Zərdüşt Əlizadə: Rusiya öz alətinə orden verib

“Azərbaycan hakimiyyəti Rusiyaya bu cür alətlərdən istifadə etməyə şərait yaradıb”

Source:


“Azərbaycan hakimiyyəti Rusiyaya bu cür alətlərdən istifadə etməyə şərait yaradıb”

“Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı Pyotr ordeni ilə təltif etməsi Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması yönündə hər hansı addım anlamına gəlməməlidir”.

Bunu siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-nin sualını cavablandırarkən deyib.

Zərdüşt Əlizadə öz fikrini isbatlamaq üçün bildirib ki, Rusiya dövləti hansısa qurumu dövlət kimi tanıyanda bunu Xarici İşlər Nazirliyi səviyyəsində edir: “Buna uyğun sənədlər hazırlanır, bəyanatlar verilir, tanınma barədə sənədlərin mübadiləsi gedir və nəhayət, növbəti addım kimi nümayəndəlik açılır. Bir neçə gün əvvəl isə Rusiya Ermənistanın hansısa vətəndaşına hansısa təltif verib, sonra?! Həm də bu ordeni hansısa akademiya verib, dövlət yox, bəli, dövlətin təsiri ola bilər. Düzdür, Rusiyadan fərqli olaraq biz Saakyanı separatçı kimi tanıyırıq. Rusiya isə Saakyanı Cənubi Qafqaz siyasətində səmərəli aləti kimi tanıyır, yəni çəkic, vint olaraq. Çəkicə də bir orden veriblər”.

Zərdüşt Əlizadə Şərqi Ukraynadan məcburi köçkün olanlardan iki ailənin Dağlıq Qarabağa köçürülməsi barədə xəbərlərə inanmadığını dedi. “Bu barədə faktlar var, konkret olaraq, Moskvanının Lyublino şəhərində Miqrasiya İdarəsinin açılması, artıq iki ailənin köçürülməsi sizə nəsə demirmi” sualına o belə cavab verdi: “100 erməni ordan köçüb, onların da yerinə 2 rus ailəsi gətirilib, sonra?! Əslində, Rusiya bu cür informasiyalarla demək istəyir ki, Dağlıq Qarabağ adlı vintdən, çəkicdən istifadə etməkdə israrlıdır, Azərbaycan, sən də bacardığını et, bacarmırsansa, otur yerində. Əgər Azərbaycan hökuməti əlində olan imkanları kənara qoyub Qarabağı qaytarmaq əvəzinə öz xalqını və dövlətini istismar edirsə, Rusiya da Dağlıq Qarabağ adlı “çəkic”i əlində saxlayıb regiona nəzarət edəcək. Və vaxtaşırı gəlib, əlini Azərbaycanın cibinə salıb xeyli pul çıxaracaq”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan Dağlıq Qarabağın hüquqi sahibidir, amma hüquqi sahib kimi etməli olduğunu etmir: “Hakimiyyətin mövcud siyasəti Dağlıq Qarabağı hər gün Azərbaycandan uzaqlaşdırır. Münaqişə barədə nəzəriyyələr və praktika var, amma bunların heç biri həyata keçirilmir. Nəticədə Azərbaycan cəmiyyətində elə atmosfer yaranıb ki, günahkar hökumət yox, Qərb və Rusiyadır. Bako Saakyan kimdir? Heç kim. Rusiya onu alət kimi oynadır. Məgər, alətin günahı olur? Xeyr! Günah aləti, yəni çəkici əlinə alandadır. Əslində, Azərbaycan hakimiyyəti Rusiyaya bu cür alətlərdən istifadə etməyə şərait yaradıb, 1987-ci ildən başlayan səhv yenə təkrarlanır. Hətta bu siyasətin səmərəsiz olduğunu deyənlərə millətə və dövlətə xain damğası vurub həbs edirlər”.

Adətən, Qərb nəşrlərinin Dağlıq Qarabağ haqda məqalələrini sərt qarşılayan Azərbaycan hakimiyyəti, məsələn, Novruz Məmmədov nədənsə Rusiyanın hansısa akademiyasının Saakyana orden verməsini sükutla qarşıladı. Zərdüşt Əlizadə bu sükutu onunla əlaqələndirdi ki, Ermənistanda və Azərbaycanda olan hakim qüvvələr Moskva xeyir-duası ilə iqtidardadırlar: “Hər iki ölkənin hakim elitasının siyasi patronu Rusiyadır. Bunu hər iki respublikanın rəhbər şəxsləri, xüsusən Novruz Məmmədov hamıdan yaxşı bilir”.

Ana səhifəXəbərlərZərdüşt Əlizadə: Rusiya öz alətinə orden verib