Entoni Blinken və İlham Əliyev

Mənbə: Turan İA

Başlıq: Entoni Blinken və İlham Əliyev

Zərdüşt Əlizadə: Qərb insan hüquqları mövzusundan mənfəət üçün istifadə edir

Məqalə yeniləndi:  29 Aprel 2021

"ABŞ-ın xarici işlər naziri dünyanın xarici siyasətinə təsir edən ən güclü şəxslərdən biridir"

ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Tərəflər ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğulayıb və bir sıra məsələləri müzakirə ediblər.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, dövlət katibi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin vacibliyini vurğulayıb: “Həmçinin o ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün danışıqlar aparmaq səylərini davam etdirməyin vacibliyini qeyd edib".

Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib: "Enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Söhbət zamanı ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb”.

Aprelin 13-də İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Vaşinqtonu İrəvanla birtərəfli təmaslarda günahlandırmışdı.

Sosial şəbəkədə Azərbaycanın ABŞ-nın “Boeing Commercial Airplanes” Şirkətindən 5 təyyarə almasından sonra Entoni Blinkenin zəng etməsini əlaqələndirənlər olsa da, politoloq Zərdüşt Əlizadə bu ehtimalı qəbul etmir: “Bu həcmdə müqavilələr ani olaraq həyata keçirilmir. Bunun üçün aylarla danışıqlar aparılır, şərtlər, qiymətlər müəyyənləşdirilir. Belə olanda "Boeing Commercial Airplanes” Şirkətindən təyyarənin alınmasının Blinkenin zəngiylə heç bir əlaqəsi yoxdur”.

Zərdüşt Əlizadə deyir ki, ABŞ fövqəl dövlətdir və onun xarici işlər naziri dünyanın xarici siyasətinə təsir edən ən güclü şəxslərdən biridir: “Azərbaycan bölgədə mühüm rol oynasa da, dünya miqyasında o qədər əhəmiyyətli dövlət deyil. Bununla bərabər Azərbaycan xüsusilə II Qarabağ müharibəsindən sonra çox mühüm əhəmiyyət kəsb edib, hətta regional oyunçu və müttəfiq olaraq. Bu mənada Blinken Azərbaycan dövlət başçısına zəng edirsə, bunun bütün dünyaya ismarıcı odur ki, Azərbaycan mühüm dövlətdir və zəng edib prezidentlə müəyyən məsələləri danışıram. Bəli, Ermənistana da zəng edibsə, deməli, müharibənin nəticələri və gələcək münasibətlər müzakirə olunub. Təbii ki, hər iki danışıqda ABŞ-nın Minsk Qrupunda mövqeyi də müzakirə mövzusu olub”.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

Mənbə: AFU

İnsan hüquqlarının müzakirəsinə gəlincə, Z.Əlizadə hesab edir ki, ABŞ başda olmaqla, qərb dövlətləri həmişə bu mövzulardan mənfəət naminə sui-istifadə edirlər: “Əminəm ki, Vaşinqton rəsmiləri Makrona, İsveçin, Norveçin, İtaliyanın baş nazirlərinə zəng edəndə, insan haqlarından danışmırlar, birbaşa məsələyə keçirlər, çünki müttəfiqdirlər. Azərbaycan kimi dövlətlərin başçılarına zəng edəndə insan haqları mövzusunu ona görə gündəmə gətirirlər ki, onların zəif məqamını tutub öz siyasi və iqtisadi maraqlarını həyata keçirsinlər. Bu, diplomatiyadır”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8tmsxo

Ən çox baxılan