manatda razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyinin yaxınlığında olan 20 nömrəli məktəbin yanında görüşdük. 40 min verdim, dedim ki, 10 min çatmır. Anar zəng edib, məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”.

Məhkəmədə sualları cavablandıran F.İbrahimov Akif Çovdarovdan şikayətçi olmadığını deyib. O, istintaqa ifadəsində Akif Çovdarovun adını çəkmədiyini bildirib:

“Mənə “rəis” deyəndə Akif Çovdarov başa düşürdüm. Amma mən pulu Anar Abdıyevə vermişəm. O da hazırda DTX-da çalışır. Anar Abdıyev pulu məndən təqsirləndirilənlərdən Arif Əliyevə vermək üçün alıb. Pulu alan, məni hədələyən Çovdarov olmayıb”. Daha sonra iclasda iki nəfər şahid dindirilib. Onlar Anar Abdıyevin zərərçəkmiş şəxsdən pul almasının şahidi olmadıqlarını deyiblər.

Iclasdan sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərin suallarını cavablandırıb. O, A.Çovdarovun aclıq aksiyasını dayandırdığını, lakin ekspertizadan keçirilmədiyini deyib: “Hazırda müayinə edilir. Müayinələrdən sonra ekspertizadan keçiriləcək”.

Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.

A.Çovdarovla birlikdə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da ittiham olunur.

Ana səhifəXəbərlərZərərçəkən: Mən pulu Akif Çovdarova verməmişəm