Vahid Əhmədov: "Dünyada vəziyyət dəyişib, hegemon dövlətlər başqa dövlətlərə ciddi təzyiq edə bilmirlər"
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəd ərazilərə yerləşdirilir.
Məlumatı “Amerikanın Səsi” İranın “Sepahnews” saytına istinadən
yayıb
.
Bildirilib ki, briqadanın bölgədə yerləşdirilməsi “ölkənin ərazi bütövlüyünü və Xudafərin vilayətinin sakinlərini qorumaq” məqsədilə həyata keçirilib.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur da Xudafərin sərhəd bölgəsində olub.
O, jurnalistlərə bildirib ki, onların bu qərarının iki mesajı var: “Birincisi, əziz ölkəmizin insanlarının bölgədəki vəziyyəti güclü şəkildə izlədiyimizi və buna görə lazımi tədbirləri gördüyümüzü hiss etmələri, ikincisi isə bölgə ölkələrinə onların sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığımızı, bölgə ölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikası üçün qırmızı xətdir".
Siyasi icmalçı Zərdüşt Əlizadə İran İslam Respublikasının bu addımından narahat olmağa əsas görmür.
Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, Azərbaycan da atəşkəsə baxmayaraq, cəbhə zonasında qoşun saxlayırdı, çünki qarşı tərəfdə Ermənistan ordusu idi: “İndi də İranın sərhədboyu ərazisində müharibə gedir, hələ nəticəsi bilinmir, yəni o mənada ki Rusiya müdaxilə edəcək, ya yox? Belə olanda öz ərazisində qoşun saxlayırlar. Bunun bizə heç bir aidiyyatı yoxdur, qonşu və dost ölkədir, ən əsası ərazi bütövlüyümüzü tanıyır”.
Zərdüşt Əlizadə Məhəmməd Pakpurun “bölgə ölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikası üçün qırmızı xətdir" açıqlamasını belə şərh edib:
“Azərbaycan öz ərazisini qoruyur və qonşu dövlətlərin ərazisinə iddia etmir, nəhayət, heç bir dövlətlə də düşmənçilik niyyəti yoxdursa, hansı geosiyasətdən danışırlar?! Yəqin Məhəmməd Pakpur NATO-nun Azərbaycan ərazisinə gələcəyinə mənfi yanaşdığını işarə verir. Biz də NATO üzvü olmayacağımızı bildirmişiksə, burada hər hansı problem yaratmağa ehtiyac yoxdur”.
Milli Məclisin deputatı Vahid Əhmədov İran İslam Respublikasından hansısa təxribat olacağına inanmadığını bildirib:
“Artıq Azərbaycanın Dövlət Sərhəd Xidməti sərhəddə möhkəmlənibsə, hansısa problemin yaranacağını inandırıcı deyil. Bilirsiniz, bəzi dövlətlər Ermənistana kömək etmək istəyirlər. Ancaq artıq dünyada vəziyyət dəyişib, hegemon dövlətlər başqa dövlətlərə ciddi təzyiq edə bilmirlər. Bütün hallarda hökumət bunları nəzərə almalı, Dövlət Sərhəd Xidməti də ərazidə möhkəmlənmə işləri aparmalıdır”.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.
30 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını və Hadrut qəsəbəsini azad edib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.
Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.