Zəlzələdən zərərçəkən: Məcburi köçkünəm, gəlməyəm deyə ayrı-seçkilik edirlər

“Mən indi evi təkrar hansı pulla tikim?”

Source: Specify Source


Kəlbəcərli məcburi köçkün zəlzələdən ziyan görmüş evinin tikilmədiyini deyir

“Məcburi köçkünəm, elimdən-obamdan didərgin düşmüşəm. O cür evimi erməni əsirliyində qoyub gəlmişəm. Zəlzələdən sonra Şamaxıda tikdiyim ev də uçub. Əgər evimi tikmək istəmirlərsə, torpağımı qaytarsınlar, gedim öz evimdə yaşayım”.

Bu sözləri Meydan TV-yə Şamaxı rayonu, Həmyəli kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün Məhər Cəfərov deyir. Söyləyir ki, ötən ilin əvvəlində baş vermiş zəlzələdə yeni tikdiyi ev qəzalı vəziyyətə düşüb. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyinə baxmayaraq, ev problemini həll etmirlər:

“1993-cü ilin aprelin 4-dən burada məskunlaşmışıq, artıq 27 ildir. O vaxt Həmyəli kəndində xəstəxana tikildi, lakin istifadəyə verilmədi, məcburi köçkünlər yerləşdirildi. İllər əvvəl həmin bina qəzalı vəziyyətə düşəndə, o vaxtkı icra başçısı binanın üstünü sökdürdü ki, yaşamaq təhlükəlidir. Bundan sonra da orada məskunlaşan adamlar Bakıya və başqa rayonlara getdi. Biz isə Həmyəlidə qaldıq, mərhum həyat yoldaşım xəstə idi, ona ancaq buranın havası düşürdü. Kəlbəcərdən çıxandan sonra neçə rayonda yaşadıq, rəhmətlik yoldaşım düzəlmədi, axırda bura köçdük. Həmyəlinin havası Kəlbəcərin havasına oxşayır”.

73249619_3226201000755672_2509175144782495744_n.jpg
“Dəfələrlə aidiyyatı qurumlara müraciət etməyinə baxmayaraq, ev problemini həll etmirlər”

Şikayətçi deyir ki, evi fasilələrlə inşa edib. Tikinti başa çatdıqdan sonra bir müddət yeni evdə yaşayıblar:

“Elə bil, bəla üst-üstə gəldi, qəfil həyat yoldaşım vəfat etdi. Ardınca da zəlzələ evi yaman günə qoydu. Bu evi həyat yoldaşımla ikimizin pensiya puluna tikmişəm. Elə bilirsiniz ki, bir ilə tikmişəm? Xeyr, hissə-hissə, əziyyətlə başa gəlib. Gördüyünüz, uçub-dağılmış beton xəstəxana binasında yaşaya-yaşaya tikmişəm. Bu ay bir maşın daşını almışam. Gələn ay bir maşın qumunu almışam. Üstündən neçə ay keçib, çatdırmamışam, dördüncü ay sementini almışam. Hazırda iki yüz iyirmi manat pensiya alıram, o pul heç müalicəmə, dərmanlarıma çatmır.

Ev zəlzələdən yararsız vəziyyətə düşüb, divarlar tamamilə bir-birindən aralanıb. Kim istəyər ki, təzə tikdiyi ev bu günə qalsın? Yeni evdir, hətta karnizləri yenicə vurulmuşdu. Zəlzələ oldu deyə pərdələr taxılmadı. Zəlzələdən sonra, 2019-cu il fevralın 29-da Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etdim. Evə ilk baxış 2019-cu ilin avqust ayının ortalarında olub. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi və icra başçısının birinci müavini Qasım Qasımov gəlib evə baxdı, təmir yazdılar. Bir müddət sonra baxdım ki, getdikcə evin divarındakı çatlar daha da açılır, böyüyür. Divarların vəziyyətini görüb, təkrar Fövqəladə Hallar Nazirliyinə məktub yazdım. Həmçinin düz dörd dəfə Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlamışam. İkinci dəfə sentyabrda gəlib təkrar evə baxdılar. Üçüncü dəfə oktyabrda təkrar gəldilər. Mən anlaya bilmirəm, hər dəfə təkrar-təkrar baxmağın nə mənası var? İkinci baxışda dedilər ki, ev təmirə yararszıdır, görək neyniyirik. Təkrar gedib, müraciət etdim, sonuncu dəfə isə dedilər ki, bu ev nə təmirə, nə də bərpaya yararlı deyil. Sökülüb, yenidən tikilməlidir. Bunu deyib, o gedən gediblər”.

74565836_3226182380757534_8428459292142600192_n.jpg
Məhər Cəfərov Həmyəli kənd xəstəxanası qarşısında

Şamaxı Rayon İcra Hakimiyyəti Sənədlərlə və vətəndaşların müraciətləri şöbəsindən Məhər Cəfərova evin təmiri ilə bağlı aktın ləğv olunmasına dair sənəd verilib. Bildirilib ki, sənəd Zəlzələ bölgəsi üzrə Qərargahına təqdim olunmalıdır:

“Sənədi icra hakimiyyətindən Səlim Ağayev vermişdi. Mən də kağızı aparıb, Zəlzələ bölgəsi üzrə Qərargahında Elşən adlı bir şəxsə təqdim etdim. Həmin vaxt hətta qərargahın rəisi Həsən Qasımzadənin qəbulunda oldum. O da dedi ki, akt Bakıya göndəriləcək, narahat olma. İndi isə məndən soruşurlar ki, nə akt, hansı akt? Bizim heç bir aktdan xəbərimiz yoxdur. Həmin aktı nə ediblərsə, yoxa çıxıb.

On beş-iyirmi ildir yaşayışı olmayan evləri söküb, yenidən tikirlər. Məcburi köçkünəm, gəlməyəm deyə ayrı-seçkilik edirlər. Deyirlər ki, guya bizə Şamaxıda yox, Kürdəmirdə ev veriləcək. Atamın-anamım, doğmalarımın qəbirləri qalıb erməni əsirliyində. İndi də həyat yoldaşımın, şəhid qohumlarımın qəbri Şamaxıdadır. İndi onları burada qoyub, hansısa rayona məcburi köçkün düşək? Yerlilərin evini tikdikləri kimi gəlib mənim evimi də tiksinlər. 85 yaşım var, özüm də Azərbaycan vətəndaşıyam. Başqa ölkədən gəlməmişəm. İyirmi beş il bir igidin ömrüdür. Övladlarım Şamaxıdan evləniblər. Mən indi evi təkrar hansı pulla tikim? Prezident qərar verib, evlər tikilməlidir. Həsən kimiləri gəlib, burada bir qərar verməklə deyil. Yaşlı, xəstə adamam, qorxudan evimdə qala bilmirəm. Hər an uçma təhlükəsi var. Həm də divarlarda dərin çatlar var, evi qızdırmaq da mümkün deyl. Hazırda qızımın evində yaşayıram. Halal haqqımı tələb edirəm, evimi tikib mənə versinlər”.

h__my__li_k__nd_x__st__xana_binasi__1_.jpg
Məhər Cəfərov əvvəl bu evdə yaşayıb

Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə Meydan TV-yə bildirib ki, əgər həmin vətəndaş tərəfindən akt verilibsə, evə təkrar baxış üçün komissiya göndəriləcək:

“Narahatlığa heç bir əsas yoxdur. Həmişə ilikin baxışda qayda olaraq komissiya tərəfindən evə təmir yazılır. Sonradan təmir edən briqadalar evə gedirlər, əgər təmirə yaramırsa, onu aktlaşdıraraq, ya bizə – Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, ya da Fövqəladə Hallar Nazirliyinə təqdim edirlər. Bundan sonra komissiya üzvləri həmin evlərdə təkrar baxış keçirib, vəziyyəti yenidən araşdırırlar. Əgər ev doğrudan da təmirə yararsızdırsa, kateqoriyası dəyişdirilir. Onu da deyim ki, evlərə bir-bir baxış keçirilmir. Təxminən 20-30 ev yığılır, bundan sonra Bakıdan bölgəyə komissiya gedir. Hər bir vətəndaş üçün hər dəfə ora gedib-gəlmək bir az problemlidir. Onu da deyim ki, hazırda komissiyalar fəaliyyətini dayandırıb. Ötən ilin iyul ayının 1-dək hansı vətəndaşlar müraciət edibsə, biz evlərində olmuşuq. Hələ ki, təmir-bərpa və tikinti işləri aparılır. Komissiyalarımız evlərə rayon icra hakimiyyətləri tərəfindən təsdiq olunaraq bizə verilmiş siyahılar üzrə üvanlara gedib, qiymətləndirmə aparırıq”.

Ana səhifəBölgəZəlzələdən zərərçəkən: Məcburi köçkünəm, gəlməyəm deyə ayrı-seçkilik edirlər