Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib
Mayın 26-da Zəngilan rayonu ərazisində saxlanılan Ermənistan hərbçiləri – Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşotoviç məhkəmə qarşısına çıxarılıb. Onların işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri və hakimləri baxır.
Məhkəmənin iyulun 3-də keçirilən hazırlıq iclasında elan olunub ki, təqsirləndirilən şəxslər tərcüməçi ilə (Azərbaycan dilindən erməni dilinə və əksinə) təmin olunub. Çünki məhkəmə prosesi Azərbaycan dilində keçirilir.
İyulun 3-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin və zərərçəkənlərin hüquq və vəzifələri elan edilib, anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Harut Kavakimyan 1989-cu ildə Ermənistanda anadan olub, Gorus rayonunda yerləşən hərbi hissədə çavuş kimi müddətdən artıq xidmət keçirmiş.
Karen Qazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub. O da Gorus rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmət keçən hərbi qulluqçu olub.
Daha sonra zərərçəkmiş kimi tanınan Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarovun anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmişlər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Erməni hərbçilərin işi üzrə məhkəmə baxışı iyulun 5-ə təyin edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər təxribat-diversiya qrupunun üzvləri olub. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah-sursat qaçaqmalçılığı), 214 (terrorçuluq), 228 (qanunsuz silah saxlama), 283 (milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.
Ermənistan Müdafiə Nazirliyi isə saxlanılan hərbçilərin təxribat-diversiya qrupunun üzvləri olması, onların sərhəddə təxribat göstərməyə cəhd göstərməsi haqda Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:
“Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”.