Zərdüşt Əlizadə: Sammitin məqsədi NATO dövlətlərinin Rusiyaya basqısını gücləndirməkdir

”Bunlar hamısı NATO-nun dilxoşluğudur, yəni Kremllə çəkişmədə siyasi kartlarını masa üzərinə atıb, sonra götürməkdir”

Source:


”Bunlar hamısı NATO-nun dilxoşluğudur, yəni Kremllə çəkişmədə siyasi kartlarını masa üzərinə atıb, sonra götürməkdir”

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO sammiti başlayır.

Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

APA-nın məlumatına görə, NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Toplantıda prezident İlham Əliyev də iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir.

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə bildirib ki, sammitin əsas məqsədi NATO üzvü olan dövlətlərin Rusiyaya qarşı basqılarını gücləndirmək, özlərinin də süni şəkildə yaratdıqları ictimai isterikaya siyasi rəhbərliyin cavab addımlarını nümayiş etdirməkdir: “Cənubi Qafqaz və Ukrayna məsələsinə gəldikdə, bunlar hamısı NATO-nun dilxoşluğudur, yəni Kremllə çəkişmədə siyasi kartlarını masa üzərinə atıb, sonra götürməkdir. Gürcüstan bəzi NATO üzvü olan ölkələrdən daha çox hərbi-siyasi alyansın standartlarına uyğundur və bu dövlətə bir sıra imtiyazlar da verilib. Ancaq Gürcüstanı ərazi münaqişəsi olduğundan üzvlüyə qəbul etməyəcəklər”.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putinin Finlyandiyanın NATO üzvü olacağı halda sərt təpki göstərəcəkləri barədə açıqlamasını belə şərh etdi: “Putin dedi, Finlandiya da cavabını verdi ki, öz işləridir. Bütün Şərqi Avropa ölkələri də vaxtilə Varşava Müqaviləsi Təşkilatına üzv idilər, indi NATO üzvüdürlər. Rusiya nə edə bildi ki, indi də etsin? Rusiyadan çox az şey asılıdır, çünki Finlandiyaya təsir imkanları Ukraynaya, Moldovaya, Cənubi Qafqaza olduğu qədər deyil”.

Z.Əlizadə düşünür ki, Varşava Sammiti Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir müsbət təkan verməyəcək: “Prezidentlərin görüşündən də heç nə gözləmirəm, həmişə olan görüşlərdən biridir”.

Ana səhifəXəbərlərZərdüşt Əlizadə: Sammitin məqsədi NATO dövlətlərinin Rusiyaya basqısını gücləndirməkdir