Ermənistanın Rusiyadan yeni raketlər aldığı deyilir
Azərbaycan KİV və internet resurslarında Rusiyanın orta məsafəli “İskəndər” raketlərinin Ermənistana satışı haqqında materiallara rast gəlinir.
Məlumatın ilk mənbəyi Ermənistanın “Novostnik” resursu olub. Məqalədə Ermənistanın Azərbaycanın istənilən nöqtəsinə necə zərbə endirə və onun neft infrastrukturunu, komanda qərargahlarını və s.necə yerlə-yeksan edə biləcəyindən danışılır. Nəşr ermənilərdə müvafiq silahların olmasının dəlili kimi Yerevanda hərbi paradın məşqindən fotoşəkillər dərc edir.
“Turan” İA də raketlərin təhlükəsi ilə bağlı material hazırlayıb. Agentlik qeyd edir ki, Azərbaycanda mövcud olan “C300” və “Dəmir günbəz” bu raketləri tuta bilər: “Bundan başqa, Yerevandakı paradda iki “Smerç” qurğusu görünüb ki, onlar Ermənistanda yox idi. Amma ermənilər təvazökarcasına qeyd edirlər ki, paradda 102-ci Rusiya hərbi bazasının qüvvələri və vasitələri də iştirak edir. İstənilən halda, Ermənistan indiyədək rəsmi olaraq Rusiyadan “Smerç” sistemləri aldığını bəyan etməyib, əksinə, Yerevan daim silah almaq üçün 200 mln. dollarlıq kreditin hələ də işləməməsindən şikayətlənir. Beləliklə, Ermənistan tərəfin qüvvələrin balansını Ermənistanın xeyrinə dəyişdirə biləcək müasir növ silahlar alması faktı təsdiqini tapmır”.
Agentlik daha sonra yazır ki, Ermənistanın iki “Smerç” qurğusu aldığı ehtimal olunsa belə, “Vikipediya”nın məlumatına görə, Azərbaycanın 24 belə qurğusu var.
“Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan özü etiraf edirdi ki, Azərbaycan Naxçıvan ərazisindən Yerevana zərbə endirə bilər. Naxçıvandan Yerevana qədər məsafə 50 km, “Smerç” qurğusundan raketlərin uçuş məsafəsi isə 72 km-dir”,-deyə “Turan” qeyd edir.
Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə bildirib ki, əgər tərəflər növbəti dəfə müharibəyə başlamaq hazırlığında olsaydılar, Rusiyanın ortaməsafəli “İskəndər” raketlərinin Ermənistana satışı əhəmiyyətli olardı. Rusiya isə Ermənistana və Azərbaycana müharibəyə başlamağa icazə verməyəcək.
Zərdüşt Əlizadə hesab edir ki, Moskva tərəflər arasında marketinq üsuluna keçib: “Ermənistana silahı pulsuz verib, ölkəsinin də maliyyə böhranda olduğunu gizlətmir. İndi fikir verin, Azərbaycana həmin raketləri ikiqat qiymətə satacaq. Yəni Ermənistana pulsuz verdiyinin haqqını bizdən alacaq.Buna “marketinq üsulu” deyirlər. Rusiya bu prosesdə silahını satmaqla qazanır, düşmənin alırsa, sən də almağa məcbur olursan. Azərbaycan ictimaiyyətinin bundan narahatlığı və ajiotajı anlaşılmazdır, sadəcə, cəmiyyətimiz savadsız və cəhalətdə olduğundan belə xəbərlərə tez reaksiya verirlər”.