Bu hal daha çox hakimiyyətyönümlü mediada müşahidə edilir
Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediada yayanlar cəzalandırılacaq.
Bu, Milli Məclisin aprelin 19-da keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.
Cəriməyə gəlincə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Media üzrə ekspert, hüquqçu Xalid Ağəliyev deyir ki, inzibati qanunvericilik inzibati icraat zamanı çəkilmiş foto və videoların yayılmasına məhdudiyyətlər nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə görə, belə icraatlar zamanı foto, video çəkilişi, səsyazma aparılıbsa, həmin materialları yalnız barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı əsasında yaymaq olar. Başqa hallarda onların yayılması qadağan edilir:
“Məcəllənin mətnindən daha aydın görünür ki, bu tələb rəsmilərə aiddir. Hansı ki, icraatı aparırlar, çəkiliş edirlər və s. Yeni dəyişiklik bu çərçivəni olduqca genişləndirir. Məsələn, ehtimal etmək olar ki, hər hansı qəza hadisəsindən, yaxud başqa durumlardan video, foto vasitəsilə bilgi toplayan vətəndaş məzmundan asılı olmayaraq, onu yaya bilməz”.
Xalid Ağəliyev bildirir ki, təcrübədə onsuz da belə durumları tez-tez müşahidə edir. Qəza baş verir, rəsmilər bildirir ki, çəkiliş aparmaq olmaz.
Onun sözlərinə görə yeni tənzimləmə bu aspektdə çəkindirici effekt yaradacaq. Cəza tətbiq edildiyi üçün vətəndaşlar çəkməkdən, yaymaqdan, paylaşmaqdan çəkinəcəklər:
“Bu tənzimləmənin media aspektinə gəlincə, peşəkar mediada bu məsələləri etik qaydalar tənzimləməlidir. Onsuz da peşəkar jurnalist hansısa şəxsi kontekstə cərəyan edən, ictimai dəyəri olmayan icraatın görüntülənməsinin, tirajlanmasının etik qaydalar kənarında olmasının fərqindədir”.
Azərbaycanda zərərçəkmiş şəxslərin şəxsi görüntüləri adətən hökumət mediası tərəfindən yayımlanır. Hökumət televiziyasında gedən görüntülərdə bəzən zərərçəkmiş və ya təqsirləndirilən şəxslərin əlləri ilə üzlərini tutduqları görüntülərinə də tez-tez rast gəlinib. Həmçinin, azyaşlıların üzünün açıq verilməsi də adi haldır.
Bundan əlavə, Azərbaycanda ictimai fəalların, jurnalistlərin, müxalifətçilərin, onların ailə üzvlərinin şəxsi görüntülərinin icazəsiz əldə edilməsi və siyasi məqsədlərlə yayılması halı da adidir. Bunlar da daha çox hökumətin maliyyələşdirdiyi media qurumlarda və sosial şəbəkələrdə, ən çox da “Telegram” mesajlaşma kanalı vasitəsilə yayılır.
Hətta hökumətin nəzarəti altında olan televiziya kanallarında şəxsi görüntülərdən istifadə edilərək verilişlər də hazırlanıb.