Tofiq Zülfüqarov: “Uduzan tərəf YPG-dir”
Dünyanın əsas siyasi gündəmi hazırda Türkiyənin Suriya ilə sərhəddə keçirdiyi hərbi əməliyyatdır.
Rəsmi Moskvanın vasitəsilə Suriyada yaşayan kürdlərin liderlərinin prezident Bəşər Əsədlə razılığa gəlməsi situasiyanı mürəkkəbləşdirib. Xarici mətbuata danışan kürd əsilli siyasətçi Aldar Xəlil deyib ki, razılıq Rusiyanın vasitəçiliyi ilə əldə edilib. Onun sözlərinə görə, Bəşər Əsədi dəstəkləyən Rusiyanın əsas məqsədi Suriyanın şimal-şərqində Türkiyənin əməliyyatının qarşısını almaqdır.
ABŞ prezidenti Donald Tramp Suriyada hərbi əməliyyatların başlaması səbəbilə oktyabrın 15-də Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə sərəncam imzalayıb.
Bu barədə mətbuata məlumat verən dövlət katibi Mayk Pompeo bildirib ki, Ankaraya edilən təzyiq əməliyyatın dayandırılmasına yönəlib.
ABŞ Maliyyə Nazirliyi elan edib ki, siyahıya Türkiyənin müdafiə və energetika nazirlikləri, onların rəhbərləri (Hulusi Akar və Fatih Dönməz), Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Söylü daxil ediliblər. Bundan başqa ABŞ Türkiyə ilə 100 milyard dollar həcmində olan ticarət müqaviləsi ətrafında danışıqları dayandıracaq.
Bakıda Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Sülhün mənbəyi” əməliyyatının qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcəyini bəyan edib.
Yaranmış vəziyyət bir sıra suallar doğurub. Ehtimallara görə Qərb dövlətləri Türkiyənin Suriyaya müdaxiləsinə əvvəl razılıq verməklə, onu siyasi-iqtisadi “bataqlığa” salıb. Digər tərəfdən Dəməşqlə kürdləri bir araya gətirən Rusiyanın Türkiyə ilə münasibətləri necə olacaq? Nəhayət, Ankara-Moskva münasibətlərinin korlanacağı halda Azərbaycan bu iki ölkə arasında qalmamaq üçün nə etməlidir?
“Ankara Rusiyanın siyasi məqsədlərinin gerçəkləşməsinə yardım edir”
Siyasi icmalçı Zərdüşt Əlizadə hesab edir ki, Amerika Türkiyə iqtisadiyyatını dağıtmayacaq.
“Ərdoğan orduya Suriyanın şimalında əməliyyat keçirmək əmrini verəndə, Trampla sövdələşib razılaşmışdı. Sadəcə, ABŞ kürd kartından Türkiyəyə qarşı istifadənin vaxtı olmadığı anladı, ona görə qızışdırdığı kürdləri atıb, kənara çəkildi. İndi də “üzünün suyunu” qorumaq üçün hədələyici bəyanatlar verir”.
Onun fikrincə, Türkiyənin son əməliyyatı ilə bataqlığa düşdüyünü hesab edənlər yanılır. Ankara Suriyanın vahid dövlət kimi qalmasında maraqlı olduğundan,
PKK və YPG-ni neytrallaşdırandan sonra ordusunu çıxaracaq.
Bundan başqa Zərdüşt Əlizadə hesab edir ki, Türkiyənin hərbi əməliyyatı Rusiyanın maraqlarına cavab verir, çünki rusların məqsədi Bəşər Əsədi hakimiyyətdə saxlamaqdır.
“Qərb dövlətləri Bəşər Əsədi devirmək üçün islamçı silahlı qüvvələrlə yanaşı etnik kürd dəstələri də yaratmışdı. Əgər Türkiyə öz əməliyyatı ilə bu təhlükəni aradan qaldırıbsa, bu, o deməkdir ki, Ankara Rusiyanın da siyasi məqsədlərinin gerçəkləşməsinə yardım edir. Ona görə Kreml türk ordusunun hərbi əməlyyatlarına susqun münasibəti ilə dəstək verir. Türkiyəyə də ona görə xeyirdir ki, “böyük Kürdüstan” xülyasını darmadağın edir”.
O xatirladıb ki, bundan əvvəl İrak Kürdüstanı vuruldu, ardınca Türkiyədə PKK zərərsizləşdirildi, indi də Suriyada vurulur.
“İrandakı kürdləri isə islam rejimi çoxdan susdurub. Dünənə qədər Qərbin dəstəyilə Bəşər Əsədi devirməyə çalışan kürd silahlı qüvvələri indi onun ayağına düşüb yalvarırlar ki, türk ordusundan onları xilas etsin. Bəşər Əsəd də razılaşır. Amma şərt qoyur və deyir, kürd ordusu olmamalıdır, tərki-silah olun və vətəndaşlığı qəbul edin”.
Siyasi icmalçı hesab edir ki, Türkiyə-Rusiya münasibətləri yaxın dövrdə korlanmayacaq. Onun fikrincə, bu proseslərdən əvvəl Türkiyə-Rusiya münasibətləri Astana sammitində daha da möhkəmləndi.
“Strateji ortaq hədəflər var. Türkiyə Rusiya təyyarəsini vuranda şimal dövlətin kanallarında anti-türk kampaniyası adi hal almışdı, erməni politoloqlar Türkiyəni vurmaq çağırışı edirdilər. Ardınca nə oldu? Moskva çox sürətlə Ankarayla dil tapdı, Ərdoğan təəssüfünü bildirdi. Nəticədə siyasi-iqtisadi əlaqələr bərpa olundu, hərbi əməkdaşlıq gücləndi və Suriya məsələsində münasibətlərdə olan istilik davam etdi. Ən əsası strateji əməkdaşlıq yarandı. Məsələ ondadır ki, strateji əməkdaşlıq olanda ağıllı dövlət başçılarını hədəfdən yayınmağa qoymur. Yəni Moskva ilə Ankaranın Yaxın Şərqdə strateji hədəfləri eynidir”.
“Türkiyə və Rusiya hansısa şərtləri razılaşdırıblar”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi gözlənilmir, çünki hansısa şərtlər razılaşdırılıb. “Suriyada indiki mənzərədə bir neçə əsas məqam görünür: birincisi, siyasi bəyanatlar, ikincisi, müxtəlif formada razılaşdırılmış hərəkətlər. Razılaşdırılmış hərəkətlər deyəndə, Türkiyə hərbi əməliyyata başlayandan sonra ABŞ və Fransanın hərbiçilərinin Suriya ərazisini tərk etməsini nəzərdə tutmaq lazımdır. Üçüncüsü, Bəşər Əsədin özünün də Türkiyəyə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyi bəyanatı səslənib. Bu baxımdan uduzan tərəf YPG-dir. Onlar təsir dairəsində olan bölgələrdə öz mövqelərini itiriblər. Qalan qüvvələrə gəldikdə, onlar mövcud konfiqurasiyanı qəbul ediblər və bu konfiqurasiyada Türkiyənin yeri var”.
Tofiq Zülfüqarov bildirib ki, Suriya münaqişəsində müxtəlif şərtlər mövcuddur:
“Mən ixtisasca şərqşünas olduğumdan ərəb bölgəsini tanıyır və oradakı dövlətlərin siyasətindən məlumatlıyam. Belə hiss olunur ki, Suriyanın gələcəyi indiki dövlət şəklində olmayacaq. Qərbin əsas maraqlarından biri münaqişənin bu və ya başqa şəkildə davam etdirilməsidir. Çünki biz görürük ki, bəyan olunan məqsədlər heç də böyük əhəmiyyət kəsb etmir. Mən inidiyə qədər başa düşmürəm ki, Rusiyanın orda nə marağı var, heç kəs bunu əsaslandıra bilmir. Türkiyənin konkret maraqları məlumdur, kürd terror qruplarını zərərsizləşdirmək. Qərbin marağına gəldikdə isə, ABŞ və Fransanın marağını görmürəm. Hiss olunur ki, məqsəd münaqişənin davam etməsidir ki, Suriya iqtisadi-hərbi baxımdan fəaliyyət göstərməsin”.