“Zərərçəkən” kimi tanınanlar istintaqda dindirilməyib

Osman Kazımov: “Belə cinayət işlərinin qəbul olunması ölkənin hüquq-mühafizə sisteminin iflası deməkdir”

Source:


Osman Kazımov: “Belə cinayət işlərinin qəbul olunması ölkənin hüquq-mühafizə sisteminin iflası deməkdir”

Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfərin növbəti məhkəmə prosesi keçirilib.

“Turan” İA-nin məlumatına görə, məhkəmə prosesində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı iki şəxs dindirilib.

Məlum olub ki, cinayət materiallarında “zərərçəkən” kimi tanınan şəxslər istintaqda, ümumiyyətlə, dindirilməyiblər və barələrində zərərçəkən şəxs qərarı yoxdur. İstintaq sadəcə “Xudafərin” firmasının Atatürk prospekti 80/78-37-də tikdiyi binada mənzil alan şəxslərin adlarından ibarət tərtib etdiyi “ümumi zərərçəkənlər siyahısı”nı cinayət materiallarına daxil edib.

Zərərçəkən kimi tanınan şəxslər təqsirləndirilənlərə qarşı hər hansı tələb və ya iddialarının olmadığını deyiblər. Yeganə istəklərinin binada tamamlama işlərinin başa çatıdırlması və mənzillərinə köçə bilmələri olduğunu söyləyiblər.

Eyni zamanda vəkillər məhkəmə heyətinə istintaq işinin natamam aparılmasından narazılıqlarını bildiriblər. “Belə cinayət işlərinin qəbul olunması ölkənin hüquq-mühafizə sisteminin iflası deməkdir”, – vəkil Osman Kazımov istintaqın aparılmasına etirazını ifadə edib.

“Osman müəllim, bu şəxs də dindirilməyib”,- hakim Əfqan Hacıyev istintaqda dindirilməyən şəxslərin “zərərçəkən”kimi tanımalarını bəyan edib.

Vəkillər mülki əsaslı işin cinayət müstəvisində araşdırılmasına da etiraz bildiriblər. Müqaviləyə əsasən, bina tikintisinin yubanmasına görə qarşı tərəf mülki məhkəməyə müraciət etməli idi. Amma məhkəmədə dindirilən “zərərçəkənlər” bunu etməyiblər. Vəkillərə görə, adı çəkilən məsələnin cinayət müstəvisinə çəkilməsinə ehtiyac yox idi. Belə ki, bina tikilib, mənzillər hazır, mənzillər sahiblərinə aid, kanalizasiya, su, işıq, lift sistemi quraşdırılıb. Binada yalnız kiçik həcmli tamamlama işləri və dövlət komissiyasına təhvil verilməsi qalır. A.Adullayev binanın tam şəkildə hazır olmasına əsas maneə kimi prokurorluğun dəfələrlə bu işə müdaxiləsini göstərib.

Vəkillər A.Abdullayevə qarşı irəli sürülən dələduzluq və dövlət vəsaitlərini külli miqdarda mənimsəmək kimi ittihamların əsassızlığına da toxunublar. Belə ki, bina tikintisi ilə bağlı ödənilən vəsaitlərə bağlı müştərilərə ödəmə qəbzləri verilib. Müştərilər ödəniş qəbzlərində göstərilən məbləğ qədər vəsait ödədiklərini deyiblər.

“Əgər müştəri 50 min manat ödəsəydi, ödəniş qəbzində 30 min manat yazılsaydı, başqa məsələ, burada hansısa mənimsəmədən danışmaq olardı, müştəri 50 min manat ödəyibsə və bu da ödəniş qəbzində əksini tapıbsa hansı mənimsəmədən danişmaq olar?”,-A.Abdullayev  ittihama münasibətini ifadə edib.

Daha sonra hakim Ə.Hacıyev növbəti məhkəmə prosesinin aprelin 28-də saat 10:00-da keçiriləcəyini elan edib.

AMAY rəhbəri A.Abdullayev 2014-cü il aprelin 4-də həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyətindən sui-isitifadə, çürkli pulların “yuyulması” və dövlət vəsaitini külli miqdarda mənimsəmə kimi ittihamlar irəli  sürülüb. A.Abdullayev bütün ittihamları rədd edərək özünü təqsirli bilmir.

Ana səhifəXəbərlər“Zərərçəkən” kimi tanınanlar istintaqda dindirilməyib