Araz çayı üzərindən salınacaq körpü Naxçıvanla giriş-çıxışı asanlaşdıracaq
Oktyabrın 6-da Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycandan İrana Araz çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.
Layihə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisilə yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında Azərbaycan-İran hökumətlərarası memorandumuna uyğun olaraq həyata keçirilir.
Rəsmi məlumatda körpünün tikintisilə eyni vaxtda sərhəd-gömrük infrastrukturunun da yaradılacağı göstərilib.
Tədbirdə iqtisadi əməkdaşlıq üzrə ikitərəfli dövlətlərarası komissiyasının azərbaycanlı həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və komissiyanın iranlı həmsədri, yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş iştirak ediblər.
Onlar qeyd ediblər ki, yaradılan avtomobil və sərhəd-gömrük infrastrukturu obyektləri yükdaşımaların artırılmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasına giriş-çıxışı asanlaşdıracaq.
Tikinti başa çatdıqdan sonra yeddi zolaqlı avtomobil körpüsündən hər gün ən azı 1100 avtomobil keçə biləcək.