Zəmanədən kənarda

Ən Yeni Tariximizin gedişi bu danılmaz həqiqəti təsdiq edir.

Foto: Meydan TV


Cəmiyyətimizdə demokratiya potensialının zəifləməsi daha bir itkidir

Yutubun milli bölməsində ciddi canlanmadır.

Demokratik cinahın çekisti Sülhəddin bəy Əkbər 27 il mərdü-mərdanə susandan sonra 4 iyun 1993-cü il Gəncə üsyanı ilə bağlı bildiklərinin bir hissəsini cəmiyyətə açmaq qərarına gəlmişdir.

Mən video-çarxa baxdım və əmin oldum ki, son 30 il ərzində azı yüz dəfə dediklərimin çox az hissəsinin təsdiqindən savayı yeni heç nə eşitmirəm. Görünür, Sülhəddin bəy həqiqətin yalnız bu hissəsini açmaq izni almışdır.

Əvvəla, niyə 27 il susandan sonra indi? Nə baş verir ki?

Ümumi mənzərəyə tamaşa etdikdə informasiya məkanında Sülhəddin bəyin bu açıqlamasına təkan verə biləcək yeganə yeni amil kimi sabiq Baş nazir və Gəncə üsyanının rəhbəri Surət bəy Hüseynovun İsveçrədə yaşayan mühacir jurnalist Laçın Məmişovun “Marka Film Prodakşn” internet kanalına verdiyi üç geniş müsahibəsini görürəm.

Özü də ardı var…

Başqa səbəb yoxdur.

Surət bəy Hüseynovun danışdıqları onun siyasi rəqiblərinin böyük ciddi-cəhdlə quraşdırdıqları və ona yapışdırdıqları “vətən xaini” damğasını yerlə-yeksan edir. Üstəlik, Əbülfəz Əliyevi və onun dəstəsini çox bərbad bir surətdə təqdim edir.

Məncə, siyasi səhnəyə inhisar sahibliyinin başının üstünü alan real təhlükə tayfa mafiyasına hərəkətə gəlib növbəti ideoloji təxribat əməliyyatına başlamaq əmri verməsinin əsas səbəbidir.

Zira siyasi səhnənin tayfanın mafiya hakimiyyəti və tayfanın mafiya müxalifəti arasında ata malı kimi bölüşdürülməsi, zalım hakimiyyətdən narazı əhaliyə yeganə bədəl kimi hakimiyyətdən dəfələrlə səviyyəsiz müxalifətin təklif edilməsi Ulu öndərin öz varisi üçün düşündüyü ən səmərəli “təhlükəsizlik kəməri”dir.

Sabiq cəbhəkratlar 27 ildir ki, itirdikləri vəzifələrə ağı deyirlər.

Onları anlamaq o qədər də çətin deyil.

10 il elmi institutda işləyib beş dılqır məqalə yazmış və dissertasiya işini ortaya qoymaq üçün heç bir şansının olmadığını gözəl dərk etmiş Qəmbərov İsa gəlib ölkənin ikinci məqamına əyləşirsə və birinci məqamı gözləyirsə, belə əfsanəfi fürsətin əldən çıxmasına ağı deməmək mümkün deyil!

Elmi ateizm mövzusunda dissertasiyasını heç cür ərsəyə gətirə bilməyən, ürəyində raykom katibi olmaq kimi ülvi bir diləyi bəsləyən Hüseynov Pənah Azərbaycanın Baş naziri kürsüsünə yiyələndikdən sonra cənnətin Yer üzündə mövcudluğuna axı inanmışdı…

Kasıb və çoxuşaqlı naxçıvanlı ailəsinin övladı Məmmədov Qurban Sabirabadda vəkilliklə zindəganlıq edərkən heç ağlına belə gətirə bilməzdi ki, nə vaxtsa ölkə prezidentinin, özü demişkən, “təşkilati məsələlər üzrə köməkçisi” olacaq, sonra isə Bakıya köçüb burada, “heydərizmin” tüğyan etdiyi dönəmdə, yenə özü demişkən, dəyəri iki milyon dollardan artıq olan mülkün sahibinə çevriləcək.

Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təyinatla doğma Zəngilan rayonuna həkim işləməyə getməkdən qəti imtina edən, bunun əvəzinə belində tapança AXC-nin bütün kütləvi tədbirlərində “millət! millət!” bağırdığı üçün özünə “Millət Əli” ləqəbi qazanan Quliyev Əli AXC çevrilişindən sonra şəhərin elm və təhsil ocaqları ilə zəngin Nəsimi rayonunda yaşayan 180 min şəhərliyə rəhbər təyin edilirsə, ev-eşik sahibi olursa, belə müstəsna nadir fürsətə necə ağı deməmək olar?

Mən ömürlərində ağıllarına belə gəlməyən yüksək vəzifələrə yiyələnmiş yüzlərlə kəmsavad və zırrama cəbhədaşımın adını və gülməli karyera yüksəlişini təsvir edə bilərəm. Bu vücudların dövlət vəzifələrini qamarlaması və bundan faydalanması indiki hakimiyyət marallarının vəzifə talançılığından bircə şeylə fərqlənir ki, o zaman cəbhəçilər arasında beş-üç şərəfə və vicdana sadiq qalmış insan tapıldı, indikilər arasında isə bu əsla mümkün deyil!

Lakin AXC hakimiyyətinin simasını həmin nadir təmiz insanlar deyil, prezident, başqan və baş nazir müəyyənləşdirirdi!

Xalqı və Vətəni bada vermiş və xalq hərəkatını məsxərə hədəfinə çevirmiş bu təsadüfi adamlar yığnağı hansı əsasla özlərini “xalq hakimiyyəti” adlandırırlar, heç cür anlaya bilmirəm. Hüseynov Pənah, Qazıyev Rəhim, Həmidov İsgəndər, Əliyev Tahir və Hacıyev Fəhmin nə vaxtdan “xalq rəmzi” olublar?

Əgər onlar həqiqətən Azərbaycan xalqının rəmzidilərsə, onda Qarabağda erməni işğalçılarının at oynatması da tam qanunauyğun hadisədir.

Yox, əgər bu vücudlar tarixin gərdişi ilə tam təsadüfən hakimiyyətə gəlmişdilərsə, onda Qarabağa qayıtmağımıza ümid hələ də var.

İndi isə keçirəm mətləbə. Mətləb ondan ibarətdir ki, xalq hərəkatına soxulmuş və onun rəhbərliyini min bir fırıldaqla məngirləmiş dəstənin üzvlərinin zəmanədən, onun əsas tələblərindən zərrə qədər də xəbərləri yox idi. Fikir verirsinizsə, onların ağıları yalnız itirdikləri vəzifələr üçündür. Lakin mən bu zaman ərzində xalqımızın itkilərini başqa meyarlarla ölçərdim.

1.Azərbaycanın sənaye və elm potensialı, yüz minlərlə yüksək ixtisaslı fəhlə və mühəndisin iş yeri və müqəddəratı, yüzlərlə zavod və fabrikimizin nəhəng sovet məkanında qurulmuş qarşılıqlı kooperasiya və mübadilə əlaqələri, sənaye məhsulumuzun İttifaq və dünya bazarında payı. Biz bunu itirib Liviya və Kuveyt kimi sırf xammal ixracatçısına çevrilmişik. Milli “demokrat”lar arasında buna nəinki ağı deyən, bu ağır itkinin mövcudluğunu qanan belə yoxdur.

2.Cəmiyyətimizdə demokratiya potensialının zəifləməsi daha bir itkidir. Özlərini naməlum səbəbdən demokrat adlandıranların iddiasına rəğmən, demokratiya havasız məkanda yaşaya bilən vücud deyil. Quldarlıq və feodal cəmiyyətlərində müasir demokratiya ola bilməz! Müstəbid kolxoz quruluşu şəraitində böyümüş məxluqat möcüzə nəticəsində lapdan demokrata çevrilə bilməz! Osa-olsa, bu “demokrat” Pənah Hüseyn ola bilər!

Avropa alimləri iddia edirlər ki, demokratiya üçün institutlar və ənənələr olmalıdır. Hər hansı bir cəmiyyətdə demokratiyanın cücərməsi üçün adambaşına düşən illik gəlir 3 min avrodan az olmamalıdır, muzdlu əməkçilərin hüquqlarını müdafiə edən müstəqil həmkarlar ittifaqları, kiçik və orta sahibkarların hüquqlarını müdafiə edən müstəqil sahibkar birlikləri, qanunun aliliyini müdafiə edən müstəqil məhkəmə, dövlət müdaxiləsindən sığortalanmış azad mətbuat, mütəşəkkil və nüfuzlu vətəndaş cəmiyyəti təşkilatları, xalqın iradəsi ilə keçirilmiş və hakimiyyətin dinc əvəzlənməsinə gətirmiş azı üç seçki mərhələsi olmalıdır.

Bunların hansı birisi Azərbaycanda var? Olmuşdur? Hansı birisi üçün AXC çalışmışdır? Çalışdığı hakimiyyət davası və çevriliş olmuşdur. Demokratiya deyəndə dillərinə birinci “mitinq” gəlir…

3.Bizim millətçilər ümumiyyətlə gerçəkliyi dərk etmək, bu gerçəklikdə özlərinin və Azərbaycanın yerini və gücünü görmək və düzgün qiymətləndirmək qabiliyyətindən tam məhrum məxluqatdır. Onların siyasətdəki hər hərəkətini bu iddiamın düzgünlüyünün sübutu saymaq mümkündür. Sayımmı bir-bir?

-AXC-nin təsis konfransı ərəfəsində deyirdim ki, Əbülfəzin sədrliyi AXC-nin demokratik potensialını məhv edib son nəticədə hakimiyyətə Heydər Əliyevi gətirəcək. Onda mənim gözümü az qala ovacaqdılar, “peyğəmbər kimi təmiz adama böhtan atırsan” deyirdilər. Nə oldu?

-1989-cu ildə Əbülfəzin başçılığı altında baş alıb gedən zorakılıqları pisləyib deyirdim ki, nəticədə 9 aprel Tiflis modeli Bakıda baş verəcək, AXC əliyalın xalqı qəddar Sovet Ordusu ilə toqquşmaya sürükləyəcək. Üç dəfə AXC İdarə Heyətində bu barədə məruzə edib etinasızlıqla rastlaşmışam, sonuncu dəfə 1990-cı ilin yanvar ayının 7-də AXC-nin ikinci konfransında bir neçə yüz cəbhəçiyə “bəylər, mən zordan, qandan və məğlubiyyətdən qorxuram” demişəm. Əvəzində Əbülfəzin işarəsi ilə bir dəstə nadan ayağa qalxıb mənə “satqın, qorxaq” bağırıb.

7 gündən sonra Bakıda erməni talanı, 14 gündən sonra xalq hərəkatına ölümcül zərbə endirmiş “20 Yanvar” qırğını baş verdi. Nə oldu? Cəbhəçi bəylər misilsiz həyasızlıqla bu faciə, məğlubiyyət və təxribatı “xalqın qəhrəmanlıq dastanı” adlandırdılar.

Xalq arasında nüfuzunu itirmiş AXC 1990-cı il parlament seçkisində şəksiz qələbə əvəzinə “tula payı” kimi miskin 8% yer aldı.

-Cəmiyyətdə mətin dayağı olmayan zavallı prezident Mütəllibov AXC-nin vəzifə hərislərinə hakimiyyətdə iştirak, koalision hökumətin şir payını təklif edəndə ASDP AXC marallarına deyirdi ki, razı olsunlar. Mütəllibov parlamenti AXC-yə artıq vermişdi, Nazirlər Kabinetində müdafiə, təhlükəsizlik, daxili və xarici işlər nazirləri vəzifələrindən savayı bütün vəzifələri AXC-yə təklif edirdi. Cahil vəzifə hərisləri razı olmayıb Mütəllibovu devirdilər. Nə oldu? Heydər Əliyev hakimiyyətə qaydıb AXC-ni də, xalqı da zəlil etdi.

-AXC hakimiyyətdə olanda dəfələrlə dedim ki, MDB-yə girin, bu beynəlxalq təşkilatın müstəqilliyimiz üçün zərrə qədər təhlükəsi yoxdur. Bu təşkilata girməsək, itkilərimiz ağır olacaq. AXC nadanları bu dəfə də mən deyəni deyil, bilduklərini etdilər. Nə oldu? AXC hakimiyyəti, Azərbaycan Qarabağı itirdi. Sonra Azərbaycan Heydər Əliyev dövründə MDB-yə daxil oldu.

-1992-ci ilin avqust ayının 8-də yazdım ki, Ermənistana güzəştli barış təklifi verin, DQMV-nin statusunu bərpa edin, Laçın yolunu beynəlxalq nəzarətə verib münaqişəni bitirin. Etməsəniz, Azərbaycan Dağlıq Qarabağı da, ətraf rayonları da itirəcək. Həmin vaxt, sən demə, Levon Ter-Petrosyanın qasidi Aşot Bleyan həmin təkliflə Bakıya varid olub AXC-nin strateju düşüncə sahibi İsa Qəmbərlə görüşübmüş, həmin təklifi veribmiş. İsa bəy də ona “yox” deyibmiş.

Millətçilər “Dayanmaq vaxtıdır” məqaləmə görə mənə “satqın” dedilər.

Bir ildən sonra mən deyən çin çıxdı. Dağlıq Qarabağı da, ətraf rayonları da itirdik. Nə oldu? Millətçilərin vicdanı qımıldanmadı belə. Olmayan vicdan necə qımıldana bilər?

-Prezident Əbülfəz Əliyevə xitabən tələb etdim ki, mənim DTK-da olan dosyem açılsın! Lakin özünün də, AXC İH-nin qalan 14 üzvünün dosyesi də açılsın! Nə oldu? Açmadılar.

Bunun əvəzinə indi Yutubda bir-birinə yağlı “agent” damğasını vururlar.

Əminəm ki, AXC-nin rəhbərliyinin azı 50%-i, başda Əliyev Əbülfəz Qədirqulu oğlu olmaqla, DTK agenti idi.

Ən Yeni Tariximizin gedişi bu danılmaz həqiqəti təsdiq edir.

Mənim bu dediyim, yazdığım həqiqətləri qəbul etməyən, qanmayan məxluqat şübhəsiz ki, cənnətə düşəcək.

Niyə? İncildə yazılıb ki, ağıldan kəm adamların yeri behiştdir.

Amin!

Ana səhifəXəbərlərZəmanədən kənarda