Artıq qəzalı evdə yaşamaq onlar üçün təhlükəli hal alıb

Mənbə: Foto: Meydan tv

Başlıq: Artıq qəzalı evdə yaşamaq onlar üçün təhlükəli hal alıb

“Zəlzələdən 7 il keçib, hələ də evimizi tikmirlər”

Balakən rayon sakini təhlükəli vəziyyətdə yaşadıqlarını deyir

“7 il əvvəl baş verən zəlzələdə evimiz uçub. İllərdir bir otağın içində 8 nəfər yaşayırıq. Kənddə tikilməmiş 4 qəzalı ev qalıb, biri bizimdir. Hələ ki, bizim evimizi tikmirlər”.

Balakənin Qazma kəndində yaşayan 57 yaşlı Şümeysət Əliyeva belə deyir. Bildirir ki, dəfələrlə evlərinə gəlib baxıblar, şəkillərin çəkiblər, qəzalı rəyi də veriblər, ancaq ev tikməyi günü-gündən uzadırlar. Artıq qəzalı evdə yaşamaq onlar üçün təhlükəli hal alıb:

“Deyirlər: “bəli, qəzalıdır”. Ancaq tikmirlər, uzadırlar. Nəticədə, biz 7 ildir ki, həmin qəzalı evdə yaşayırıq. Müraciət etmədiyimiz yer də qalmayıb. Kənd bələdiyyəsi, icra hakimiyyəti, hətta Fövqəladə Hallar Nazirliyi, hamısına yazmışıq. Hamısı da deyir ki, tikiləcək, narahat olmayın. Biz də gözləyirik”.

7 il əvvəlki zəlzələnin fəsadları aradan qaldırılmayıb?

2012-ci il mayın əvvəli Zaqatala və Balakən rayonlarında daha çox hiss edilən zəlzələ olmuşdu. 7 bala çatan zəlzələ Azərbaycanın bir xeyli rayonunda, Qax, Şəki, Oğuz, Qazax, Tovuzda da hiss edilmişdi. Xüsusən, Zaqatala və Balakəndə bir neçə kənddə ciddi dağıntılar yaranmışdı. Hələ o vaxtdan bir xeyli qəzalı ev qeydə alınaraq, yenidən tikilmiş, əsaslı təmir edilmişdi.

"Müraciət etmədiyimiz yer də qalmayıb"

"Müraciət etmədiyimiz yer də qalmayıb"

Mənbə: Foto: Meydan tv

“Böyük-kiçik hamımız canımızdan bezmişik”

Şümeysət Əliyeva deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Evin bütün otaqlar sıradan çıxıb. Cəmi 1 otaq qalıb, orada da çox çətinliklə, birtəhər yaşayırlar:

“Ailəmiz 8 nəfərdən ibarətdir. 2 oğlum, 2 qızım, 2 nəvəm, yoldaşım və mən. Oğlumun biri Bakıda ofisiantlıq edir, orada yaşayır. Qalan 7 nəfər bir otağın içində qalırıq. Bunun nə demək olduğunu anlayırsız? Eyni otaqda yeyir, yatır, yemək bişiririk. Üstəlik, 2 uşaq var. Bu bir otağın içində dərs oxumalı, boş vaxtlarını keçirməlidirlər. Böyük-kiçik hamımız canımızdan bezmişik”.

“Faktiki kənddə dağılmış bir çox ev tikildi”

Şikayətçi deyir ki, 7 ildir gözləyirlər, artıq səbirləri qalmayıb. Uşaqlar böyüyüb, böyüklərin yaşı artdıqca, bir otaqda yaşamaq çəkilməz olub:

“Faktiki kənddə dağılmış bir çox ev tikildi. Qaldı, 6 qəzalı ev. Onlardan da ikisini tikməyə başlayıblar. Qalıb 4-ü. Bir az tezləşdirsələr, nə olar ki? Kim bu şəraitdə 7 il yaşayar? Vallah pulumuz olsa, bu zülmə dözmək məcburiyyətində qalmazdıq”.

"Faktiki kənddə dağılmış bir çox ev tikildi"

"Faktiki kənddə dağılmış bir çox ev tikildi"

Mənbə: Foto: Meydan tv

“7 nəfər təkcə Bakıda işləyən oğlumun ümidinəyik”

Şümeysət Əliyeva deyir ki, ailəsinin maddi durumu da yaxşı deyil. Yoxsa öz imkanları ilə evlərini tikib, bitirərdilər. Necə ki, bunu çoxu etdi:

“8 nəfərik. Bir oğlum dediyim kimi, Bakıdadır. Digəri kənddə fəhləlik edirdi. Bu yaxınlarda həkim dedi ki, olmaz. Belində problem var, ciddidir. İndi oturub evdə. Qızım da işləmir, 2 uşaqla ayrılıb, evi yoxdur, bizimlə yaşayır. Yoldaşım və mən də yaşlı adamlarıq, həm işləmirik, həm də istəsək belə, iş nə gəzir? Təkcə Bakıda işləyən oğlumun ümidinəyik. 5 böyük, 2 uşaq, hamımıza o baxır”.

“Cavab gəlib ki, tikiləcək, narahat olmayın”

Ailə yaşayışları, problemləri ilə bağlı dəfələrlə kənd icra nümayəndəliyinə, bələdiyyəyə, Balakən Rayon İcra Hakimiyyətinə müraciət edib. Hətta Bakıya, Fövqəladə Hallar Nazirliyinə də dəfələrlə məktub göndəriblər:

Şikayətçi deyir ki, 7 ildir gözləyirlər, artıq səbirləri qalmayıb

Şikayətçi deyir ki, 7 ildir gözləyirlər, artıq səbirləri qalmayıb

Mənbə: Foto: Meydan tv

“Cavab gəlib ki, tikiləcək, narahat olmayın. O tikilən, bu tikilən, artıq çox narahatıq. Evdə 2 xəstə var. Çətindir bir otağın içində. Nəvəmin ürək çatışmazlığı var. Mən də ürək xəstəliyindən, yüksək təzyiqdən əziyyət çəkirəm. Yaşam şəraitimizi yaxşılaşdırsınlar heç olmasa”.

“Ev 40-cı illərdə, otaq isə 60-larda tikilib”

Şümeysət Əliyeva deyir ki, hazırda qaldıqları bir otaq da yaxşı durumda deyil. Ev ötən əsrin 40-cı, otaq isə 60-cı illərdə tikilib:

“Mən gəlin gələndə bu otağı artırıblar. Digər hissələrlə arasında 10-15 il fərq olduğundan hər tərəf uçub, bura qalıb. Yoxsa çöldə qalardıq”.

Balakən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əgər ailəyə “eviniz tikiləcək” - deyilibsə, deməli, tikiləcək, narahat olmasınlar. Sadəcə illər öncə olan zəlzələdə çox sayda dağılmış ev olub:

“Görünür, onların evi hardasa yaşanası durumda olduğundan sona saxlanıb. Bəzi evlər isə zəlzələdə sarsılmışdı, sonradan dağılmağa başladı. Belə faktlar da var. Hər bir halda, proses gedir, həqiqətən evləri zəlzələdə uçub və qeydiyyata alınıbsa, tikiləcək”.

"Mən gəlin gələndə bu otağı artırıblar"

"Mən gəlin gələndə bu otağı artırıblar"

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9qq5vg

Ən çox baxılan