Hüquq müdafiəçisi: ”Burada qərəzliliyi birbaşa hakim Tahir Qubadov özü edib”
Zərdab rayonu Məlikumudlu kənd sakini Sarənc Mehdiyevin problemi var. Hüquq müdafiəçisi Fuad Hüseynov deyir ki, məhkəmə onun barəsində qanunsuz qərar çıxarıb.
“Məhkəmələr müstəqildir. Bu tezisi Zərdab rayon Məhkəməsinin hakimi Tahir Qubadov özbaşınalıq kimi qəbul edib. O, dünyada analoqu olmayan, qanunsuz bir qərar çıxarıb. Vətəndaşa 10 gün inzibati həbs verib. Əsas gətirib ki, həmin vətəndaş Zərdab Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsinin icrasına qərəzli maneəçilik yaradıb” – deyir, hüquq müdafiəçisi.
Fuad Hüseynovun sözlərinə görə, həmin 13 may 2016-cı il tarixli qətnamə 2017-ci il tarixdə tam icra olunub. Cavabdehin tövləsi, toyuq hini sökülüb:
“Sual olunur, hakim Tahir Qubadov 13 may 2016-cı il tarixli qətnamənin icra olunmamış hansı hissəsini nəzərədə tutub. Yoxsa niyə belə qərar çıxararaq, günahsız insana 10 gün həbs cəzası verib? Burada qərəzliliyi birbaşa hakim Tahir Qubadov özü edib. Həmin vətəndaş hakimin qanunsuz əməllərindən Məhkəmə-Hüquq Şurasına şikayət etdiyi üçün onu bu yolla cəzalandırıb. Hakim bu qanunsuzluğu Zərdab rayon icra şöbəsinin rəisi Azad Əliyevlə əlbir edib. İcra məmuru hakimin sifarişi ilə məhkəməyə qanunsuz təqdimat verib. Azad Əliyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumudur. Məhkəmə hakimindən belə addım gözləmirdim”.
Fuad Hüseynov deyir ki, Sarənc Mehdiyev məhkəmənin bu qərarından apelyasiya şikayəti də verib. Ancaq apelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Meydan TV məsələyə hakim Tahir Qubadovun münasibətini öyrənə bilməyib.