Qəzetlərdən oxuyanda ki, evimdən Fətullah Gülənin kitabi tapılıb, təəccübləndim
Mayın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Fuad Əhmədli özünü təqsirli bilməyib. İclasda Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib. O, məhkəmə proseslərinin audi-video çəkilişinin aparılması barədə vəsatət verib. Vəkil bildirib ki, “Azərfon” MMC-nin icraçı direktoru Ken Makleni 15 avqust 2016-cı il tarixdə Dövlərət Təhlükəsizlik Xidmətinə məktubla müraciət edib: “Həmin məktubun tarixi saxtalaşdırılıb. İlkin vaxtlarda həmin məktubla bağlı istintaq aparılmayıb. Həmin məktubun göndərilmə tarixinin qeyd edilmiş jurnalın tələb edilməsini istəyirik.
Bundan başqa, həmin məktubda qeyd olunub ki, Fuad Əhmədlinin istifadəsində olan telefona heç bir məhkəmə qərarı olmadan müdaxilə edilib. Hesab edirik ki, bu məktub DTX-nin sifarişi ilə hazırlanıb, keçirilən əməliyyata qanuni don geyindirilib. Şəxsi telefona müdaxilə cinayətdir. İkincisi isə həmin telefondan götürlən mötəbər sübut sayıla bilməz. Buna görə də həmin məktubun sübutlar siyahısından çıxarılsın”.
Vəkil həmçinin Ken Maklenin məhkəməyə əlavə şahid qismində çağırılmasını istəyib.
Məhkəmə prosesin çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, mötəbər olmayan sənədlərin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.
İclasda zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev də ifadə verib. O bildirib ki, təqsirləndirilən Fuad Əhmədlini yox, onun əmisi oğlu Əliağanı tanıyıb: “Əliağanın dostu Elşənin restoranında aşpaz işləmişəm. Həmin vaxt mənim maaşla bağlı problemim yaranmışdı, buna görə də işdən çıxaraq yaşadığım Masallı rayonuna getmişdim. Əliağadan əmisi oğlunun vasitəsi ilə yerimi müəyyən edə bildiyini eşitdim. Axtarışa verilməyimdən çox pis olmuşdum. Buna görə də sıxıntı keçirmişdim”.
Zərərçəkmiş ifadəsində heç bir şikayəti olmadığını deyib.
Fuad Əhmədli bildirib ki, zərərçəkmiş Məhəmməd Quliyevlə bağlı əmisi oğluna dəqiq məlumat verməyib: “Əmim oğlu mənə mesaj yazdı və bildirdi ki, bu şəxsin yerini ona deyim. Əliağanın əl çəkməyəcəyini bildiyim üçün heç bir araşdırma olmadan ona mesaj yazdım ki, ya ucqar yerdədi, ya da ölkədən kənardadı. Məni məhəlləmizdən oğurlayanda sarsıntı keçirdim. Bir də var təəccüb. Mən qəzetlərdə oxuyanda ki, guya evimdən Fətullah Gülənin portreti, kitabları, az qala özü tapılıb, buna təəccübləndim”.
İclasda digər zərərçəkmiş Samir Xəlilov da ifadə verib. Bildirib ki, təsadüfən bir nömrəyə zəng edib: “Səhv düşdüyüm üçün üzr istədim, telefonu söndürdüm. Bundan sonra axtarışa verildiyimi eşitdim. Təqsirləndirilən şəxs mənim şəxsi işimlə bağlı məlumatları həmin qızın nişanlısına verib”.
Samir Xəlilov da təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Proses mayın 11-də davam edəcək.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.